Rusiya BMT qətnaməsini tanımır Dünya

Rusiya BMT qətnaməsini tanımır

Kreml dünya birliyi ilə hesabalaşmadığını və təcavüzkar siyasətindən əl çəkməyəcəyini nümayiş etdirdi

BMT Baş Assambleyasının səs çoxluğu ilə ötən gün qəbul etdiyi qətnaməyə əsasən, Krımda keçirilmiş referendum qanunsuz hesab olunub. Qətnamənin qəbul olunmasına Azərbaycan da daxil olmaqla 100 ölkə lehinə, Ermənistan da daxil olmaqla 11 ölkə isə əleyhinə səs verib. Özbəkistan və Qazaxıstan da daxil olmaqla 58 ölkə bitərəf qalıb.
Qətnaməyə əsasən, Baş Assambleya vurğulayır ki, Krım Muxtar Respublikasında və Sevastopolda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumun qanuni qüvvəsi olmadan Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunun dəyişdirilməsinə əsas ola bilməz.
BMT Baş Assambleyası bütün dövlətləri, beynəlxalq təşkilatları və xüsusiləşdirilmiş qurumları Krım və Sevastopolun statusunun dəyişdirilməsini tanımamağa çağırıb və istənilən status dəyişikliyinin tanınması kimi qələmə veriləcək hər-hansı addımlardan çəkinməyə çağırıb.
Qətnaməyə əsasən, Baş Assambleya Ukraynanın beynəlxalq səviyyədə tanınmış suverenliyi, siyasi müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib.
Dünən Ali Radanın plenar iclasında Ali Radanın sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukrayna dövlətinin bütün sivil dünyaya ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
O qeyd edib ki, BMT Baş Assambleyasında qəbul olunan qətnamə Ukrayna üçün çox vacibdir.
Rusiyanın təcavüzünü pisləyən A.Turçinov bildirib ki, dünyanın bir çox ölkələri BMT Baş Assambleyasında Ukraynaya tam dəstəyini ifadə edib: "Bütün sivil dünyanın dəstəyi və BMT-nin bu qərarı ölkəmiz üçün əhəmiyyətlidir".
Lakin Rusiya BMT Baş Assambleyasında 100 ölkənin dəstəklədiyi qətnaməni heçə sayır. Rusiya XİN bəyan edib ki, BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnaməsi faydasızdır: "Baş Assambleyanın Ukrayna qətnaməsi ilə bağlı təşəbbüsü Ukraynadakı böhranın həllinə yardımı yalnız çətinləşdirəcək. Beynəlxalq ictimaiyyətin müstəqil düşünən üzvlərini bu ölkədəki vəziyyətin sabitləşdirilməsi üçün real təsir göstərməyə və Krım əhalisinin iradəsinin sərbəst ifadəsinin nəticələrinə hörmətlə yanaşmağa çağırırıq. Bunu inkar etmək mənasızdır".
Bu arada ABŞ Dövlət Departamenti hərbi və ikili təyinatlı məhsulların Rusiyaya satışına məhdudiyyətlər tətbiq edib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Mari Harf bildirib ki, Dövlət Departamenti həmçinin Rusiyaya müdafiə təyinatlı malların və xidmətlərin ixracına icazə verən lisenziyaların verilməsini də dayandırıb. Mari Harf qeyd edib ki, bu qərar hələ martın 24-də qəbul olunub. Bu qaydalar məsələ ilə bağlı yeni qərar verilənədək qüvvədə olacaq.
ABŞ-da ixrac əməliyyatlarına nəzarəti həyata keçirən Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu 2013-cü ildə həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunan ikili təyinatlı müxtəlif məhsulların Rusiyaya satışını nəzərdə tutan 1832 kontraktın reallaşdırılmasına icazə verib. Sazişlərin ümumi dəyəri 1,491 mlrd. dollar təşkil edib.
Rusiyaya ixrac olunan bu tip mallar sırasında polis dəbilqəsi, optik nişangah, pompalı tüfənglər üçün patron, barmaq izlərinin götürülməsində istifadə olunan boya, lazerlər, optik sensorlar, xüsusi təyinatlı avtomaşınlar və bir çox digər məhsulları qeyd etmək olar.
Ukrayna isə Rusiya qazının Avropa Birliyinə tranzitinin dayandırıla biləcəyi barədə xəbərdarlıq edib. Ukraynanın energetika naziri Yuri Prodan AB-in energetika üzrə komissarı Günter Ottingerə ünvanladığı məktubda Rusiya və Ukrayna arasında "qaz münaqişəsinin" qarşısının alınması üçün yaxın iki-üç gün ərzində xüsusi qrupun yaradılmasını təklif edib.
Nazir qeyd edib ki, AB ərazisindən - Polşa, Macarıstan və Slovakiyadan Ukraynaya qaz tədarükünün həyata keçirilməsi qeyd olunan təhlükənin aradan qaldırılmasına kömək edəcək. Prodan Rusiya tətbiq edəcək yeni qiymətlərdə Xarkov sazişində qeyd olunmuş güzəştləri nəzərə almayacağını da qeyd edib.
"AB ölkələrindən Ukraynaya qaz tədarükünü təşkil etməyə çox az vaxt qalıb. Əgər biz bu problemi tez bir zamanda həll edə bilməsək 2009-cu ildə yaşanmış "qaz münaqişəsinin" təkrarlanacağını proqnozlaşdıra bilərik. Bu münaqişə qərb istiqamətində qazın nəqlinin Rusiya tərəfindən tamamilə dayandırılması da daxil olmaqla, eyni ssenari üzrə meydana gələcək və eyni fəsadlara gətirib çıxaracaq", deyə nazir məktubda vurğulayıb.
Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinin davam etdiyi bir vaxtda ölkənin sabiq prezidenti Viktor Yanukoviç yenidən peyda olub və Ukrayna xalqına müraciət edib.
Yanukoviç ölkəsinə qarşı xəyanətkar mövqeyini dəyişməyib və bölgələri növbədənkənar prezident seçkiləri əvəzinə referendum keçirməyə çağırıb və iddia edib ki, "yalnız ümumrespublika referendumu ölkədəki siyasi durumu sabitləşdirə və bununla da ölkənin suverenliyini qoruyub saxlaya bilər".
Son aylarda Ukraynada baş verənləri silahlı dövlət çevrilişi adlandıran Yanukoviç çevrilişi terrorçu qrupların silahı ilə müxalifətin etdiyini bildirib. Onun sözlərinə görə, bu işdə bəzi Qərb dövlətlərinin əli olub.
"Hazırda ölkənin cənub-şərqində baş qaldıran etiraz dalğası əhalisinin sayı böyük olan sənaye bölgəsinin silahlı dövlət çevrilişinə təbii reaksiyasıdır. Özlərini rəhbər elan edənlər Ukrayna vətəndaşlarının səsvermə hüququnu əlindən ala bilməzlər. Ölkəmizdə baş verən anarxiyanın demokratiya ilə heç bir əlaqəsi yoxdur. Prezident kimi hər bir Ukrayna vətəndaşına səslənirəm: imkan verməyin sizdən istifadə etsinlər!".
Maydan liderlərinin hakimiyyətə silahlı şəxslərin çiynində gəldiyini deyən Yanukoviç qeyd edib ki, məhz bu silahlı qruplaşmalar və qeyri-adekvat dövlət idarəçiliyi xalqın dərhal reaksiya verməsinə səbəb olub: "Nəticədə Ukrayna Krımı itirdi".
Yanukoviç bir daha Avropa Birliyi ilə assosiativ sazişin imzalanmamasının səbəblərini izah etməyə də çalışıb.
"Rusiya xəbərdar etdi ki, Avropa Birliyi ilə saziş imzalansa, o, öz bazarını qoruyacaq və Ukrayna üçün gömrük tariflərini artıracaq. Bu isə Ukrayna müəssisələrinin fəaliyyətinin dayandırılması demək idi. Nəzərə alsaq ki, həmin müəssisələrdə 7-8 milyon nəfər, yəni ölkənin əmək qabiliyyətli əhalisinin yarısı çalışır, bu, faciə olacaqdı. Faktiki olaraq avropalı tərəfdaşlarımıza fasilə təklif edib AB-Ukrayna-Rusiya formatında görüş keçirməkdən başqa çıxış yolumuz yox idi. Bunu etmək məcbur idim. Həmin variantda bu sazişi imzalaya bilməzdim, çünki o, Ukrayanın milli maraqlarına uyğun deyildi", - deyə o vurğulayıb.