“Ukrayna Rusiya ilə razılaşmır” Dünya

“Ukrayna Rusiya ilə razılaşmır”

Azad İsazadə: "Ona görə daha çox Qərblə, NATO ilə əməkdaşlığa üstünlük verir"

Rusiya ilə müharibə şəraitində olan Ukraynada ordu hissələrinin modernləşdirilməsi, NATO standartlarına uyğunlaşdırılması davam edir. Ukrayna mətbuatının verdiyi məlumata görə, artıq 4 batalyon NATO standartlarına tam olaraq uyğunlaşdırılıb və hazırda 5-ci batalyonun da bu standartlara uyğulaşdırılması istiqamətində iş aparılır.
Maraqlıdır, NATO standartlı batalyonlar Ukrayna-Rusiya savaşında nəyisə dəyişə bilərmi? Yeni tipli bu batalyonlarla Rusiyanın təcavüzünün qarşısını almaq, işğaldakı torpaqları azad etmək mümkündürmü?
Hərbi ekspert Azad İsazadə sadəcə 4 batalyonun NATO standartına uyğunlaşdırılmasının yetərli olmadığını, prosesi başa çatdırmağın zəruri olduğunu vurğuladı. Ekspertin sözlərinə görə, əks-təqdirdə bu cür yenilik müharibə zamanı Ukrayna ordusu üçün ciddi problemlərə səbəb ola bilər:
"NATO standartları geniş anlayışdır və bütün silah-sursatın, artilleriyanın və s. dəyişdirilməsini nəzərdə tutur. Bu gün Ukrayna ordusunun avtomat, güllə, hərbi sursat, tank və artilleriya qurğularını tam olaraq dəyişdirməsi çox çətindir. Cəmi 4 batalyonun NATO standartlarına uyğunlaşdırılması döyüş vaxtı müəyyən problemlərə səbəb ola bilər. Rusiya və NATO standartlarına uyğun batalyonlar bir yerdə döyüşə girə bilməyəcək. Çünki orada rabitə sistemləri, taktiki yaxınlaşma, sursat fərqlidir. Deməli, bu 4 batalyon ya bir yerdə, ya da ayrı-ayrılıqda döyüşə girməlidir. Fərqli standartlara malik batalyonların döyüşə atılması maneçilik yarada bilər.
Lakin Ukraynada bu istiqamətdə iş aparılır. Bütün ordunu birdən-birə dəyişdirmək çətin olur. Ukrayna siyasi baxımdan bu gün elə bir vəziyyətdədir ki, ya Rusiyanın tələbləri ilə razılaşıb təslim olmalıdır, ya da hansısa güc mərkəzinə arxalanmalıdır. Ukrayna Rusiya ilə razılaşmır və ona görə daha çox Qərblə, NATO ilə əməkdaşlığa üstünlük verir".
"Etiraza baxmayaraq Türkiyə İŞİD-ə qarşı mövqeyini davam etdirəcək"