Azərbaycan prezidentindən Tehranda Qarabağ mesajı Dünya

Azərbaycan prezidentindən Tehranda Qarabağ mesajı

Elxan Şahinoğlu: "Rusiya ilə dəmiryolu əlaqəsində İran Azərbaycana üstünlük verəcək"

Cavid

İran hakimiyyətinin ilk olaraq Azərbaycan prezidentini Tehrana dəvət etməsi əvvəlki səfərlərdən xeyli fərqlənir.
Bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib. Siyasi şərhçi hesab edir ki, Azərbaycanın hazır infrasutrkturu, Avropaya çıxan nəqliyyat və boru xətləri Tehran üçün cazibədar görünməlidir:"Buna baxmayaraq, Tehran "fərqli dəyərlərdən" çıxış edib, bəzi məsələlərdə üstünlüyü Ermənistana da verə bilər. Məsələn, İran öz qazını Gürcüstana Ermənistan üzərindən ötürməyi planlaşdırır. Halbuki iqtisadi məntiq İranın Azərbaycana üstünlük verməsini diqtə edir. Böyük ehtimalla, İlham Əliyev Tehranda İran qazının Gürcüstana və Avropaya hansı marşrutla çatdırılması məsələsinə aydınlıq gətirilməsini istəyib".
Politoloqun qənaətinə görə, Rusiya ilə dəmiryolu əlaqəsində İran Azərbaycana üstünlük verəcək:"Bu, hər 3 dövlətin xeyrinədir. Moskva və Tehran istəyərdi ki, iki ölkəni birləşdirən dəmiryolu Ermənistandan keçsin. Ancaq Azərbaycanla İranı birləşdirən dəmiryolu faktiki hazırdır, Ermənistandan isə dağların içi ilə yeni və bahalı dəmiryolu tikilməlidir. Məhz bu səbəbdən də hər iki ölkə Azərbaycanı seçdi".
Politoloq bildirib ki, İran Azərbaycanla sərhədyanı ticarəti də inkişaf etdirməkdə maraqlıdır: "İran sərhəddə bir neçə azad ticarət zonası yaradıb və Ermənistan şirkətlərini də həmin zonada fəaliyyətə dəvət edib. Rəsmi Bakı isə Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla ikitərəfli və üçtərəfli əməkdaşlığa başlamayacaq. Rəsmi Bakının İran vətəndaşları üçün viza rejimini ortadan qaldırmamasının səbəblərindən biri də budur".
Xəzərdə enerji resurslarının birgə istifadəsi məsələsinə toxunan E.Şahinoğlu bunun qısa zamanda mümkün olmayacağını vurğulayıb:
"Birincisi, hər iki ölkənin Xəzərin status ilə bağlı ortaq mövqeyi olmalıdır. İkincisi, Xəzərdəki "Alov" yatağına aydınlıq gətirilməlidir. Bu yataq Azərbaycan ərazisindədir və biz kəşf etmişik. Ancaq Azərbaycan öz yatağını işlədə bilmir. Çünki İranın hərbi katerləri buna imkan vermir. "Alov" yatağının fəaliyyəti Xəzərdə əməkdaşlıq üçün çox yaxşı zəmin olardı".
Tehranda Dağlıq Qarabağ münaqişəsinin gündəmdə olmamasına diqqət çəkən ekspert İranın vasitəçiliyində Bakı və İrəvanın maraqlı olmadığını qeyd edib:"Halbuki Ruhaninin bircə dəfə də olsa, "Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tərəfdarıq" ifadəsini işlətməsi iki ölkə arasındakı əməkdaşlığın yüksəlişi üçün önəmli ola bilərdi".
Politoloqun fikrincə, Azərbaycanın Tehranda Suriya ilə bağlı mövqeyi İranın da maraqlarına uyğundur:"Rəsmi Bakı İslam koalisiyasına qoşulmayacaq. ABŞ və Rusiya Suriyada atəşkəsə nail olarsa, buna ehtiyac da qalmayacaq. Azərbaycan Suriya probleminin həllində yalnız müxtəlif qütblərin yer alacağı böyük koalisiyada iştirak edə bilər. Xamenei ilə görüşdə İlham Əliyev üçün məzhəb bağlılığının vurğulanmasının arxasında isə işğal altındakı torpaqların boşaldılmasında İranın Azərbaycanı sözdə və əməldə dəstəkləməsi amili dayanır".
Qeyd edək ki, fevralın 23-də Prezident İlham Əliyev İrana rəsmi səfər edib.


İranda seçkilər: Radikal mollalara açılan savaş
İranda islahatçılar iki yol ayırıcında: Seçkiyə qatılmaq, yoxsa boykot etmək?
Fevralın 26-da İranda iki mühüm seçki keçiriləcək.
Bunlardan biri parlamentə - Məclisə seçkilərdir. Digəri isə Ali dini liderə məsləhət verən Mütəxəssislər Şurasına seçkilər.
Səsvermə mötədil prezident Həsən Ruhaninin tərəfdarları ilə islahatlara, xüsusən də ölkənin xarici aləmə açılmasına qarşı olan mühafizəkarları üz-üzə qoyub.
İslahat tərəfdarları parlament seçkilərini Ruhaninin 2013-cü ildə qələbə qazanmasından sonra "ikinci mərhələ" hesab edirlər. Nüvə razılaşmasından sonra populyarlığı artmaqda olan Rohaninin birinci prezidentlik müddəti gələn il başa çatır. Üzümüzə gələn parlament seçkiləri növbəti prezident seçkilərindən əvvəl onun üçün sınaq olacaq.
12000 nəfərə rədd cavabı
İranda çox nüfuzlu bir qurum olan və əsasən sərt xətt tərəfdarlarından ibarət olan Konstitusiya Mühafizləri Şurası parlament seçkilərinə qatılmaq istəyən 12000-ə qədər şəxsə "yox" deyib.
Onların çoxu molla rejiminə sadiqliyi şübhəli doğuran islahat tərəfdarlarıdır.
Ərizəsi rədd olunanlar arasında görkəmli fiqurlar da var. İndi Məclisdəki 290 yer üçün təxminən 6200 namizəd mübarizə aparacaq. Rohaninin bir tərəfdarı deyib ki, 3000 islahatçıdan yaınız 33-nün namizədliyi qeydə alınıb. Ölkənin Ali Dini Lideri Əli Xameneyi iranlıları "ölkənin beynəlxalq nüfuzu naminə" səs verməyə çağırıb. O, insanları "düşmənlərin istəyinin əleyhinə hərəkət etməyə" səsləyib.
İslahatçıların bir hissəsi tərəfdarlarını səsvermədə iştirak etməyə çağırır. Onlar iddia edirlər ki, əgər seçki onlar tərəfindən boykot olunarsa, bu, ifrat mühafizəkarların işinə yarayar. Çünki mühafizəkarların tərəfdarları adətən seçkidə fəallıq nümayiş etdirirlər. Onlar nümunə kimi 2005-ci ilin prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsini və 2004-cü ilin parlament seçkilərində mühafizəkarların və radikalların parlamentdə yerlərin çoxunu qazanmasını göstərirlər. O zaman islahatçılar çox sayda namizədlərinin seçkiyə buraxılmaması səbəbindən səsverməni boykot etmişdilər.
"Cəmiyyətlə əlaqəsini itirmiş qurum"
Keçmiş prezident və vaxtilə Mütəxəssislər Şurasının rəhbəri olmuş, 2009-ci ildə mübahisə doğurmuş prezident seçkilərinin ardınca müxalifətlə ittifaqa girmiş Ali Akbar Hashemi Rafsanjani iranlıları seçki məntəqələrində "radikallara ultimatum verməyə" dəvət edib.
İslahat tərəfdarı olan müxaliflərin seçkidə fəal iştirakı parlamentdə radikalların hakimiyyətini laxlada bilər. Bir çox iranlı üçün Mütəxəssislər Şurası qocalardan ibarət olan, cəmiyyətlə əlaqəsini itirmiş bir qurumdur.
Konstitusiyaya görə, vəzifəsi ali liderin işinə nəzarət etmək olsa da, hələ onun Xameneyini tənqid etdiyini görən olmayıb. Ancaq bu qurum Xameneyinin yaxın səkkiz il ərzində öləcəyi, yaxud idarəetmə qabiliyyətini itirəcəyi təqdirdə onun varisinin müəyyən edilməsində əsas rolu oynayacaq. Rəfsəncani və islahatçı kimi tanınan keçmiş prezident Xatəmi bu ay seçiciləri islahatçıların dəstəklədiyi "ümid siyahısındakı" 16 namizədi dəstəkləməyə çağırıblar. Bu çağırış zamanı Xatəmi İctimaiyyətə görünüb ki, bu da nadir hadisədir.
Mediaya çıxışı rəsmi olaraq qadağan edilmiş 72 yaşlı keçmiş prezident xalqa Youtube vasitəsilə müraciət edib.
"Xahiş edirik siyahıdakı bütün adlara səs verəsiniz. Gəlin, Cənnətini (ifrat mühafizəkar xadimlərdən biri) Mütəxəssislər Şurasından birdəfəlik çıxaraq. Növbəti Şura seçkisi səkkiz ildən sonradır. O vaxta qədər Cənnəti inşallah ki, həyatda olmaz," deyə bir Facebook istifadəçisi yazıb.
Bir qadın istifadəçi isə sosial mediada 26 fevral səsverməsi barədə müzakirədə belə yazıb: "Mən heç vaxt səs verməmişəm. Amma hərdən mən özümə deyirəm ki, əgər mən və mənim kimi çoxları, məsələn, Əhmədinejadın hakimiyyətə gəldiyi 2005-ci il seçkilərində iştirak etsəydik, bəlkə də İran indi daha yaxşı yer olardı."