Avropanın “miqrant problem” Dünya

Avropanın “miqrant problem”

Avropa Birliyi ölkələrinin liderləri Brüsselə toplaşıblar

Cavid

Liviya sahillərində oktyabrın 24-də 40 miqrantın meyiti aşkarlanıb. Bu barədə "Assoşieyted Press" beynəlxalq "Qızıl Aypara" cəmiyyətinə istinadən məlumat yayıb. Təşkilatın nümayəndəsi Məhəmməd əl-Masratinin bildirdiyinə görə, 27 meyit Zliten şəhəri yaxınlığında, qalanları isə paytaxt Tripoli və Homs şəhərləri arasındakı sahil zolağı boyu aşkarlanıb. Onun sözlərinə görə, batan qayıqda olan daha 30 miqrantın axtarışları davam etdirilir. Məhəmməd əl-Masratinin qeyd edib ki, ölənlərin əksəriyyəti Avropaya getmək niyyəti ilə Afrikanın müxtəlif ölkələrindən Liviyaya gəlmiş miqrantlardır.
Onu da qeyd edək ki, qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, bu il Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib, onlardan 181500 nəfəri Yunanıstana, 108500 nəfəri isə İtaliyaya daxil olub. Qurumun 2015-ci il iyul ayının sonuna olan statistikasına görə, il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Bura Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir.
Avropaya üz tutan qaçqınların artan siyahısına paralel olaraq, Aralıq dənizini qayıqlar və gəmilərlə keçməyə çalışanların yüzlərlə qadın və uşaq da daxil olmaqla bir qisminin suda boğulması xəbərləri də son bir neçə ildə artmaqdadır. 2011-ci ilə qədər Aralıq dənizini keçərkən qəzalar və digər səbəblərdən ölənlərin sayı il ərzində 500 nəfər ətrafında dəyişirdisə, Yaxın Şərqdə çevriliş və müharibə dalğasının baş qaldırdığı dövrdən etibarən bu göstərici 1500 nəfəri ötüb.
2014-cü ildə isə dənizdə ölənlərin sayı 3500 nəfərə çatıb. Son həftələrdə 10 min nəfərdən artıq qaçqın, sərhədçilərin mane olmaq cəhdinə baxmayaraq, Yunanıstandan Makedoniyaya keçiblər. Ümumiyyətlə, miqrantların bir qismi Yunanıstan və İtaliyaya çatdıqdan sonra Makedoniya, Serbiya, Macarıstan kimi ölkələrin ərazisindən keçərək Almaniya, Fransa, Skandinaviya ölkələri kimi daha inkişaf etmiş, yaxud miqrasiya siyasəti daha yumşaq olan ölkələrə üz tuturlar. Suriyalı qaçqınların qəbulunda ABŞ yükün nisbətən az bir hissəsini üzərinə götürüb. Məlumatlara görə, ABŞ 2016-cı ildə 5-8 min arası suriyalı qaçqını qəbul etmək niyyətindədir.
İndiyə qədər isə BMT-nin qaçqınların işi üzrə komissarlığının tövsiyəsi ilə 15 min qaçqını qəbul edib. 2015-ci ildə isə 1-2 min arası qaçqının ölkəyə qəbulu planlaşdırılıb. BMT-nin açıqlamasına görə, bu ilin iyul ayında suriyalı qaçqınların sayı 4 milyon nəfəri keçib. Onların əksəriyyəti Türkiyə, İordaniya, Livan kimi region ölkələrində yerləşiblər. Lakin bu ölkələrin qaçqınlara verə biləcəyi sığınacaq və təminatın məhdudluğu, miqrantların isə durmadan artması Avropaya üz tutanların sayını yüksəldir. Həmçinin, qaçqınlar Aralıq dənizi ilə qarşı tərəfə keçə bilmək üçün çox zaman məhz İŞİD silahlılarının razılığını almaq, bunun üçün isə onlara adambaşına 3-4 min dollara qədər məbləğ ödəmək məcburiyyətində qalırlar.
Yeri gəlmişkən Brüsseldə 10 Avropa Birliyi ölkələrinin liderləri Albaniya, Serbiya və Makedoniyadan olan həmkarları ilə birgə qaçqın böhranı ilə bağlı təcili toplantı keçirir. Məsələ ilə bağlı bir neçə variant nəzərdən keçirilir. Onların arasında yaxın həftələr ərzində miqrantların ən çox olduğu sərhədyanı zonalarda, o cümlədən Sloveniyada 400-dən artıq sərhədçinin yerləşdirilməsi, həmçinin, Yunanıstan sərhədlərinin mühafizəsinin gücləndirilməsi də var. Almaniya kansleri Angela Merkel bildirib ki, mövcud durum Avropa Birliyi çərçivəsindən çıxan qərar tələb edir və bu qərar Türkiyəni də ehtiva etməlidir. Avropa Komissiyasının sədri Jan Klod Yunker isə miqrant axınının daha böhranlı olduğu ölkələri qaçqınları sadəcə, öz qonşularına ötürməkdənsə, miqrantların qeydiyyatı prosesində iştiraka çağırıb.