Suriya düyünü açılmır Dünya

Suriya düyünü açılmır

Vüqar Zifəroğlu: "Tərəflər təbii ki, öz maraqlarını müdafiə edir"

Çağatay Balıcı: "Maraqlar toqquşduğundan Suriya məsələsi həll olunmur"

Hasan Oktay: "Trampın məsləhətçiləri Türkiyənin prioritetlərini görməməzliyə vururlar"

Məhəmməd Əsədullazadə: "Türkiyədən fərqli olaraq, Rusiya və İran Əsəd rejiminin yanında yer alır"

Suriya ətrafında danışıqlar prosesi deyəsən, artıq intensivləşir. Belə ki, Qazaxıstanda Türkiyə, Rusiya və İranın dəstəyilə Suriyadakı döyüşən tərəflərin bir masa arxasına gəlməsinin ardınca, fevralın 23-də Cenevrədə görüş baş tutacaq. Bununla bağlı olaraq, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura danışıqlarda iştirak edəcək ölkələrə artıq dəvət göndərib.
Görəsən, Cenevrə görüşü Suriyadakı mövcud vəziyyətin nəhayət ki, durulmasına gətirib çıxaracaqmı?
Bu sualla bir neçə politoloqa müraciət etdik.
Siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, ümumiyyətlə, Cenevrəyə qədərki görüşlərin də prinsipial şəkildə Suriyada baş verən proseslərə hər hansı bir təsirinin olmadığını gördük. Suriyada cərəyan edən proseslər elə bir düyündür ki, onu iştirakçı olan dövlətlərin maraqları, baxış bucaqları və hədəfləri daha da çətinləşdirir. Tərəflər öz maraqlarından geri çəkilmək istəmirlər. İstər İran, istər Rusiya və ya Qərb, Türkiyə olsun, hər birinin öz marağı və hədəfi var. Suriyada gedən müharibənin mahiyyətində duran problem də həmin maraqların toqquşmasından qaynaqlanır: "Xattırlayırsınızsa, yanvarın 23-də Astanada keçirilən ilk danışıqlarda Qərbin və Türkiyənin dəstəklədiyi bəzi qüvvələr danışıqlarda iştirakdan imtina etmişdi. Ona görə də danışıqlara qatılan bütün tərəflərin atəşkəsə imza atacağını iddia etmək doğru olmaz. Digər tərəfdən, Suriyadakı proseslərin iştirakçısı olan dövlətlərin özlərinin yekun razılığa gəlməsindən danışmaq hələ tezdir. Yəni, ABŞ-İran gərginliyi davam edirsə, bu gün Türkiyə ilə İran arasında müəyyən polemikalar yaşanırsa, deməli, razılaşmaya gəlmək də çətin olacaq.
Tərəflər arasında müvəqqəti, lokal razılaşmalar əldə oluna bilər, amma bu, Suriya probleminin həll edilməsi anlamına gəlmir. Tərəflər təbii ki, öz maraqlarını müdafiə edir və mövqelərini güzəştə getmək niyyətində deyillər. İranın Suriyada hər hansı güzəştə imza atacağı inandırıcı deyil".
Türkiyəli politoloq Çağatay Balıcı deyib ki, Türkiyə, Rusiya və ABŞ üstəgəl İranın Suriyada müxtəlif hədəflər və mənfəətləri söz mövzusu olar qalmaqdadır: " Bu səbəbdən də maraqlar toqquşduğundan Suriya məsələsi həll olunmur. Türkiyə DEAŞ koalisiyası və YPQ (Xalqın müdafiə Qoşunları) ilə döyüşür, ABŞ YPQ-ni dəstəkləyir, Rusiya Əsəd rejimini dəstəkləyir, İran isə çox fərqli hücumlar edir. Ona görə də vahid bir mübarizə taktikası yoxdur".
Digər türkiyəli politoloq Hasan Oktayın fikrincə isə, Suriya problemi haqqında hər bir ölkənin fərqli yanaşması var. Xüsusilə Amerikanın yeni prezidentinin müdaxiləsi ilə Suriyada siyasətin dəyişdirilməsi gözlənilir: "Amerika ilə Türkiyə İŞİD və digər terror təşkilatlarına qarşı birlikdə hərəkət etmək məcburiyyətindədirlər. ABŞ xüsusilə PYD mövzusunda Tükiyə ilə görüş ayrılığı yaşamaqdadır. Trampın məsləhətçiləri Türkiyənin prioritetlərini görməməzliyə vururlar. Amma belə olmayacağını yaxında anlayacaqlar və Türkiyə ilə koalisiya gücləri birlikdə terror təşkilatlarına qarşı mübarizə aparacaq. PYD və YPG kimi terror təşkilatları İŞİD-ə qarşı mübarizə aparır. Eyni şəkildə Rusiya Əsədin qalması istiqamətində fikir irəli sürərkən Türkiyənin terror prioritetlərinə yanaşmasını göz önünə almalıdır. Türkiyə həm Rusiya, həm də ABŞ-dan bu mövzuya lazımlı həssaslığı göstərmələrini gözləməkdədir. Rusiyanın prioritet məsəli Əsəd rejimini saxlamaq, ABŞ-ın prioriteti İŞİD-ə qarşı mübarizə, Türkiyənin isə güneydə terror təşkilatlarının təmizləmək məqsədi var. Bu üç dövlətin bu prioritetləri əslində Əsədin hakimiyyətinin qorunması demək olar".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Yaxın Şərqdə davam edən "ərəb baharı" Suriyada düyünləndi. Suriyada 6 ildir davam edən müharibədə 300 mindən artıq insan həlak olub. Suriya qlobal güclərin haqq-hesab meydanına çevrilərək, regional və qlobal güc uğrunda mübarizə meydanın xatırladır. Rusiyanın fəal hərbi müdaxiləsindən sonra, vəziyyət bir qədər Əsədə rejimi üçün müsbətə doğru dəyişsə də ciddi nəticələr baş verməyib. Çünki burada Rusiya-İran və Türkiyə birdə ərəb ölkələri ilə Qərbin maraqları toqquşur. Hazırda üç ölkənin ordusu Suriyada döyüş əməliyyatlarında fəal iştirak edir. Rusiya, İran və Türkiyə ordusu ayrı-ayrı cəbhələrdə İŞİD qarşı döyüşsə də Türkiyədən fərqli olaraq, Rusiya və İran Əsəd rejiminin yanında yer alır: "Suriyada atəşkəsə nail olmaq və ABŞ başda olmaqla onun formalaşdırdığı koalisiyanı Suriya böhranından kənarda tutmaq üçün Rusiyanın təşəbbüsü ilə Astanada Suriya danışıqlarına start verildi. Suriya üzrə nizamlanma prosesinin yanvarın 21-23 də keçirilən Astana götüşündə Rusiya, İran və Türkiyə əsas iştirakçı ölkələr idi. Burada mötədil müxalifətin tərəfindən Türkiyə iştirak edirdi. İlkin olaraq burada atəşkəs məsələsinə baxılsa da prinsipial məsələrdə ortaq məxrəcə gəlinmədi. Rusiya bu görüşlərdə Suriyada PYD -nin də iştirakına çalışması, bir növ onların müzakirələrdə yer almaq istəyi, Türkiyənin vetosu ilə nəticələnirdi. Rusiyanın bu təşəbbüsləri isə danışıqlar prosesini zədələyirdi. Astana danışıqlarında Suriyanın ərazi bütövlüyü məsələsində birgə konssionsusa gəlinsə də, Suriyanın şimalında fəaliyyət göstərən YPG kürd terrorçu təşkilatları muxtariyyət uğrunda mübarizəsi və ABŞ-ın dəstəyi ərazi bütövlüyü çərçivəsində həll problemlərini qabardır".
Politoloq onu da deyib ki, Cenevrə və Astana görüşlərinin müsbət sonluqla yekunlaşmamasının səbəbləri əsasən Rusiya-ABŞ mübarizəsi, həmçinin Türkiyə-İran və Səudiyyə arasında ixtilaflardı. Artıq, ABŞ da Suriyaya quru qoşun yeritmək niyyətindədir. ABŞ baş qərargah rəisi Danfordum türkiyəli həmkarı arasında görüşdə Türkiyə tərəfindən bu dəvət irəli sürülüb. Rusiya və Türkiyə arasında Suriyada fikir ayrılıqları hökm sürməkdədir. Türkiyə çalışır ki, ABŞ YPG dəstəkdən imtina edərək, Türkiyə ilə birgə əməliyyatlar keçirsin. Bu baş verərsə, Türkiyə-Rusiya əlaqələri zəifləyəcək.
Suriyada münaqişənin bitməsi gözlənilmir. ABŞ bundan sonra əməliyyatlara gedəcəksə, ciddi şəkildə yenidən müharibənin geniş miqyas alması ilə nəticələnə bilər. Ola bilər ki, ABŞ və Türkiyə Suriyanın şimalında yerli özünüidarə etmə orqanı təşkil edərək, ərəb və türkmanlardan ibarət anklav dövlət yaratsın. Bununla da kürd muxtariyyətinin üstündən xətt çəkilsin. TSK Əl-Babdan sonra Rakka əməliyyatına ABŞ-la birgə başlamaq niyyətindədir. Rakkanı Türkiyə alarsa, hədəf kürdlərin əlində olan Menbicə doğru irəliləmə olacaq. Kürdlərin sıxışdırılması labüd olacaq. Çünki, Ankara Suriyanın şimalından tezliklə çıxmayacaq. Suriyada Əsəd formal olaraq, hakimiyyətdədir. Ölkə buradakı ölkələrin nüfuz dairəsinə bölünüb: "Hesab edirəm ki, Türkiyə-Rusiya-ABŞ Suriya münaqişəsinin həllində birgə səyləri mümkünsüzdür. ABŞ çalışır ki, Əsəd hakimiyyətdən getsin, Suriya fedrallaşsın. Rusiya isə bunun əksinədir. Hesab edirəm ki, ABŞ Türkiyə ilə birlikdə qətiyyətli addım atarsa, Rakka və Membic terrorçulardan təmizlənərsə, əsas hədəf Əsəd olacaq. Əsədə qarşı hərbi əməliyyatlara bir başa getmək, Rusiya ilə toqquşma deməkdir. Suriyada hazırda elə bir qarşılıqlı vəziyyətdir ki, çözüm yolları yoxdur. Yalnız Əsədin hakimiyyətdən getməsi ilə ortaq məxrəcə gəlinə bilər. Əsəd hakimiyyətdə davam edəcəksə, münaqişə davam edəcək, Suriya bölünəcək".