Ərdoğan Türkiyəyə qarşı cəbhə açdı Dünya

Ərdoğan Türkiyəyə qarşı cəbhə açdı

Cem Toker: "Üzr istəmək və hadisənin olduğunu etiraf etmək birinci addımdır, arxasıyla maddi və torpaq təzminatlarının tələbi gələcək"
"Ərdoğanın çıxışı prezident seçkisi öncəsi Qərbə xoş görünməyə hesablanıb"

Cavid

Ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni "soyqırımı" ilə bağlı dünya ictimaiyyətinə qalmaqallı müraciət edib. Hökumət başçısının bəyanatı Nazirlər Kabinetinin saytında dərc olunub.
Bəyanatda deyilir ki, "erməni vətəndaşlarımız və dünyadakı bütün ermənilər üçün özəl bir gün olan 24 aprel tarixi bir məsələ ilə bağlı onların düşüncələrinin azad ifadə edilməsi üçün bir fürsətdir, Amma 1915-ci il hadisələri Türkiyəyə qarşı istifadə olunmamalıdır və bu yolverilməzdir".
Ərdoğan "birinci dünya müharibəsində yaşanan acı xatirələri" hamının ortaq dərdidir: "Biz arxivlərimizi tarixçilərin üzünə açmışıq. Həmin zamanlarda etnik və dini mənsubiyyətindən asılı olmayaraq həlak olan hər bir insanı rəhmətlə yad edirik".
Türkiyə hökumət başçısının belə açıqlama ilə çıxış etməsi isə birmənalı qarşılanmayıb.
"Türkiyənin 1915-ci il hadisələri zamanı həlak olan ermənilərin ünvanına başsağlığı verməsi zəiflik kimi qiymətləndirilməməlidir". Bunu xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin NTV telekanalına müsahibəsində bəyan edib. Nazir deyib: "Türkiyənin 1915-ci il hadisələri zamanı həlak olan ermənilərin ünvanına başsağlığı verməsi zəiflik deyil, yüksək mədəniyyətin göstəricisidir". XİN rəhbərinin sözlərinə görə, hər bir xalqın yaddaşı var, lakin bu o demək deyil ki, 1915-ci il hadisəsindən siyasi məqsədlər üçün istifadə olunmalıdır.
Davudoğlu əlavə edib ki, Türkiyə Ermənistandan ermənilərin "ASALA" terror təşkilatı tərəfindən öldürülən türk diplomatlarına görə başsağlığı gözləmir. Bundan əvvəl Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb. "Sülh mesajı"nda "tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın" vacibliyi bildirilib.
Mesajda 1915-ci il hadisələrinin sadəcə ermənilər üçün deyil, eyni zamanda, ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: "Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915 ci il hadisələri hamımızın ortaq acısıdır".
Hökumətin mesajında o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.
Yeri gəlmişkən, dünən 1915-ci ildə Türkiyədə heç bir "erməni soyqırımı"nın olmamasına dair AKP sədrinin müavini Məhmət Əli Şahinin "TRT Haber"ə açıqlaması olub. Onun sözlərinə görə, 1915-ci il hadisələrində Türkiyədə təkcə ermənilər deyil, ərəblər, kürdlər, eləcə də türklər də həlak olublar: "1915-ci ildə ermənilərin dövlətə qarşı üsyan etdiklərini və onların dinc əhaliyə qarşı xarici qəsbkarlarla birləşdiklərini sübut edən çoxlu sayda faktlar var. 1915-ci ildə yerli əhali özlərini ermənilərdən qorumağa məcbur olub".
ABŞ Dövlət Departamentinin ermənipərəst mövqeyilə tanınan rəhbəri Con Kerri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma erməni "soyqırımı" ilə bağlı verdiyi bəyanata münasibət bildirib. ABŞ dövlət katibi bu barədə özünün twitter səhifəsində mövqeyini açıqlayıb. O, Ərdoğanın bəyanatından məmnunluğunu gizlətməyib və deyib: "Bütün fikirlər, dualar ermənilərlədir. Baş nazir Ərdoğanın bəyanatı da qlobal prinsipləri təsdiqləyir".
Lakin Türkiyə liberal demokratlarının lideri Cem Tokerin fikrincə, Ərdoğanın çıxışı prezident seçkisi öncəsi Qərbə xoş görünməyə hesablanıb: "Bu səbəbdən də düşünürəm onun ermənilərdən dilədiyi üzrdə səmimiyyət yoxdur. Hər halda bu təəssüf dolu üzrxahlıqda o vaxt qətlə yetirilən yüz minlərlə müsəlman Osmanlı türkü üçün də yer olmalı idi. Mən şəxsən beş dəfə Ermənistana xüsusi dəvət əsasında səfər etmişəm. Hər bir səfərdə də görüş və müzakirələr zamanı "soyqırımı" qəbul etməyəcəyimə və ümumiyyətlə, belə bir hadisənin yaşanmasına inanmadığımı bildirmişəm. Bilirsiniz, üzr istəmək və hadisənin olduğunu etiraf etmək birinci addımdır, arxasıyla maddi və torpaq təzminatlarının tələbi gələcək. Ərdoğan 2015-ci il öncəsi gələcək zərəri azaltmaq istəyərkən, bu hesabı da diqqətə almalıydı".
Onu da bildirək ki, Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Baxçalı baş nazir Rəcəb Tayyib Ərdoğanın Osmanlı dövlətinə qarşı "soyqırım" iddiaları səsləndirən ermənilərə başsağlığı verməsinə sərt reaksiya verib.
MHP sədri aprelin 24-də partiyanın millət vəkilləri ilə keçirilən toplantıda baş naziri ermənilərin mövqeyini müdafiə etməkdə ittiham edib: "Bəzi çevrələr "hamımız erməniyik" deməkdədirlər. Hörmətli baş nazir də bu başsağlığı ilə "hamımız erməniyik" dedi. Bu şəxs dərhal prezidentliyə namizədlik iddialarını geri götürməlidir".
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma erməni soyqırımının 100 illiyi ərəfəsindəki çıxışı, həmin çıxışında ermənilərə başsağlığı verməklə yanaşı qarşı tərəflə əməkdaşlıq fonunda xeyli isti notlar səsləndirməsi Azərbaycan ictimaiyyətində də müəyyən narahatlığa səbəb olub. Ölkə ictimaiyyəti hesab edir ki, Ərdoğanın ermənilərə münasibətdə 2009-cu ilin Sürix protokolları ilə həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətində ciddi təpki doğuran məlum yanaşması yaxın gələcəkdə daha ciddi prosesləri tətikləyə bilər. Belə ki, Azərbaycan cəmiyyəti üçün son dərəcə həssas məsələ olan Türkiyə-Ermənistan sərhədlərinin açılması və iki ölkə arasında uzun illərdir ki, kəsilən diplomatik əlaqələrin bərpası ehtimalı var ki, bu da ölkəmizin milli maraqları baxımından arzuedilməzdir.
Konfiliktoloq Elxan Mehdiyev hesab edir ki, Ermənistanla yaxınlaşmaq naminə Ərdoğan hökumətinin müəyyən addımlar atması istisna deyil və bunu ilk növbədə onun bir baş nazir kimi düşdüyü çıxılmaz vəziyyət tələb edir: "Türkiyənin mövcud baş nazirindən hər an hər şey gözləyirəm. Bildiyiniz kimi, ermənilər bugünlərdə qondarma soyqırımın yüz illiyini dünya miqyasında qeyd etməyə çalışırlar. Bu baxımdan ABŞ və Avropa Türkiyəni Ermənistanla əlaqələri normallaşdırmağa, məlum protokolları ratifikasiya etməyə çağırır. Ərdoğan bu gün çox ağır durumdadır və odur ki, öz postunda və ümumiyyətlə siyasi səhnədə qalması baxımından Ermənistanla münasibətləri qaydasına qoymağa ümid edir. Bu gün Ərdoğan kiayət qədər izolə edilmiş durumda, arzuedilməz bir şəxs vəziyyətindədir. Əgər həqiqətən də rəsmi Ankara Ermənistanla münasibətləri yaxşılaşdırarsa, bu, birbaşa Ərdoğanın öz şəxsi mövqeyini möhkəmləndirməsi və qoruyub saxlaması konteksində atılan bir addım olacaq".
Ekspertin sözlərinə görə, Türkiyənin Ermənistanla münasibətləri yaxşılaşdırması Azərbaycanın faktiki olaraq beynəlxalq arenada tamamilə təklənməsi demək olardı: "Əgər Türkiyə Ermənistanla diplomatik münasibətləri bərpa edərsə və iki ölkə arasında sərhədlər açılarsa, Azərbaycan beynəlxalq arenada tamamilə təkbaşına qalacaq. Türkiyə bu vaxta qədər heç deyilsə, siyasi baxımdna Azərbaycanı dəstəkləyirdi. Lakin Türkiyə Ermənistanla yaxınlaşmaq xətti seçərsə, o zaman Azərbaycan bu dəstəkdən də məhrum olacaqdır".
E.Mehdiyev 2009-cu il olaylarına da diqqət çəkib:
"Xatırladaq ki, Ərdoğan 2009-cu ildə Ermənistanla diplomatik münasibətlərin yaradılmasını nəzərdə tutan protokolların imzalanmasına xeyir-dua vermişdi, bu protokoları imzalamışdı. Lakin daha sonra Türkiyə ictimaiyyətinin təzyiqi ilə bundan vaz keçmişdi. Əgər Ərdoğan yenidən eyni istəyi nümayiş etdirərsə, bu dəfə də onun bu addımı türk xalqının etirazı ilə qarşılaşacaq".