2008-ci ildə başlayan maliyyə böhranı hələ də davam edir Dünya

2008-ci ildə başlayan maliyyə böhranı hələ də davam edir

2016-cı ilin 2015-ci ilə nisbətən daha yaxşı keçəcəyini bildirirlər, ancaq...

Cavid

2015-ci il hərtərəfli çətin keçdi. Braziliya iqtisadiyyatında durğunluq başladı. 40 illik yüksək artım dövründən sonra ilk dəfə Çin iqtisadiyyatına ağır zərbə dəydi. Avrozona Yunanıstandan sonra böhranın qarşısını ala bilsə də, durğunluğa yaxın dövr davam etdi. 2015-ci il ABŞ üçün 2008-ci ildə başlayan dünya maliyyə böhranının bitəcəyi il olmalı idi. ABŞ-ın böhrandan sonra bərpası isə ləngiyir.
"Project-syndicate" yazır ki, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristina Lagarde qlobal iqtisadiyyatın hazırkı vəziyyətinin yaxşı olmadığını bildirib. İkinci dünya müharibəsindən sonra dərin pessimizmə qapılanlar isə qlobal iqtisadiyyatın böhrana düşə biləcəyindən, ya da ən azından uzunmüddətli durğunluq dövrünün başlayacağından qorxurlar.
2010-cu ilin əvvəlində, Dünya maliyyə böhranına səbəb olan hadisələrin təsvir edildiyi "Freefall" (az. "Sərbəst Düşüş") adlı kitabımda lazımi tədbirlər görülməzsə, dünyanı çətin vəziyyətin gözlədiyi ilə bağlı xəbərdarlıq etmişdim. Təəssüf ki, haqlı çıxdım: lazımi tədbirləri görülmədi və nəticə qorxduğum kimi oldu.
İqtisadiyyatın durğun olmasını başa düşmək çətin deyil və bu problemin həlli üçün hazır vasitələr də var. Hal-hazırda dünyada məcmu tələb çatışmazlığı problemi var və bu problemə getdikcə artan bərabərsizlik və düşüncəsiz şəkildə qəbul olunmuş sərt maliyyə tədbirləri səbəb olub. Yuxardakılar aşağıdakılardan daha az pul xərcləyir və beləliklə, pul qalxdıqca tələb azalır. Almaniya kimi xarici ticarət profisiti yüksək olan ölkələr də bu problemin böyüməsinə səbəb olurlar.
ABŞ da, eyni zamanda, Avropa da hökm sürən sərt maliyyə tədbirlərinin daha yüngül formasından əziyyət çəkir. ABŞ-da dövlət sektorundan böhrandan əvvəlkinə nisbətən 500 min daha az insan işə götürülür. 2008-ci ildən bu yana dövlət içində normal artım olsaydı, iki milyon daha çox işçi olardı.
Bundan başqa,hazırda dünyanın çox yerində struktur dəyişikliyə ehtiyac var: Avropa və Amerikada istehsaldan xidmət sahələrinə, Çində ixracla yönləndirilən artımdan daxili tələbata əsaslanan iqtisadiyyata qədər. Afrika və Latın Amerikasından da təbii resurslara əsaslanan iqtisadiyyata sahib olan ölkələr diversifikasiyalı iqtisadiyyat yaratmaq üçün Çinin yüksəlişi ilə əmtəə qiymətlərinin kəskin şəkildə artmasından istifadə edə bilmədilər. Bazarlar heç vaxt özləri bu cür struktur dəyişiklik yaradacaq imkana sahib olmayıb.
Artıma təkan verə biləcək, lakin hələ də qarşılanmamış qlobal ehtiyaclar var. Təkcə infrastuktur investisiya ilə milyardla dollar pul götürə bilər. Bu, təkcə inkişaf etməkdə olan ölkələr üçün yox, on illərlə əsas infrastrukturuna lazımi investisiya ayırmamış ABŞ-a da aiddir. Bundan əlavə, bütün dünya özünü qlobal istiləşmə reallığı ilə üzləşməyə hazırlamalıdır.
Banklarımız sağlam vəziyyətə qayıtmış olsalar da , məqsədlərini yerinə yetirmək üçün uyğun olmadıqlarını göstəriblər. Onlar istismar və bazar manipulyasiyasında üstündürlər, lakin əsas funksiyaları olan vasitəçilikdə uğursuz olublar.
Bu qlobal xəstəliyin yeganə çarəsi məcmu tələbin artmasıdır. Gəlirlərin yenidən bölüşdürülməsi, eləcə də, maliyyə sistemində güclü islahatlar keçirilməsi təkcə zərərlərin qarşısını almağa yox, eyni zamanda uzunmüddətli əmanətlərin uzunmüddətli investisiya ehtiyaclarına uyğunlaşdırılmasına kömək edə bilər.
Ancaq dünyanın ən mühüm problemlərindən bəzilərinin həll olunması üçün dövlət tərəfindən investisiya qoyulması lazım gələcək. İnfrastruktur, təhsil, texnologiya, ekologiya və struktur dəyişikliklərin təmin edilməsi üçün bu cür xərclərə ehtiyac var.
Qlobal iqtisadiyyatın üzləşdiyi problemlər iqtisadi yox, siyasi və ideoloji xarakter daşıyır. Özəl sektor bərabərsizlik və indi hesablaşmalı olduğumuz ekoloji tənəzzülə gətirib çıxarıb. Bazarlar yaratdıqları bu və bu kimi mühüm problemləri özbaşlarına həll edə və ya firavanlığı bərpa edə bilməyəcəklər. Bu problemlərin həlli üçün fəal dövlət siyasəti lazımdır.
Optimistlər 2016-cı ilin 2015-ci ilə nisbətən daha yaxşı keçəcəyini bildirirlər, ancaq yalnız hiss edilməyəcək dərəcədə. Qlobal məcmu tələb çatışmazlığı problemi həll olunmadığı müddətdə böhran davam edəcək.