“Ekoloji QHT-lərin görüşü təşkil edilməlidir” Siyasət

“Ekoloji QHT-lərin görüşü təşkil edilməlidir”

“Cənubi Qafqazda dayanıqlı sülhün yaranması Ermənistanda revanşist qüvvələrin tam sıradan çıxarılmasından keçir. Başqa variant Ermənistan dövlətinin tədricən siyasi xəritədən silinməsinə aparacaq. Çünki Ermənistan uzun illər özünü nəhəng regional iqtisadi layihələrdən kənarda qoyub. Mürtəce ideyalarla silahlanmış şovinist dairələr, korrupsioner qüvvələrlə işbirliyinə getmiş kilsə Azərbaycanla, Türkiyə ilə düşmənçilik siyasətini alovlandırmaqla ölkəni dalana dirəyiblər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli söyləyib.

Siyasi şərhçi əlavə edib ki, Paşinyan və ölkənin gələcəyini düşünən qüvvələr artıq dərk edir ki, dalandan çıxış yolu istiqaməti, problemlərə baxış bucağını dəyişməkdən keçir: “Təcili şəkildə Ana Yasa dəyişdirilməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ortadan qaldırılmalıdır. Azərbaycanla imzalanmış bütün sənədlərdə götürülmüş öhdəliklər yerinə yetirilməlidir. Erməni aydınları, vətəndaş cəmiyyəti fəalları xalqı dayanıqlı sülhə hazırlamalıdırlar. Yeri gəlmişkən, Azərbaycan QHT-lərinin İrəvana səfəri bu problemlərin həlli ilə bağlı “yumşaq gücü”n işə düşməsidir. Azərbaycan tərəfinin belə bir problemi yoxdur. Çünki biz qalib tərəfik. Azərbaycan Qarabağla bağlı müsbət nəticəyə nail olub. Lakin görüləsi işlər var. Qarabağa böyük qayıdışın sürətlənməsi, mina problemi, Zəngəzur dəhlizi, Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıtması və s. Bu problemlərin həlli birgə əməkdaşlığı zəruri edir”.

O ümid edir ki, erməni QHT-ləri cəmiyyəti sülhə hazırlaya biləcək: “Çünki bölgədə yeni müharibənin alovlanması heç bir tərəfə sərf etmir. Yaxşı olar ki, vətəndaş cəmiyyəti institutları arasında təmaslar artsın. Növbəti görüşlərdə ekoloji QHT-lərin görüşü təşkil edilməlidir. Çünki 30 illik işğal sürəcinin Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ekosisteminə vurduğu ziyan ölçüyəgəlməzdir. Ermənistanın dağ-mədən sənayesi bu gün də bölgənin çaylarını zəhərləyir. Bu, regionda yaşayan icmaların təhlükəsiz yaşamaq hüququnun pozulmasıdır. Birgə müzakirə olunası məsələlər var”.

E.Cəfərli eləcə də deyib ki, yaxşı olar ki, Cənubi Qafqaz ölkələrinin ekoloqları transsərhəd çaylarının hövzələrinə birgə monitorinqlər aparsın: “Transsərhəd çaylarından ədalətli su götürülməsinin təmin edilməsi üçün təkliflər hazırlanmalı, rəsmi qurumlara təqdim edilməlidir. Ümidvarıq ki, İrəvanda keçirilən görüş sonuncu olmayacaq, Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti fəallarının təmasları mütəmadi hal alacaq. Çünki regionda daimi və ədalətli sülhün əldə olunması öncə xalqların razılığı ilə mümkün olacaq”.

Röya İsrafilova