Amerikanın Suriyadakı vəziyyətə müdaxilə etməmək siyasəti Dünya

Amerikanın Suriyadakı vəziyyətə müdaxilə etməmək siyasəti

Obamanın izlədiyi siyasət bu qədər məqsədyönlü deyil

Cavid

Rusiyanın Suriyanın vətəndaş müharibəsinə cəsur girişi onun rəhbərliyi üçün yaxşı nəticələnməyə bilər. Ancaq bu günlərdə Yaxın Şərqdə istənilən tərəf məğlubiyyətlə üzləşə bilər. Rusiyanın müharibəyə daxil olmaqla məğlub ola biləcəyi kimi, ABŞ da müdaxilə etməməklə məğlub ola bilər – ya da daha dəqiq desək, ölkədə əsaslı, məqsədyönlü siyasət izləyə bilməməklə.
Nəticəsi istər yaxşı, istərsə də pis olsun, Rusiyanın Suriyadakı siyasəti təkcə bir məqsədi yox, eyni zamanda bu məqsədə çatmaq üçün nəzərdə tutulan real bir strategiyanı əks etdirir. Rusiya Prezidenti Vladimir Putin danışıqlar üçün Moskvada Suriya Prezidenti Bəşər əl-Əsədlə görüşməklə bu strategiyanı irəli apardı. Rusiyanın Bəşər Əsədin düşmənlərindən bəzilərini zəiflətməsilə Kreml növbəti siyasi tənzimləmələrin müzakirə edilməsinin vaxtının gəlib çatdığına qərar verib. Daha dəqiq desək, Əsədə növbəti tədbirlər haqqında xəbər verməyin vaxtı.
"Project-syndicate" yazır ki, təəssüf ki, ABŞ Prezidenti Barak Obamanın izlədiyi siyasət bu qədər məqsədyönlü deyil. Heç şübhəsiz, Obama administrasiyasının xarici siyasətdə verdiyi qərarların zəiflik və qərarsızlıq əks etdirməsi səbəbindən tənqid edilməsi yanlışdır. Bu cür ittihamlar Obamanın dünyadakı problemlər üçün günah keçisi kimi istifadə edilməsi tendensiyası qədər reallığı əks etdirmir. Yaxşı olar ki, tənqidçilər on ildən də az bir müddət əvvəl beynəlxalq ictimaiyyətin ABŞ-ı müdaxilə edib-etməməkdə diqqətli olmağa çağırdığını xatırlasınlar. Elə Obamanın Suriyada etdiyi də budur: o, qarşısındakı seçimləri dəyərləndirərək Suriyada vətəndaş müharibəsinə müdaxilə edilməsinin ABŞ-ın maraqlarına uyğun gəlmədiyi qənaətinə gəldi. Ancaq müdaxilə etməməyi seçməklə ümumiyyətlə əsaslı bir strategiyanın olmaması arasında fərq var. Obama müdaxilə etməmək üçün səbəblərini aydın şəkildə ifadə edə və ABŞ-ın böhranı yüngülləşdirmək üçün ata biləcəyi alternativ addımları müəyyənləşdirə bilməməkdə günahlandırılmalıdır. Şübhəsiz ki, bu uğursuzluğun əsas səbəblərindən biri təkcə hökumət səviyyəsində yox, eyni zamanda adminstrasiya daxilində fikir birliyinin olmamasıdır. Bununla belə, nəticə etibarilə, bu vəziyyətin əsas səbəbkarı dünyanın digər yerlərində bir problemin çətinliklərini anlamaqda nə qədər bacarıqlı olduğunu göstərmiş bir prezident olan Obama özüdür.
Administrasiyanın Suriyadakı çətinlikləri Əsədin münaqişənin başlamasından bir neçə həftə sonra hakimiyyətdən kənarlaşdırılacağının ehtimal edilməsi ilə ortaya çıxdı. Corc U. Buş da eyni şəkildə Səddam Hüseynin kütləvi dağıntı silahlarına malik olduğu, eləcə də, o devrildikdən sonra İraqın stabil demokratiyaya keçəcəyi ilə bağlı yanlış fərziyyələr əsasında İraqın işğalına başlamışdı. Əsədin hakimiyyətdən asanlıqla getməyəcəyi məlum olduqdan sonra Obama administrasiyası Əsədin ABŞ tərəfindən İslam Dövlətinə qarşı keçirilən hava hücumlarında iştirak etməsinə qadağa qoydu. Bu taktika heç də ağıllı bir taktika deyildi. Heç şübhəsiz, Suriya böhranı o qədər mürəkkəbdir ki, bu böhranı anlamağa Amerika ictimaiyyətinin səbri çatmır. Ancaq bu böhranın mürəkkəbliyini izah edə biləcək biri varsa, o da Obamadır. Bu yerinə yetirildikdən sonra Obama izləniləcək yolu müəyyənləşdirməli və bu yolda irəliləməlidir.
Obama işə Suriya böhranının həll olunmasında marağı olan bütün ölkələrlə birgə işləməklə başlaya bilər. Aralarında nə kimi fikir ayrılıqları olur-olsun, bu ölkələrin Suriyaya sülh və stabillik gətirməkdəki ortaq marağı əsaslı bir siyasət müəyyənləşdirilməsinə kifayət edər. Bundan başqa, ABŞ-ın Əsədin hakimiyyətdən kənarlaşdırılmalı olduğu düşüncəsi ağlabatan ola bilər, ancaq bu qərarı Suriya xalqı özü verməlidir. ABŞ Suriyanın başına yeni bir rəhbər gətirmək əvəzinə əhali tərəfindən seçilmiş nümayəndələrlə görüşməli və onlara konstitusiya hazırlanmasında və digər siyasi tənzimləmələrdə kömək etməlidir. Son olaraq, Obama İslam Dövlətinin məhv edilməsində həmfikir olan tərəflərlə birlikdə işləməyə davam edəcəyinə söz verməlidir. İslam Dövləti Yaxın Şərqdə stabilliyi pozduğu müddətdə Suriyanın təhlükəsizliyi heç vaxt təmin edilə bilməz. Rusiya Suriyanın vətəndaş müharibəsinə hərbi müdaxilə etməklə öz seçimini etdi. Obama isə ABŞ-ın hərbi qüvvələrini səfərbər edərək Kremllə rəqabət aparmayacağı qərarına gəldi. Ancaq ABŞ-ın Suriyadakı vəziyyətdə dəyişiklik yaratması üçün hərbi qüvvədən istifadə etməyə ehtiyacı da yoxdur. Ehtiyac duyulan əsas şey konkret və düşünülmüş məqsədlərin izlənilməsi üçün əsaslı siyasət yürüdülməsidir.