Qara dənizdə müharibə təhlükəsi Dünya

Qara dənizdə müharibə təhlükəsi

ABŞ və Rusiya donanması üz-üzə gələ bilər

Cavid

Ukrayna məsələsi dünyanın iki böyük dövlətini üz-üzə qoyub. Belə ki, Ukrayna sərhədinə yaxın ərazilərdə yerləşən Rusiya hərbi qoşunları dünəndən etibarən aktiv şəkildə yerdəyişmələrə başlayıb. Bu barədə Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltorak bəyanatla çıxış ediö. Onun sözlərinə görə, rus qoşunlarının, ağır texnikasının sayında hər hansı dəyişiklik yoxdur, ilk gündən hansı tərkibdə gəlmişdilərsə, o heyətdə də yerlərində qalmaqdadırlar. Poltarak əlavə edib ki, onlara son günlərdə hərbi qoşunların aktiv şəkildə yerdəyişmələri ilə bağlı dəqiq məlumatlar daxil olmaqdadır: "Rus qoşunları təxribatla məşğuldurlar. Aktiv şəkildə Ukrayna hava məkanını nəzarətdə saxlayırlar. Rusların məqsədi ukraynalı sərhədçiləri gərginlikdə saxlamaqdır. Bütün bunlara baxmayaraq, Ukraynanın müvafiq strukturları rus hərbçilərinin yerdəyişmələrini, hərəkətlərini dəqiqliklə diqqətdə saxlayır".
Xatırladaq ki, mayın 7-də Rusiya Prezidenti Vladimir Putin qoşunların Ukrayna sərhəddindən geri çəkildiyini bəyan etmişdi.
Bu arada ABŞ donanmasına aid hərbi gəmi yenidən Qara dənizə daxil olub. "USS Taylor" gəmisi Türkiyə Sahil Təhlükəsizlik Xidmətinin nəzarəti altında Çanaqqala boğazından keçirilib. Gəminin gedəcəyi istiqamətlə bağlı məlumat verilməyib. Rusiya da Qara dənizdə mövqeyini möhkəmləndirməkdədir. Müdafiə Nazirliyinin təlimatı ilə hazırlanan "Novorossiysk" ilk dizel elektrik sualtı qayığı Sankt Peterburqda dənizə salınıb. 2016-ci ilə qədər Qara dəniz donanmasına daha 5 ədəd dizel elektrikli sualtı qayığının təhvil verilməsi gözlənilir. Rusiya Hərbi Dəniz Qüvvələri Komandanı Viktor Çirkov mətbuata açıqlamasında bildirib ki, "Novorossiysk" gəmisinin suya salınması Müdafiə Nazirliyinin və Hərbi Dəniz Qüvvələrinin ağır zəhməti sayəsində baş tutub: "Ümid edirəm ki, sualtı qayıq Qara dəniz donanmasında öhdəsinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirə biləcək".
Hərbi Dəniz Qüvvələri Komandanlığından yayılan məlumatda isə bildirilir ki, "Novorossiysk" layihəsi, Müdafiə Nazirliyinin Qara dəniz donanmasının hərbi gücünü artırmaq və dizel elektrik sualtı qayıqlarının inkişaf etdirilməsi istiqamətində uzun müddətdir planlaşdırdığı bir layihədir.
Avropa Birliyi isə Rusiyaya qarşı sanksiyalar siyahısını daha 13 nəfər və 2 şirkət hesabına genişləndirib. Sanksiyalar bank aktivlərinin dondurulması və Avropa Birliyi ölkələrinə viza qadağasını nəzərdə tutur. Siyahıda Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Vyaçeslav Volodinin, Rusiya hava desant qoşunlarının komandanı Vladimir Şamanovun və konstitusiya qanunvericiliyi üzrə Dövlət Duması Komitəsinin başçısı Vladimir Pliqinin adları var. Həmçinin sanksiyalar "Çernomornefteqaz" və "Feodosiya" şirkətlərinə də tətbiq edilib. Rusiyanın Ukraynanı parçalamaq cəhdlərini sərt tənqid edən Avropa Birliyi baş verənləri Kremlin dünyaya meydan oxuyaraq beynəlxalq hüquq normalarını kobud şəkildə tapdaması kimi qiymətləndirir. AB Ukraynanın ərazi bütövlüyünü, suverenliyini müdafiə etdiyini bildirməklə yanaşı, Rusiyanı növbəti dəfə Ukraynanı parçalamaq cəhdlərinə son qoymağa çağırır: "Avropa Birliyi Ukraynanın şərq və cənub-şər bölgələrində baş verən olaylardan ciddi təşviş keçirir. Separatçıların hökumət binalarını zəbt etmələri, insanları oğurlamaları, öldürmələri yolverilməzdir və dərhal dayandırılmalıdır. Biz Krım da daxil olmaqla Ukraynadan ayrılmaq haqqında "qərar qəbul etmiş" digər administrasiyaların mövqeyini tanımırıq, eyni zamanda Ukraynanın ərazi bütövlüyünün bərpası üçün dəstək verməyə hazırıq".
Xatırladaq ki, Donetsk və Luqansk separatçıları isə mayın 12-də artıq "qələbə"ni qeyd ediblər. Açıqlanan "səsvermə nəticələri"nə görə vətəndaşların 96 faizi ərazinin Ukraynadan ayrılmasıa "hə" deyib. AB ilə bərabər ABŞ adminstrasiyası və ATƏT də açıqlama yayıb, Rusiyanın Ukrayna ilə bağlı bölücülük planlarını sərt tənqid ediblər.
AB Xarici İşlər Nazirləri Şurası Krımın ilhaqından sonra ərazidə qalan Ukrayna şirkətlərinə qarşı xüsusi sanksiyalar tətbiq edilməsinə qərar verib. Bundan sonra faktiki olaraq Rusiya şirkətləri sayılan həmin şirkətlərin Avropa Birliyi ilə heç bir ticarət münasibətləri mümkün deyil. Bundan başqa həmin şirkətlərin Avropa banklarındakı vəsaitləri dondurulub, şirkətin hüquqi təmsilçilərinin Avropaya girişi yasaqlanıb. AB-nin bəyanatında bildirilir ki, sanksiyalar Krım Rusiya işğalından azad edilənə qədər qüvvədə olacaq.
Onu da qeyd edək ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində keçirilən minlərlərlə insanın qatıldığı referendum zorakıllıqlarla yadda qalıb. Rəsmi Kiyev iğtişaşların baş verməsində Moskvanı ittiham edib.
Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov isə Kremlin Ukraynada keçirilən referendumlara münasibətini açıqlayıb və deyib ki, rəsmi Moskva "Ukraynanın Donetsk və Luqansk vilayətlərinin əhalisinin öz iradəsini ifadə etməsinə hörmətlə yanaşır".
Beləliklə, Krımın ardınca Ukrayna daha iki vilayətini itirmək təhlükəsi ilə üz-üzədir.
ABŞ isə Ukraynanın Donetsk və Luqansk vilayətlərində referendumların nəticələrini tanımır. Bu barədə Dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib: "Biz Donetskin və Luqanskın bəzi yerlərində keçirilən qanunsuz referendumu tanımırıq. O, Ukrayna qanunvericiliyinə uyğun gəlmir".
O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə keçirilən referendumları təxirə salınmasının məqsədəuyğunluğunu deyib: "Putin faydalı açıqlamalar verib, lakin Rusiya hələ çox addımlar ata bilər".
ABŞ-ın məşhur "Stratfor" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Corc Fridman Rusiya-Ukrayna qarşıdurması və hətta ehtimal olunan Rusiya-ABŞ müharibəsi ilə bağlı danışıb. O deyib ki, Putin elə bir vəziyyətə düşüb ki, o, öz avtoritetini və hakimiyyətini inamla saxlamaq üçün hadisələri kəskin dəyişdirmək yolunda qətiyyətli hərəkət etməlidir: "Ukraynaya müdaxilə Rusiyanın çətin vəziyyətdən çıxmasına kömək etməz. Putinin Ukraynada nə etməsindən asılı olmayaraq, onun seçim imkanı var. Birincisi, Putinin sadəcə olaraq, baş verən geosiyasi dəyişikliklə barışmasıdır. Ancaq mən deyərdim ki, belə variantla o razılaşmayacaq. İkincisi, o, Qərbə Moldova və ya Qafqazda sürətli diplomatik və siyasi qələbə əldə etmək imkanları qazandıracaq. Bu isə Estoniya - Azərbaycan oxu üzrə ikitərəfli əlaqələri inkişaf etdirəcək".
Ekspert onu da bildirib ki, 1989-2008-ci illərdəki amerikan strategiyası xaricdəki problemlərin həlli üçün hərbi gücdən istifadəni nəzərdə tuturdu. ABŞ öz hərbi gücünün üstünlüyündən Panama, Somali, Kosova, Əfqanıstan və İraqda birbaşa istifadə edirdi. Ancaq buna qədər, yəni 1914-1989-cu illərdəki amerikan strategiyası fərqli idi. O dövrdəki amerikan strategiyası müttəfiqlərinə siyasi yardımla bərabər iqtisadi, hərbi təchizat, məsləhətçilərin və məhdud sayda hərbi kontingentin göndərilməsini nəzərdə tuturdu. ABŞ özünün əsas gücünü müttəfiqlərinin potensial hegemon qarşısında duruş gətirə bilməyəcəyi vaxta qədər rezervdə saxlayırdı (1917 və 1942-ci illərdə, eləcə də Koreya və Vyetnam müharibələri zamanı). Əsas güclər isə sonuncu instansiya üçün lazım olub. Bu qüvvələr balansının saxlanılması strategiyası və SSRİ-nin dayandırılması yolunda Sovet hücumuna məruz qala biləcək ölkələlərdən ibarət alyans yaradılması sistemi idi. Şimali Atlantika alyansı Sovetləri riskli addımlar atmaqdan çəkindirirdi. Bu gün Rusiya Federasiyası Sovet İttifaqının ən yaxşı illərindəkindən qat-qat zəifdir. Amma ümumi coğrafi prinsip regionda əvvəlki kimi qalırsa qüvvələr balansında hansısa yeni vəziyyət yarana bilər.
Ekspert vurğulayıb ki, ABŞ-ın Ukraynaya birbaşa hərbi intervensiyası mümkün deyil. Əvvəla ona görə ki, Ukrayna böyük ölkədir və ABŞ-ın onu "lazımi qədər qorumaq üçün" qüvvəsi çatmaz və buna xeyli vaxt gedər. Nəhayət isə bu cür intervensiya bütün Qərbi və Qara dəniz perimetrini əhatə etmədən və güclü alyanssız müşküldür. ABŞ Ukraynanı iqtisadi və siyasi yardımla təmin edə bilər, ancaq Ukrayna sərbəst şəkildə Rusiyaya qarşı güc qoymaq iqtidarında deyil. Ona görə də ABŞ öz hərbi qüvvələrindən istifadəyə gətirə biləcək qədər eskalasiyaya yol verə bilməz. Ukrayna Rusiyanın üstünlüyü olan döyüş sahəsidir ki, belə vəziyyətdə ABŞ məğlub olar: "Əgər ABŞ hərbi komponentdən istifadə etməklə Rusiya ilə qarşıdurmaya getməyə qərar verərsə, bunun üçün ona rus güclərinin daha geniş sahəyə səpələnməsindən ötrü stabil perimetr lazım olacaq. Belə strategiya üçün ideal mexanizm Azərbaycan və Gürcüstanı çıxmaq şərti ilə, bütün mühüm ölkələrin daxil olduğu NATO alyansıdır. Ancaq problem ondadır ki, NATO qeyri-effektiv alyansdır. O, indiki qarşıdurma xəttindən xeyli qərbdə soyuq müharibə aparmaq üçün yaradılmışdı. Bundan əlavə o zaman SSRİ-nin Qərbi Avropa üçün təhlükə olması ilə bağlı mövqe yekdil idi. İndi həmin yekdillik yoxdur. Müxtəlif ölkələrin Rusiya haqqında müxtəlif fikirləri var. Bir çoxları üçün soyuq müharibənin təkrarı rusların Ukraynadakı hərəkətləri qarşısında kompromis və barışıqdan da pisdir. Başqa tərəfdən isə soyuq müharibənin qurtarması ilə Avropada orduların genişmiqyaslı ixtisarı gedib. NATO-nun qəfildən və birdən-birə qüvvə toplamağa sadəcə gücü çatmaz. Maliyyə böhranı və digər səbəblərə görə bu baş verməyəcək. 1945-1989-cu illərdə təhlükəyə məruz qalan ölkələr bugünkü təhlükə ilə üzləşən ölkələrlə eyni vəziyyətdə deyildi. O zaman onların çoxu SSRİ-nin tərkibindəydi, digərləri isə onun satellitləri idi. Alyansın köhnə sistemi belə konfrantasiya ilə mübarizə aparmağa uyğun gəlmir. Estoniya-Azərbaycan xətti üstündə yerləşən dövlətlər ən əvvəl öz suverenliklərinin qorunması marağındadırlar. Avropanın qalan hissəsi isə təhlükəsiz vəziyyətdədir və onlar maliyyə imkanları və hərbi vasitələrlə problemin həll olunmasına hazır görünmürlər. Ona görə də Amerika istənilən starategiyasını həyata keçirməkdən ötrü NATO-dan yan keçməklə regionda qayda yaratmaq istiqamətində yeni stuktur formalaşdıracaq".