“İskəndər” İrəvan üçün “sehrli çubuq” hesab oluna bilməz” Dünya

“İskəndər” İrəvan üçün “sehrli çubuq” hesab oluna bilməz”

Ermənistanda bu ölkənin 25 illiyi ilə bağlı keçirilən hərbi paradda Rusiyadan alınmış operativ-taktiki "İskəndər" raketləri nümayiş edilib. Lakin bir sıra erməni kütləvi informasiya vasitələri bu silahın Ermənistan üçün xilaskarlıq rolu oynayacağına şübhə ilə yanaşırlar. Bununla bağlı Ermənistanın 1in.am saytında gedən təhlildə bildirilir ki, belə olan təqdirdə sual yaranır: "İskəndər"in əldə edilməsi Qarabağ münaqişəsinin həlli istiqamətindəki prosesdə hansı rolu oynayacaq? SİTAT: "Bu sualın birmənalı cavabı yoxdur. Belə ki, "İskəndər" İrəvan üçün "sehrli çubuq" hesab oluna bilməz. Ermənistanda mövcud olan iqtisadi problemlər və tələblər baxımından, "İskəndər" İrəvan üçün "sehrli çubuq" deyil. Əlbəttə, "İskəndər" müəyyən mənada əhəmiyyət kəsb edir və bu birmənalıdır. Əgər böyük miqyaslı hərbi əməliyyatlar başlayarsa, "İskəndər" burada faktor kimi rol ala bilər".
Erməni saytı yazır ki, bütün bunlarla yanaşı, görünən odur ki, hərbi əməliyyatların geniş, lokal, yaxud azmasştablı olub-olmayacağını indidən demək çətindir: "Yəni dəqiqləşdirilmiş xətt müəyyən olunmayıb ki, "İskəndər"in aparıcı mexanizm olması barədə fikir bildirilsin. Məhz belə masştablarda "İskəndər" böyük rol oynaya bilməz".
Qeyd olunur ki, Əgər İrəvan dövlət siyasətində adekvat, yaxud ehtiyat diplomatiyasını qura bilməsə, mövcud siyasi hadisələr fonunda "İskəndər" sayəsində müsbət heç nə əldə edə bilinməyəcək: "Yəni "İskəndər"ə malik olan Ermənistanda dövlət siyasəti adekvatlıq üzərində qurulmalıdır, əlbəttə ki, hərbi deyil, suveren diplomatik siyasət baxımından..."
Lakin qeyd olunanlarla yanaşı, erməni nəşri işğalçılıq nöqteyi-nəzərindən də çıxış edərək yazır ki, Ermənistan hakimiyyəti "İskəndər"ə malik olduqdan sonra Qarabağ danışıqları çərçivəsində Madrid prinsiplərindən də imtina etməlidir. Nəşr bunu belə "izah" etməyə çalışıb ki, Ermənistan hakimiyyəti Madrid prinsipləri üzərində dayandıqdan sonra hadisələr addım-addım hərbi-siyasi kollapsa doğru inkişaf etdi və dalana dirəndi ki, nəticədə aprel müharibəsi, daha sonra isə məğlubiyyət baş verdi.