Terror, din və islam haqqında üç sadə həqiqət Dünya

Terror, din və islam haqqında üç sadə həqiqət

Parisdə baş verən məlum terror hadisəsindən sonra "Huffingtonpost" terroru islamla bağlamaq fikirlərinə qısa aydınlıq gətirib

Cavid

Bir: Güc illuziyası olan terrorizm yalnız insanlar buna aldandığı zaman güc qazanır. Təsəvvür edin ki, bir sehrbaz insanı mişarla iki yerə bölmək fokusunu göstərir. "Qurban" əzab içində qışqırır. Sehrbaz tamaşaçılara çevrilərək qollarını qaldırır və deyir: "Baş əyin, yoxsa növbəti qurban siz olacaqsınız." Bu hiylə yalnız insanlar onun sehrbaz yox, sadəcə bir illüzionist olduğunu başa düşmədikləri zaman işə yaraya bilər. Əlbəttə, Parisdə törədilən hücumlarda ölən və yaralananlar əsl qurbanlar idi. Burda illuziya ondan ibarətdir ki, hücumçuların çox olduğu və onların günahsız vətəndaşlar üzərinə arabir hücumlar etməkdən daha çox şey edə biləcəkləri düşünülür.
Sehrbazlar kimi terroristlərin də tarixi qədim dövrə gedib çıxır. Romalılar Qüdsü işğal edən zaman onlara qarşı gizli bir müqavimət başladı. Bu müqaviməti başladan qüvvələr ictimai yığıncaqlarda mantiyalarında gizlətdikləri xəncərləri çıxarıb romalılar və onların tərəfdarlarını xəncərləyir, hücumdan sonra isə ifşa edilməmək üçün izdihama qarışırdılar. Bu, qorxu yaratsa da, əsl təsiri Romanın milli təhlükəsizlik sisteminin vəhşiliyini artırması oldu. Minlərlə yəhudi çarmıxa çəkildi. Roma imperiyası bundan əsrlər sonra tənəzzül edənə - dinc ideoloji inqilab olan Xristianlıq imperatorun özünü və güc mərkəzlərini ələ keçirənə qədər hakimiyyəti saxladı.
İndi isə 1989-cu ildən bəri çoxlu sayda terror hücumlarına məruz qalmış müasir İsrailə baxaq. Nəticədə bir çox insan həlak oldu və yaralandı, Fələstinlə bağlı isə heç bir irəliləyiş olmadı. Əslində, bu hücumlar İsrailin ərazisinin əksər hissəsini blokadaya alması ilə fələstinlilərin həyatını daha da çətinləşdirdi. Stiven Pinkerin də illər öncə yazdığı kimi, terroristlər, demək olar, heç vaxt qalib gəlmirlər.
Niyə görə Parisdəki hücumlar üç əlaqəli komanda tərəfindən törədildi? Burda məqsəd ordu illuziyası yaratmaq idi və işə də yaradı. Hücumlar haqqında təfərrüatlar tam məlum olmasa da, hücumlarda yeddi terroristin birbaşa iştirak etmiş ola biləcəyi bildirilir.
Tarixdən götürməli olduğumuz dərslər açıqdır: terrorçular həddən artıq reaksiya yaratmağa çalışırlar ki, sayları artsın. Əgər illuziyaya aldanmasanız, onları gücləndirməzsiniz. Güclü kəşfiyyat və nəzarət nəticəsində terrorist şəbəkələrinin məhv edilməsi mümkündür. Kütləvi yığıncaqlar, siyasi isteriya, qisas almaq üçün edilən hücumlar və ən pis halda, nə beynəlxalq terror təşkilatlarına sığınacaq vermiş, nə də kütləvi dağıntı silahları olan bir ölkənin işğal edilməsi vəziyyəti yalnız daha da pisləşdirə bilər.
İki: Reklamlar kimi terroristlər də bizim emosional həssaslıqlarımızdan istifadə edirlər. Reklamçılar kimi onlar da intuisiya və mühakimə qabiliyyətlərini işə salırlar. Belə bir müqayisə götürək: çayın o biri tərəfinə keçməyə çalışdığınız zaman timsah görürsünüz. Həmin an timsaha yem olma ehtimalına baxmayaraq, çayın o biri tərəfində sizi gözləyən fürsəti düşünə bilmir və instinktlə hərəkət edərək geri çəkilirsiniz. Eyni şəkildə, əgər bir konsert zalına kimsə avtomat silahı ilə atəş açmağa başlayarsa, qeyri-iradi hər şeyin bitdiyini düşünüb ya donub qalır, ya da qaçmağa çalışır, çox nadir hallarda isə hücum edən şəxsə qarşılıq verirsiniz.
Belə bir hücum baş verdiyini eşitdikdə isə avtomatik olaraq həmin anı beyninizdə canlandırırsınız. Hücumla bağlı şəkil və ya video gördükdə isə hadisə artıq gözünüzün qarşısında daha qabarıq şəkildə canlanır. Bunun səbəbi isə təkamül xarakteri daşıyır: insanlar həyatda qala bilmək üçün müəyyən mühit şəraitinə uyğunlaşmağa çalışdıqları və 150 nəfərlik dəstələr şəklində yaşadıqları dövrdə başqa birinə edilən hücumu müşahidə edib həmin anı yaddaşlarına yazmaları belə bir hücumdan xilas olmaq şansını artırırdı. Milyonlarla insanın yaşadığı bir şəhərdə və ya milyardlarla insanın olduğu bir dünyada isə belə bir imkan yoxdur. Onu da qeyd edək ki, hücumçu haqqında getdikcə daha çox ümumiləşdirmələr aparmağa başlamışıq. Bəli, bu doğrudur: fanatizm özü də instinktivdir.
Reallıq belədir ki, terrorizm birbaşa az sayda insana zərbə vurur. Elektron media isə bizim bütün bunları gözümüzün qarşısına gətirir və biz də ikinci dərəcəli qurbanlara çevrilirərək dəhşətli bir səhvə yol veririk. Əsl qurbanlar və onların yaxınları, eləcə də, Fransanın özünün dərdinə şərik olmaq başqa bir şey, emosional instinktlərə təslim olaraq terrorcuları mükafatlandırmaq isə başqa bir şeydir.
Üç: İslam haqqında həqiqət belədir: bu da sadəcə bir dindir. Yəni digər dinlər kimi İslam dini də ağla gələ biləcək ən qəddar hərəkətlərə - köləlik, təcavüz, soyqırım və bəli, intihar hücumlarına haqq qazandırmaq üçün istifadə edilə bilər. Heç bir din ekstremizm ləkəsindən siğortalanmayıb. Ancaq çox vaxt əksər insanlar üçün din bu şəkildə işləmir. Din cəmiyyətə, insanlara mənəvi yol göstərməlidir. Siyasi İslam isə Müqəddəs Roma İmperiyası kimi dinin əsasını təşkil edən bu cəhətləri ötüb keçir, ancaq bu, artıq siyasi xarakter daşıyır.
Dinin bir hissəsinin törədilən vəhşiliklərə göz yummasının səbəbi utopik düşüncələrə asanlıqla qapılmasıdır. Öz güclərini maksimum səviyyəyə çatdırmaq arzusunda olan xarizmatik liderlər bunu ən yaxşı şəkildə utopik bir ideologiya irəli sürməklə edə bilərlər. Bu, dünyəvi xarakter daşıya bilər. Bunlardan ən çox tanınan cərəyanlar XX əsrdə 100 milyon insanın həlak olmasına səbəb olmuş marksizm və faşizmdir. Ancaq dünyəvi utopizmin də bir zəif cəhəti var: işçi cənnəti və ya min illik hakimiyyət vədləri saxtalaşdırılır. Dində isə belə deyil. Nə qədər ki Allahın mükafatları müəyyən şərtlərə əsaslandırlır, orda məyusluq olmamalıdır.
Terrorizmin qarşısını almaq üçün onun əsas səbəblərini başa düşməliyik. Din, yoxsulluq, təhqir bu səbəblərə daxil deyil. Bunun qarşısını almaq üçün isə gənc beyinləri tənqidi düşüncə, naturalizm və mərhəmət hissi ilə doldurmaq lazımdır.
Bütün bunlar o demək deyil ki, Parisdə baş verənlər önəmsizdir. Hücumlar nəticəsində ən az 127 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Bu, vicdansızlıq, qəddarlıqdır. İŞİD və onun kimi təşkilatların məhv edilməsini mən də istəyirəm. Ancaq ümid edirik ki, nə fransızlar, də biz baş verənlərə görə İslam dini və ya bütün müsəlmanların günahkar olduğu illuziyasına aldanmayacağıq.