NATO və AŞ PA-dan Kremlə xəbərdarlıq Dünya

NATO və AŞ PA-dan Kremlə xəbərdarlıq

Rusiyanın gələcək taleyi sual altındadır

Cavid

Ukraynaya qarşı təcavüzkar siyasətindən əl çəkməyən Rusiyanın ünvanına yeni növbəti xəbərdarlıqlar səslənib. Qərb Krımın işğalına və Ukraynanın şərqində separatçılıq fəaliyyətləri qızışdırdığına görə, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq ediləcəyini bəyanlayıb. Bundan başqa srağagün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Rusiya nümayəndə heyəti səsvermə hüququndan məhrum edilib.
Bu arada məlumat yayılıb ki, ABŞ Ukrayna-Rusiya gərginliyinin daha da irəli gedəcəyindən ehtiyatlanaraq, Şərqi Avropadakı müttəfiqlərini müdafiə etmək məqsədilə Qara dənizə hərbi kontingent yığır. Ötən gün Türkiyənin Dardanel boğazından ABŞ və Fransa hərbi dəniz qüvvələrinə məxsus daha iki hərbi gəmi keçərək Qara dəniz sularına daxil olub. Ukraynanın şərq vilayətlərində gərginliyin davam etdiyi bir vaxtda Amerika Birləşmiş Ştatlarına məxsus "Donald Kuk" və Fransaya məxsus "Düpüi de Lom" hərbi gəmilərinin Qara dənizə daxil olması Rusiyanın ciddi narahatlığına səbəb olub.
Qərb koalisiyası hərbi gəmilərin Qara dənizə göndərilməsini hərbi təlimlərdə iştirakla əsaslandırılıb. Qara dənizi Mərmərə və Aralıq dənizləri ilə birləşdirən Dardanel və Bosfor boğazları Mudros sazişinə əsasən Türkiyənin hərbi nəzarətindən azaddır və hərbi gəmilərin boğazlardan keçidi bu sazişə müvafiq olaraq tənzimlənir.
NATO-nun baş katibi Anders Foq Rasmussen növbəti dəfə Rusiyanı hərbi qüvvələrini Ukrayna ilə sərhəddən geri çəkməyə çağırıb. Onun fikrincə, bu, Kremlin dialoq hazır olmaq məramının səmimiliyinə bir sübut olardı.
"Əgər Moskva dialoqa ciddi yanaşırsa, o zaman ilk addım kimi ordusunu geri çəkməlidir. Biz peykdən çəkilən fotoları hər gün görürük. Rusiya Ukraynanın şərqində etnik gərginliyi artırır və qarışıqlığa stimul verir", - deyə alyans rəhbəri qeyd edib.
HATO baş katibinin sözlərinə görə, suveren dövlət kimi yalnız Ukrayna özü federallaşma haqqında qərar qəbul edə bilər. Rasmussen onu da bəyan edib ki, Qərb yeni "soyuq müharibə" istəmir və Rusiyanın Ukrayna siyasətinə cavab olaraq Moskvaya münasibətdə gələcəkdə siyasi təcrid dərinləşəcək: "Əks təqdirdə, Rusiya beynəlxalq siyasi təcridin dərinləşməsi ilə üzləşəcək. Bu, heç kimin marağında deyil. Heç kim yeni "soyuq müharibə" istəmir".
Böyük Britaniya da Rusiyaya vaxt verərək Ukraynadakı işğala və sabitliyi pozan hərəkətlərinə son verməyə çağırıb. Böyük Britaniyanın Ukraynadakı səfiri Saymon Smit deyib ki, London Moskvaya cəmi bir neçə həftə vaxt verib ki, Rusiya işğalçılıq siyasətinə son versin: "Əgər Rusiya bu tələbi yaxın bir neçə həftə ərzində yerinə yetirməyib, işğaldan və Ukraynada qarşıdurmalara son verməkdən vaz keçməzsə, o zaman bu ölkəyə qarşı üçüncü dərəcəli sanksiyalar tətbiq ediləcək".
Diplomat onu da əlavə edib ki, Ukrayna böhranın dinc yolla həlli istiqamətində atılan cəhdlərə baxmayaraq, Rusiya tərəfdən isə bu istiqamətdə heç bir müsbət addım atılmır, əksinə Kreml vəziyyəti daha da mürəkkəbləşdirməyə çalışır.
Kreml isə yenə də Ukraynadakı mövcud gərginliyin yaranmasının məsuliyyətini Qərbin üzərinə yönəltməyə çalışır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov QHT nümayəndələri ilə görüşdə baş verənlərdə Avropa İttifaqını günahlandırıb: "Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı lap əvvəldən bizim xəbərdarlıqlarımıza və ehtiyat tədbirlərimizin əksinə olaraq gizli inkişaf edirdi və onun Rusiyanın iştirakı ilə inteqrasiya proseslərinə əks təsir aləti kimi sıfır nəticəli oyunlar məntiqi əsasında düşünüldüyü aydın oldu".
Lavrov deyib ki, Ukraynadakı gərginliyi azaltmaq mümkündür. O, Kremlin bununla bağlı şərtlərini açıqlayıb: "Bunun üçün Ukraynanın hazırkı hökumətinin legitimləşdirilməsi prosesini dayandırmaq, Ukraynanın bütün siyasi gücləri və regionları ilə dialoqu inkişaf etdirmək lazımdır. Əlbəttə ki, Ukraynanın bloklara qoşulmamasına dair ciddi təminat tələb olunur. Biz əminik ki, Ukrayna bizim üçün dost və qardaş ölkədir. Bu ölkə Avropa ilə aramızda nifaqa səbəb olmamalıdır, əksinə Avropada təhlükəsizliyin və əməkdaşlığın qurulmasında əsas halqa olmalıdır".
Hakim Vahid Rusiya Partiyası da Ukrayna ilə problemin hərbi qarşıdurma həddinə çatmasında xarici gücləri ittiham edib. Partiyanın deputatı Yevgeni Fyodorov deyib ki, SSRİ-nin dağılması ərəfəsində ölkədə baş verən hadisələr bu gün Rusiya və Ukraynada yaşanır. SSRİ-nin dağılması necə xaricdən təşkil edilmişdirsə, bu gün Rusiya və Ukraynada da eyni ssenari təkrarlanır: "Bir qrup deputat Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət etmişik. Sorğuda bildirilir ki, 1991-ci ildə ölkəyə edilən xarici müdaxilələr nəticəsində həyata keçən dövlət çevrilişinin əsl səbəbləri araşdırılsın".
Onun sözlərinə görə, SSRİ-nin dağılmasına xidmət edən qüvvələr bu gün Ukraynanı dağıtmağa çalışır.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının bir qrup deputatı Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət edib.
Müraciətdə SSRİ-də keçirilən referendum zamanı dövlətin vahid şəkildə idarə olunmasını dəstəkləsə də, o dövrki hakimiyyətin atdığı qeyri-qanuni addımlar ölkənin dağılmasına səbəb olduğu bildirilir.
Qeyd edək ki, artıq Ukraynanın şərqində rus separatçıları durumu nəzarətdən çıxarmaq üçün bütün vasitələrə əl atırlar. Donetskdə vilayət administrasiyasının inzibati binasını ələ keçirən rusiyameylli etirazçılar "xalq ordusu" yaratmağı qərara alıblar.
"İTAR-TASS"ın verdiyi xəbərə görə, bu barədə aprelin 7-də elan olunan "Donetsk xalq respublikasının" liderlərindən biri olan Denis Puşilin keçirdiyi mətbuat konfransında bildirib: "Biz bu gündən xalq ordusunun yaradıldığını və onun formalaşdırılmasına artıq başlandığını elan edirik". Onun sözlərinə görə, "ordu komandanı" İqor Kakidzyanov təyin olunacaq. Puşilinin sözlərinə görə, ordu "Donetsk xalq respublikasının" xalqının və "respublikanın" ərazi bütövlüyünün mühafizəsinin təmin etmək üçün gərəkdir.
Ukraynalı hakerlər isə Rusiya Dövlət Dumasının saytını sındıraraq orada Rusiya əleyhinə "Yaşasın Ukrayna!" başlıqlı müraciət yerləşdiriblər.
Müraciətdə bildirilir ki, Rusiya Federasiyası adlanan imperiyanın bütün gücü alkoqolizmə, xof və qorxaqlığa əsaslanır. "Gözəl günlərin birində bu imperiya çökəcək və hamınız onun qalıqları altında qalacaqsınız. Biz sizi kol dibindən vurub öldürəcək, kəllənizin arxasından güllələyəcəyik, çünki buna layiqsiniz. Kim ki, FTX-da (keçmiş KQB-də) və başqa bu kimi bandalarda qulluq edir, qoy bilsin ki, heç nə sizi xilas etməyəcək" - müraciətdə deyilir.
Ukraynanın ərazi bütövlüyünə qarşı təcavüz azmış kimi, Rusiyadan daha bir təhdid Qazaxıstanın ərazi bütövlüyünə qarşı edilib. Rusiya Federasiyasına daxil olan Xakasiya Respublikasının Ali Sovetinin sədri Vladimir Ştıqaşev Ali Sovetin Rəyasət Heyətinin iclasında Qazaxıstanın beş vilayətinin Rusiyaya məxsus olmasını deyib və bu, Astanada bir çox fikir adamlarını narahat edib.
Qazaxıstanın tanınmış ictimai xadimi Murat Auezov Vladimir Ştıqaşevin çıxışından ciddi narahat olub və Qazaxıstan Xarici İşlər Nazirliyinin bununla bağlı Rusiyaya nota yollamasının vacibliyini bildirib. Onun fikrincə, Xakas parlamentinin spikerinin çıxışı Qazaxıstanın ərazi bütövlüyünə təcavüzdür.
Qazaxıstanın xalq yazıçısı Muxtar Şaxanov da onu dəstəkləyib. Onun sözlərinə görə, həmin torpaq uğrunda qazax xalqı qan töküb: "Lazım olsa, xalq qalxacaq. Qazaxıstan Ukrayna deyil. Bizdə heç zaman Krım alınmayacaq! Qoy bunu bizim Rusiya və Çindəki qonşularımız bilsin".
Politoloq Zəlimxan Məmmədlinin fikrincə, Krımın Rusiya tərəfindən ilhaqından Kreml təcavüzkarlığın miqyasını artırıb: "Postsovet məkanı, Avropa dövlətləri və bəşəriyyət təhlükə ilə üz-üzədir. İstiqlal məfkurəsi, demokratiya ölümlə üz-üzədir. Təbii ki, mən dünyanın bu Putin tələsindən çıxmasına inanıram. Amma təhlükə realdır. Bu gün bütün səylər Rusiyanı bu qorxulu ssenaridən imtinaya yönəlməlidir. Asetiya, Abxaziya, Dnestryanı, Qarabağ və s. etnik münaqişə zonalarını körükləyən də Rusiyadır".