Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb Hadisə

Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu məqsədlə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu dəfəki köç karvanında Qırmızı Bazara 20 ailə (71 nəfər), Sos kəndinə isə 10 ailə (42 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.