Putin geri çəkildi Dünya

Putin geri çəkildi

Suriya həqiqətən federasiyaya çevriləcək

Cavid

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya rus qoşunlarının bir hissəsinin Suriyadan çıxardılması ilə bağlı əmr verdi. Dünəndən etibarən isə Rusiya hərbçilərini Suriyadan çıxarılmağa başladı. Maraqlı məqam Putinin qəfil addımı ilə bağlı indiyə qədər heç bir proqnozun verilməməsi idi. Bəs, əslində, Rusiya Suriyadan niyə çıxdı?

Putin masaya oturur

Ukrayna böhranı başladıqdan sonra Qərbin Rusiyaya qarşı təzyiqləri daha da artdı. Üstəlik, neft qiymətlərinin aşağı düşməsi Moskvaya ağır zərbə vurdu. Doğrudur, Kreml buna adekvat addımlar atsa da, əslində, heç bir uğur əldə edə bilmədi. Tezliklə, Suriyaya girən Moskva öz itkilərini müəyyən dərəcədə kompensasiya etməyə çalışdı. İlkin mərhələdə Suriya əməliyyatları Əsədin dəvəti və İŞİD-lə mübarizə adı altında gerçəkləşdi, lakin sonradan hər şeyin istiqaməti dəyişdi. Tezliklə, rus bombardmançıları İŞİD-lə bərabər müxalif qüvvələri də nişan aldılar. Qərb Əsədi devirməyə az qalmış bölgəyə yeni qüvvə girdi. Moskvanın Suriya müdaxiləsi Yaxın Şərqdə bir sıra prosesləri yenidən formalaşdırdı.

Moskvanın Suriyadan qısa zaman ərzində çıxacağı bəlli idi. Vurğulandı ki, Moskva öz itkilərini kompensasiya etmək üçün Əsədin yardımına tələsmişdi. Belə ki, Krım və Donbas böhranından sonra Qərb paytaxtları Moskvanı dalana dirəməklə bərabər, ona qarşı yalnız öz şərtləri ilə danışırdılar. Bu isə Kreml üçün istənilən halda qəbuledilməz idi. Moskva Suriyaya girməklə bu prosesi dəyişməyə müvəffəq oldu. Məhz Putinin bu əmrindən sonra Avropaya Suriyadan miqrant axını iki qat artmağa başladı. Bu isə AB üçün kifayət qədər ağır vəziyyət yaratdı. Miqrant axını və Moskvanın bölgədə özünün ağa olduğunu göstərməsi, üstəlik, Rusiyanın Su-24 insidentindən sonra S-400-ləri bölgəyə yerləşdirməsi və ölkənin hava məkanının tam nəzarət altına alınması Qərbin bir qədər geriyə addım atması ilə nəticələndi.

Cenevrə danışıqları ərəfəsində və ondan sonrakı dövrdəki açıqlamalar da ABŞ-la Rusiya arasında gizli danışıqların olduğunu sübut edirdi. Kremlin nəzarətində olan rus ekspertlər də öz çıxışlarında buna eyham vurmağa çalışırdılar. Bundan başqa, ABŞ Dövlət katibi Con Kerrinin keçən ilin may və dekabr aylarında Rusiya səfərləri də əslində bu sövdələşmənin başlaması anlamına gəlirdi.

Beləliklə, Putin faktiki olaraq Suriya müharibəsindən istədiyi nəticəni əldə etdi. Qərb liderlərinin Moskvanın Ukraynada düşdüyü girdabdan yararlanmaması, sonda onunla danışıqlar masasına oturmalarına səbəb oldu. Bu isə Kremlə çox gərəkli idi.

Suriyanın taleyi

"Röyter" agentliyinin etibarlı mənbələrinə istinadən yaydığı məlumatda Moskva və Vaşinqtonun Suriyanın federasiyaya çevrilməsi məsələsini müzakirə etdikləri bildirilirdi. Sonradan ABŞ bu fikri yüngül şəkildə təkzib etdi. Lavrov isə Suriyada federasiyanın yalnız Suriya xalqının icazəsi ilə tətbiq ediləcəyini dedi. Kifayət qədər ritorik cavab olsa da, hər iki tərəf artıq Əsədin və Suriyanın taleyinin həll edildiyini nümayiş etdirirdilər. Onsuz da 5 il ərzində aparılan döyüşlər nəticəsində xarabazarlığa çevrilmiş ölkənin əhalisi ona sabitlik verəcək istənilən qərarı qəbul etməyə hazırdır.

Görünür, Suriya həqiqətən federasiyaya çevriləcək. Bu federasiyada mərkəzi hökumətin səlahiyyətləri azaldılacaq, XX əsrin əvvəllərinə bənzər formada bölgələr yaradılacaq. Bir sözlə, Suriya təsir zonalarına bölünəcək. Moskvanın aviabaza və donanmasını Latakiyada saxlaması da məhz buna işarədir. Yəni əvvəlki kimi sünni və ələvi kantonlarından ibarət federasiya olacaq. Üstəlik, bu federasiyada xristianlara, türkmanlara (Türkiyənin istəyi üzərinə - red.), kürdlərə ayrıca idarəetmənin verilməsi də mümkündür. Sərhədləri yaxınlığında kürd muxtariyyətini görmək istəməyən Türkiyə böyük ehtimalla bunu ya PYD-nin başqa bir qrupla əvəz edilməsi, ya da Aralıq dənizi sahillərinin türkmanların nəzarətinə verilməsi qarşılığında qəbul edəcək. Burada qərarın qəbul olunmasında öhdəlik Moskvadan çox, Ankaranın payına düşəcək. Amma bütün bunlar konfliktin qısa zaman çərçivəsində başa çatacağı demək deyil.

Suriyadan sonra

Rusiyanın keçən ilin son ayından etibarən Ukrayna, Qafqaz və Moldova istiqamətində fəallaşması müəyyən çaşqınlıq yaratdı. Moskvanın həmçinin gözlənilmədən fevral ayından etibarən Ukrayna və Qafqaz cəbhəsinin yerləşdiyi Cənub Hərbi Dairəsində genişmiqyaslı təlimlər keçirməsi Kremlin bu istiqamətdə planlarının hələ arxivə atılmadığını sübut edirdi. Doğrudur, Türkiyə ilə yaşanan Su-24 insidentindən sonra Moskvanın bu fəallığını anlamaq olar, amma gündəlik 8 milyon dollar xərclədiyi Suriya əməliyyatı zamanı onsuz da maliyyə vəziyyəti yaxşı olmayan ölkənin belə aktivlik etməsi müəyyən şübhələr doğururdu. Görünür, Qərblə razılaşmanın daxilində məhz bu torpaqlar da var. Onsuz da Putin dəfələrlə öz çıxışlarında MDB məkanını heç vaxt Qərbə güzəştə getməyəcəyini açıqlayıb. Kreml buranı özünə bufer zonası kimi görür.

Cənub Qaz Dəhlizi ilə bağlı danışıqların aktivləşdiyi bir məqamda Moskvanın bu istiqamətdə fəallaşması onun bölgə ilə bağlı təhlükəli planlarının olmasından xəbər verir. Cənubi Osetiya və Abxaziya ilə müttəfiqlik müqaviləsinin keçən ilin ortalarında bağlanması, "Qazprom"un Gürcüstan bazarına girməyə cəhd etməsi (keçən il həm də Poti limanında mühüm ərazi "Rosneft"ə satıldı – red.), bölgəni internetlə təmin edən əsas şirkətin alınması uğrunda mübarizənin qızışması, Bakı-Supsa kəmərinin bir hissəsinin qondarma Cənubi Osetiyanın, dolayısı ilə Moskvanın nəzarətinə düşməsi, özünün bölgədəki forpostu olan Ermənistana 200 milyon dollarlıq silahın satılması və Erebunidəki aviabazasına yeni təyyarə ilə vertolyotların göndərilməsi Rusiyanın Cənubi Qafqaza doğru addımlamasını sübut edir.

Tezliklə, Kremldən yeni Qarabağ açıqlamaları da gələ bilər. Bunu isə Qərblə Moskvanın əldə etdiyi razılaşma müəyyən edəcək. Əgər Qərb Qafqazı Moskva ilə üz-üzə yalqız buraxarsa, bu, Qafqaz üçün ağır imtahan olacaq.

Üç illik savaş bitir

Qafqazla yanaşı, Moskva üçün xüsusi önəm kəsb edən daha iki ölkə var. Bunlar Ukrayna və Moldovadır. 2013-cü ildən sonra Kiyev Moskva üçün əsas baş bəlasına çevrilib. Boris Qrızlovun keçən il Putinin Ukrayna üzrə xüsusi nümayəndəsi olması Donbas konfliktində müəyyən irəlləyişlərin olacağını göstərirdi. Əslində, ukraynalı ekspertlər də bunun proqnozunu verirdilər. Böyük ehtimalla Kerrinin dekabrın ortalarında Moskvaya səfəri Ukraynanın gələcəyini müəyyənləşməsinə səbəb oldu. Məhz həmin görüşdən sonra Minsk razılaşmasının tətbiqində sözdə də olsa irəlləmələr müşahidə edildi. Moskva dolayı yolla Donbas və Luqanskın Kiyevin tərkibinə qatılacağını söylədi.

Çox güman ki, Suriyada əldə olunan razılıq müəyyən mənada Ukraynaya da şamil olunacaq. Kreml qondarma respublikalarda öz nümayəndələrinin qalması şərti ilə Ukraynanın tərkibinə girməsinə, Donbas və Luqanska geniş muxtariyyət verilməsinə çalışacaq. Bu isə Kiyev üçün gələcəkdə mühüm problemdir. Krım isə həmişəlik unudulacaq. Onsuz da 2014-cü ilin martında Krım anneksiya olunandan cəmi bir ay sonra Qərb tərəfindən tamam yaddan çıxarılmışdı.

Ehtimal ki, bu razılaşmalardan sonra Qərb Moskvanın sakitləşməsi qarşılığında sanksiyaları müəyyən qədər yumşaldacaq. Bu isə neftin qiymətinə təsir edəcək. Artıq indidən Rusiya mətbuatı neftlə bağlı optimist proqnozlar səsləndirməyə başlayıb. Lakin Kremlin nefti əvvəlki kimi 100 dollar səviyyəsində görməsi inandırıcı deyil.

Hazırda ən qəliz məsələ isə Moldovadır. Moskvanın bu ölkədə təsiri güclüdür. Xüsusən Dnesteryanıda rus qoşunları var. Qaqauziya muxtariyyəti isə açıq-aşkar Gömrük İttifaqı istiqamətində irəlləmək istədiyini bəyan edir. Bu isə Kremlin əlinə işləyən kartlardır. Hazırkı hakimiyyətin saxlanılmasında Qərb maraqlı olsa da, onun fəaliyyətindən narazıdır. Kişinyov Kiyevin bənzər modelinə çevrilmək üzrədir. Ona görə də nə Qərb, nə də Rusiya bölgədən çıxmaq istəyir. Rusiyanın adamı olan İqor Dodonun isə ölkə daxilində təsirini artırması Kremlin Moldovada güclənməsinə səbəb olacaq. Avropa Birliyinin Moldovadan yeni reformlar istəməsi ölkədəki oliqarxların etirazına şərait yaradacaq. Hələlik, Qərblə əsas mübarizə meydanlarından birinin Moldova olacağı gözlənilir. Əgər Qərb hökumət və rusiyameylli İqor Dodona qarşı alternativ güc yaratmasa, onun burada gözlənilən faydanı götürməyəcəyi qaçılmazdır. Bu isə zaman məsələsidir.

Əlbəttə, hər şey dövlət başçılarının razılaşmalara necə əməl etməsindən asılı olacaq. Xüsusən də Moskvanın buraxacağı ilk səhv daha ağır nəticələrə şərait yarada bilər. Uduzan Qərb hər an Moskvanın səhvindən yararlanmaqla mövqeləri ələ keçirmək istəyəcək...