Rus kəşfiyyatının “Brexit” referendumunda müdaxiləsi üzə çıxır Dünya

Rus kəşfiyyatının “Brexit” referendumunda müdaxiləsi üzə çıxır

Britaniya hökumətini susmağa nələr vadar edir?

Son iki həftə ərzində Böyük Britaniyanın ən qaranlıq sirri, nəhayət ki, icrimaiyyətin malı oldu: Rusiya Birləşmiş Krallığın Avropa Birliyindən çıxması haqqında keçirdiyi referenduma müdaxilə edib. Hazırda Rusiyanın belə bir əməliyyat keçirməsi faktı heç kimi təəccübləndirmir və heç kimdə də hər hansı ciddi şübhə yaratmır: əgər ABŞ, AFR, Fransa və digər qərb demokratiyaları Rusiya müdaxiləsinin qurbanı olublarsa, Böyük Britaniyanın olmaması qəribə gələrdi.
"Strateq" "The American İnterest"ə istinadən yazır ki, hər şeydən daha çox təəccüblüsü odur ki, bu məlumatların ictimai müzakirəsinin başlaması 15 aydan çox zaman keçdikdən sonra baş verir. Bu müddətdə kiçik bir jurnalist qrupu həmin informasiyanı ictimaiyyətə çatdırmaq üçün bütün gücü ilə məxfiliyi və böhtan haqqındakı repressiv Britaniya qanunlarını dəf etməyə çalışıblar. Parlamentin bir neçə üzvü, o cümlədən Leyboristlər Partiyasından olan Ben Bredşou ümumi susqunluğu pozmağa cəhd ediblər, indi isə bu məsələ ilə, guya, hökumətin Seçki Komissiyası məşğul olur.
Lakin hökumət hətta bu gün də susmağa davam edir: nazirlər şərh verməkdən imtina edir, kəşfiyyat xidmətləri kənarda qalmağa çalışır, polis isə heç nə etmir. Rusiyanın ABŞ və Böyük Britaniyada bir-birilə sıx əlaqəli olan təxribat əməliyyatları aparması haqqında çoxsaylı tutarlı dəlillərin olmasına baxmayaraq, hökumət xüsusi prokuror təyin etmədi və rəsmi təhqiqatın başlaması üçün sərəncam vemədi.
Böyük Britaniya hökumətinin özünü belə aparmasının bir neçə səbəbi vardır. Lakin bu səbəblərin izahına keçməzdən öncə, son bir neçə həftədə məhz hansı xəbər və ifşa olunmaların cəmiyyətin diqqətini özünə cəlb etdiyini xatırlamaq lazımdır.
Əvvəlcə, "Open democracy" saytında nəşr olunan, virtual koalisiya hökumətində mühafizəkarları müdafiə edən Şimali İrlandiya Demokratik Yunionist Partiyasının siyasi fəaliyyətinin maliyyələşdirilməsilə bağlı kifayət qədər qəribə olan durumdan bəhs edən məqalələr seriyası ortaya çıxdı. Bu məqalələrdə söhbət Demokratik Yunionist Partiyasının heç kimə məlum olmayan "Konstitusiya tədqiqat şurası"ndan aldığı 435 min funt sterlinq ianədən gedirdi. Məlum olmayan hansısa səbəblər üzündən, bu məbləğin böyük hissəsi Londonda "Brexit"in reklamına xərclənib.
Sonra "Open democracy" saytında "Brexit" lehinə kampaniyanın başlıca sponsorlarından biri olan Arron Benksin fəaliyyətini yoxlamağa cəhd edən Alister Sloun və Ayan Kempbellin çox yaxşı bir tədqiqatının nəticələri nəşr edildi. Onlar öz məqalələrində Benksin sövdələşmələrindən geniş bəhs ediblər və belə nəticə çıxarıblar ki, Birləşmiş Krallığın Müstəqillik Partiyasına və "Leave.EU" qrupuna 7 milyon funt sterlinq ianə verməsi üçün onun, sadəcə olaraq, vəsaiti yetməzdı. Bundan bir neçə gün sonra Seçki Komissiyası bəyan etdi ki, Benksin sponsorluq fəaliyyətinin birbaşa tədqiqatına başlayır. Onun bu tədqiqat çərçivəsində, qarşısına qoyduğu suallardan biri o idi ki, "Cənab Benks həqiqətənmi onun adından edilən yardımların gerçək mənbəyidir".
Bu arada London şəhər universitetinin ekspertləri aşkar etdilər ki, "Twitter"də 13.5 minə yaxın bot "Brexit" ideyalarını təbliğ edib. Bu xəbərlərə cavab olaraq, mədəniyyət, KİV və idman üzrə komitənin sədri Damian Kollinz öz xüsusi tədqiqatına başladı. O, həmçinin "Twitter" rəhbərliyinə müraciət edərək, xahiş etdi ki, bu botlar şəbəkəsi haqqında ona məlumat verilsin.
Rusiyanın Britaniya demokratiyasına müdaxiləsi haqqında aktiv olaraq məsələ qaldıran azsaylı parlament üzvlərindən biri leyborist Ben Bredşou oldu. 23 oktyabrda o, Tereza Meyə sual verdi: "Birləşmiş Krallıq hökuməti və ya digər agentliklər Amerika Konqresinin komandasından və ya Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinin təhqiqatı ilə məşğul olan xüsusi prokuror Robert Müllerdən yardım etmək və ya informasiya vermək haqqında xahiş alıbmı?".
Baş nazir özünü eşitməməzliyə vuraraq, bu suala cavab vermədi. Lakin üç gün sonra Bredşou sualı bu dəfə ictimai palatanın lideri Andrea Ledsoma müraciətlə təkrarladı. O cavab verdi: "Əgər şərəfli cənab bu barədə mənə yazarsa, mən baxaram, ona cavab verə bilərəmmi?".
Sonra xarici işlər naziri Boris Conson parlament üzvü Kris Brayanta dedi ki, Müllerdən hər hansı bir xahiş gəlməyib və ona Rusiyanın "Brexit" üzrə referenduma mümkün müdaxiləsi haqqında heç nə məlum deyil. Trampın Corc Papadopulos və Culian Assanc kimi silahdaşlarının Birləşmiş Krallıqdakı fəaliyyəti haqqında kütləvi informasiyaların olmasına baxmayaraq, Müllerin Vaşinqtonun kəşfiyyat sahəsində ən yaxın tərəfdaşlarından biri ilə əlaqə saxlamağa ehtiyac duymaması haqqında bəyanat eşitmək çox qəribədir.
Bu məsələlərin, o cümlədən Xarici işlər nazirinin qəribə bəyanatının öyrənilməsi üçün ən uyğun orqan parlamentin Kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə komitəsi ola bilərdi. Ancaq bu komitə son seçkilərdən sonra, izah edildiyinə görə, onun tərkibilə əlaqədar olan fikir ayrılıqları üzündən, toplanmayıb, buna görə də hazırda o, sadəcə olaraq bu işlə məşğul ola bilməz. Hökumətin Britaniya sistemində hakimiyyətin mərkəzləşməsini, həmçinin yüksək vəzifəli məmurların ölkə maraqları naminə istefa verməyə azalan hazırlığını nəzərə alaraq, dövlət qurumlarına öz öhdəliklərini yerinə yetirməyə mane olması üçün kütləvi sayda imkanları vardır.
Hələlik hökumət susqunluğunu qorumağa, KİV-də nəşr olunan yeni informasiyalarsa Rusiyanın təsirinin miqyasını göstərməyə davam edir. 4 noyabrda "Mail on Sunday" nəşri Sankt-Peterburqda "trollar fabriki"ndə işləyən bir adamla müsahibə dərc edib. Rusiya "trollar fabriki"nin gündə 24 saat çalışan keçmiş işçisi aşağıdakıları deyib: ""Brexit" üzrə referendum dövründə ismarıcların mahiyyəti Birləşmiş Krallığın Avropa Birliyindən çıxmasını dəstəkləmək idi".