Ukraynada qan su yerinə axıdılır Dünya

Ukraynada qan su yerinə axıdılır

Toqquşmalarda ölənlərin sayı hər gün artmaqdadır
Ukrayna Daxili İşlər Nazirliyinin "Kiyev-1" xüsusi təyinatlı taboru Odessaya göndərilib

Cavid

Ukraynada vəziyyət gündən-günə kəskinləşir. Separatçılarla Ukranya hərbçiləri arasında qarşıdurmalar itkilərlə nəticələnir. Ölkə nəzarətdən çıxır. Təkcə mayın 2-də Odessada Ukrayna tərəfdaşları ilə rusiyayönlü separatçılar arasındakı toqquşmada 46 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hadisələrlə bağlı Odessa milisi 130 nəfəri saxlayıb.
Ölkənin Luqansk şəhərində əllərində Rusiya bayrağı olan hərbi geyimli silahlılar hərbi komissarlığın binasını ələ keçirməyə cəhd ediblər. Ukrayna Milli Qvardiyasının döyüşçüləri ilə rus separatçıları arasında atışma baş verib.
"UNİAN" agentliyinin verdiyi xəbərə görə, separatçılar "Molotoff" kokteyllərindən və avtomat silahlardan istifadə ediblər. Hərbi komissarlığın binasında olan hərbçilər separatçıların hücumunu dəf edə bilib.
Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Andrey Parubiy əməliyyat zamanı bir ukraynalı hərbçinin yaralandığını bildirib. "Bizim uşaqlar arasında bir nəfər yaralandı. Amma hücumu dəf etdik. Komissarlığın hərbçiləri bizimkilərdən silahlarını onlara verməyi tələb edirdilər. Amma qvardiyamızın döyüşçüləri silahı onlara verməyəcəklərini dedilər və onların hücumlarını dəf etdilər", - deyə o, hadisələrin necə baş verməsini şərh edib.
Daxili İşlər Nazirliyi atışma nəticəsində 2 hərbçinin yaralandığını açıqlayıb. Rusiyanın "Rossiya 24" telekanalının məlumatına görə isə, Luqanskda döyüşlərdə 1 rusiyayönümlü separatçı ölüb, 2-si də yaralanıb.
Qeyd edək ki, ötən gün "Cənub-Şərqin Ordusu" adlı rusiyayönümlü qeyri-qanuni silahlı qruplaşma Luqansk vilayəti ərazisində fövqəladə vəziyyət və komendant saatı elan edib.
Ukraynanın hazırkı prezidenti Oleksandr Turçinov "Kanal 5" televiziyasına müsahibəsində deyib ki, Rusiya Ukrayna ilə müharibə şəraitindədir. Ukraynanın şərqində və cənubunda sabitliyi tamamilə pozamağa çalışırlar. Odessa, Xarkov regionu Rusiyanın əsas hədəflərindən biridir.
Turçinov qeyd edib ki, "vətənpərvər ukraynalılar" "yerli separatçıların" cəhdlərinin qarşısını alıb.
Ukrayna rəsmisinin sözlərinə görə, həftəsonu Odessadakı hadisələrdə "xeyli sayda Rusiya pasportlu şəxs" və Moldovanın separatçı Dnestryanı regionundan adamlar iştirak edib.
Prezidentin dediyinə görə, Ukrayanın cənub və şərqində "separatçı qruplara rəğbət bəsləyən" çoxlu polislər var.
Rusiya silahlı qüvvələrinin Ukraynanın bir çox regionunda sabitliyi pozmağa cəhd etdiyini qeyd edən Turçinov onların yalnız Donetsk və Luqansk regionlarında buna nail olduğunu bildirib.
O etiraf edib ki, Kiyev Rusiyayönlü separatçılara qarşı ölkənin şərqində əməliyyat keçirmək istəyir, ancaq bu istəyə regionda separatçıları dəstəkləyən xeyli sayda adamın olması mane olur.
Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk isə Odessaya gedib və bu şəhərdə törədilən faciəyə görə Rusiyanı ittiham edib.
Rusiya XİN-nin müavini Grigory Karasin isə ötən gün Moskvada bildirib ki, Odessa hadisələri Ukrayna hakimiyyətinin Rusiyayönlü əhali ilə dialoq qura bilmək iqtidarında olmadığını göstərdi.
Karasin-in sözlərinə görə, Odessadakı ölüm "bütün dünyaya xəbərdarlıq olmalıdır".
Ukrayna Daxili İşlər Nazirliyinin "Kiyev-1" xüsusi təyinatlı taboru son günlər gərgin vəziyyətin yarandığı Odessa şəhərinə göndərilib. Bunu özünün "Facebook" səhifəsində daxili işlər naziri Arsen Avakov yazıb. O, taborun bu yaxınlarda vətəndaş fəallarından formalaşdırıldığını söyləyib: "Taborun rəhbərliyi və tərkibinin önəmli hissəsi odessalılardır. Onların bu çətin günlərdə Odessaya kömək etmək istəklərini nəzərə alaraq uşaqları oraya ezam etmək qərarına gəldik".
A.Avakov mayın 2-də baş verən iğtişaş zamanı yaxalananlardan 42 nəfərinin mərkəzi vilayətlərdən birinə etap olunduğunu da söyləyib.
Bu arada Ukrayna Müdafiə Nazirliyində Rusiyaya işləyən casusların olması barədə məlumatlar yayılıb.
Ukrayna Müdafiə nazirliyinin "Sokol" xüsusi təyinatlı bölüyünün rəhbəri Viktor Sokolov deyib.
V.Sokolov deyib ki, əməliyyatlara başlamazdan öncə kimlərsə bu haqda Rusiya tərəfinə məlumat ötürüb: "Nəticədə bizim bəzi planlarımız separatçılara məlum olub. Ordu daxilindən separatçılara sızan bu məlumat terrorçuların Slavyanskın bəzi yerlərində bizə pusqu qurması ilə nəticələnib.
Biz hazırda həmin şəsxlərin kimliyini müəyyən etmək üçün tədbirlər görməkdəyik, yaxın zamanlarda bu şəxslər müəyyən olunaraq, qanun qarşısında cavab verməli olacaqlar".
Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə BBC-yə verdiyi müsahibədə deyib: "Biz anlayırıq ki, təhlükəsizlik qüvvələri qanunu pozublar. Ukrayna prokurorluğu təhqiqata başlayıb və biz Odessa regionunun polis rəisini işdən çıxarmışıq. İnanıram ki, prokurorluq hamını yoxlamalıdır. Tam bitkin və müstəqil təhqiqat aparılmalıdır, çünki şəxsən mən təhlükəsizlik və hüquq mühafizə idarəsini zorakılığın qarşısını almaq üçün heç nə etməməkdə günahlandırıram".
Yatsenyuk Ukraynanın cənub şərqinə nəzarətin tam itirilmədiyini bildirib: "Rusiyanın rəhbərlik etdiyi etirazçıların nəzarətində olan bəzi nöqtələr var. Ancaq antiterror əməliyyatı davam edir və çox şey yerli əhalidən asılı olacaq - yəni onların sülhü və sabitliyi və ya Rusiyanın sponsorluq etdiyi şəxsləri dəstəkləməsindən".
"Biz ölkədəki, rusca sərbəst danışa bilən hər bir kəsə aydın mesaj göndəririk; konstitusiyanı dəyişməyə hazırıq, yerli hökumətlərə səlahiyyət verməyə hazırıq, vahid ölkə naminə hər şeyə hazırıq. Ancaq bu yolla qulaq asmaq istəyənlə danışmaq olar - əlində AK-74 tutanlar heç bir dialoqda maraqlı deyil", - deyə Yatsenyuk sözlərinə əlavə edib.
ABŞ senatında isə Ukraynaya 100 mln. dollar dəyərində hərbi yardım paketi haqqında qanun layihəsi hazırlanır.
Bu barədə ABŞ senatoru Con Makkeyn deyib.
Onun sözlərinə görə, yardım paketində Ukraynaya təkcə maliyyə yardımı nəzərdə tutulmur.
"Biz Rusiyanın təcavüzünə qarşı müvafiq addımlar atmaq istəyirik. Putin başa düşməlidir ki, Ukraynanın cənub şərqini işğal etmək onun üçün baha başa gələcək",- Con Makkeyn deyib.
Senator bildirib ki, Ukraynaya hərbi yardım paketi haqda qanun layihəsinin hazırlanması vaxt aparacaq. Lakin başa düşürük ki, vaxt bizim əleyhimizə işləyirik. Bu səbəbdən Con Makkeyin deyib ki, ABŞ prezidenti Barak Obamanı Ukraynaya ən yaxın vaxtda hərbi yardım etməyə inandırmağa çalışır.
Senatorun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın cənub şərqində təxribatlar həyata keçirərək Rusiya ordusunu bölgəyə göndərməyə çalışır. Lakin ABŞ V.Putinin təcavüzünə qarşı layiqli cavab verməyə hazırdır.
Ukraynanın Donetsk şəhərinin meri Aleksandr Lukyançenka şəhər meriya binasının açarlarını separatçılara təhvil verib.
Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qondarma Donetsk xalq respublikasını mətbuat katibliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Donetskdə olan tərəfdarları meriya binasına gələrək, hakimiyyətin xalqa təhvil verilməsini istəyib: "Mer Aleksandr Lukyançenka da tərəfdarlarımızın bu istəyini müsbət qarşılayıb və binanın açarlarına xalqa təhvil verib. Bütün prosses dinc şəkildə həyata keçib".
Qondarma Donetsk xalq respublikasının nümayəndəsi Serqey Çıplakov da məsəsləyə münasibət bildirib: "Hazırda Donetskin bütün inzibati binaları bizim nəzarət altına keçməkdədir, xalq öz hakimiyyətini bərpa etməyə qərarlıdır və bu yolda heç kimi bizə mane ola bilməyəcək".
Odessada Həmkarlar İttifaqının binasında baş verən yanğın zamanı isə sadə ukraynalılar binada qalan insanları xilas etmək üçün müxtəlaif vasitələrə əl atıb.
Yanğın hadisəsi zamanı onlarla insanın həyatını xilas edə biliblər.
Digər məlumata görə, Ukraynanın Slavyansk şəhərində antiterror əməliyyat qrupunun bölmələri blokpostlara yenidən hücum edib.
Hazırda şəhərdə antiterror əməliyyat qrupunun bölmələri ilə separatçılar arasında gərgin döyüşlər gedir. Son məlumatlara görə, 5 separatçı yaralanıb. Antiterror əməliyyat qrupunun bölmələri şəhəri demək olar ki, mühasirəyə alıb.
Son məlumatlara görə, Ukrayna ordusu rusiyameyilli qüvvələrin nəzarəti altında olan ölkənin cənub şərq vilayətlərinə girməyə hazırlaşır. Ordu ötən gündən etibarən Slavyanks şəhərinin giriş və çıxışlarını nəzarət altına alıb. Şəhər sakinləri müharibə hazırlığı görüb. Belə ki, sakinlər evlərinin qarşısında barrikadalar qurub.
Ukraynanın cənub-şərq vilayətlərində vəziyyəti nəzarət etmək çətinləşir. Donetsk vilayətinin şimalında yerləşən Slavyansk şəhərində rusiyameyilli separatçılar öz mövqelərini saxlamağa çalışırlar. Həm Slavyansk, həm də Kramatorskidə hökumət qüvvələri mövqelərini gücləndirməkdə davam edirlər.
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy bildirib ki, rusiyameyilli separatçıların mövqelərinin güclü olduğu Slavyanskda və Kramatorskidə aktiv əməliyyatlar başa çatandan sonra, proses digər şəhərlərdə davam etdiriləcək.
Yeli sakinlərin verdikləri məlumata görə, isə Slavyanskda hökumət nəzarəti tam ələ keçirə bilməyib. Küçələr barrikadalara görə hələ də bağlıdır. Mobil rabitə demək olar ki, işləmir. Mağazalar fəaliyyət göstərmir və yaxud məhdud sayda ərzağa malikdirlər.
Antiterror Mərkəzinin başçısı Vasiliy Krutov bildirib ki, əməliyyatlar davam etdirilir. Bölgədə asayiş keşikçilərinin sayı artırılır. Bölgədə aparılan əməliyyatlarda ötən həftəsonu hökumət qüvvələrinə məxsis qoşun birləşmələrinin 5 hərbçisi həlak olub, 12 nəfəri isə yaralanıb.
Mayın 11-də isə Dnepropetrovskda Ukraynanın cənub-şərq vilayətləri hakimiyyət orqanları nümayəndələrinin qurultayı keçiriləcək. Qurultayın keçirilməsinin təşəbbüskarı Dnepropetrovsk vilayətinin yeni təyin olunmuş qubernatoru, oliqarx İqor Kolomoyskidir.
Qurultaya Donetsk, Luqansk, Odessa, Xarkov, Dnepropetrovsk, Zaporojye, Xerson, və Nikolayev vilayətlərinin, eləcə də bütün səviyyələrdə yerli sovetlərin deputatları dəvət olunub. Nümayəndələr "ərazi icmalarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə uyğun olaraq Ukraynanın sərbəst iradə və inzibati sərhədlərinin dəyişdirilməsi" məsələsini müzakirə etməyi planlaşdırırlar.