“Afrində türk əsgərləri həm də yeraltı savaş aparır” Dünya

“Afrində türk əsgərləri həm də yeraltı savaş aparır”

Rəşad Süleymanov: "Türkiyə hərbçiləri tunel müharibələrində təcrübəlidirlər"

Göksəl Gülbəy: "Suriyada yaşayan ermənilər terror təşkilatı sıralarında Afrində Türk ordusuna qarşı döyüşürlər"


Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatını davam etdirir. Türk ordusu gecə boyu əməliyyat zamanı 29 terrorçunu məhv edib. Bununla da yanvarın 20-dən bu günədək öldürülən terrorçunun sayı təxminən 1000-ə çatıb. Ümumilikdə, əməliyyat başlandığı gündən TSQ 23 kənd, 6 yaşayış məntəqəsi və 11 strateji nöqtə terrorçulardan təmizləni.
"Zeytun budağı" əməliyyatı başlanandan bu günə kimi şiddətli döyüşlərin getdiyi Cinderes bölgəsində terrorçuları dəstəkləyənlər küçələrə çıxıb. PKK tərəfdarları küçələrdə əllərində Öcalanın portreti ilə nümayiş keçirib. PKK tərəfdarları nümayiş zamanı döyüşlərdə öldürülən qadın terrorçunu yad ediblər. Gecə saatlarında isə Türkiyəyə məxsus qırıcılar bölgəni bombalayıb.
Qeyd edək ki, daha öncə terrorçular Şeyx Xoruz dağı ətrafında gedən döyüşlərdə kimyəvi silahlardan istifadə edib. Nəticədə Azad Suriya Ordusu qüvvələrinin 20 hərbçisi yaralanıb. Onlardan 7-nin vəziyyəti ağır olaraq qalır.
"Anadolu" agentliyinin araşdırmasında bildirilir ki, Türk ordusunun sarsıdıcı zərbələrindən sonra xeyli zəifləyən PYD/PKK terror qruplaşması Suriyanın Haseke və Aynularab bölgələrindən mülki vətəndaşları sıralarına cəlb edir. Agentliyin yazdığına görə, PKK "Afrinə həmrəylik ziyarəti" təşkil edib. Sözügedən ziyarət zamanı təxminən 2 min mülki vətəndaşdan ibarət kortej Afrinə gəlib. Onlardan 500-ə qədəri məhz PKK sıralarına cəlb edilərək, Afrində döyüşlərə göndərilib. Terror təşkilatı bu cür saxta tədbirlər vasitəsilə mülki vətəndaşları Afrinə göndərərək, həm sıralarını gücləndirməyə, həm də guya Türkiyənin sadə əhaliyə güllə atması haqda fikir formalaşdırmağa çalışır. Lakin Afrin əməliyyatı başlayandan bu vaxta qədər türk ordusu mülki vətəndaşlara qarşı xüsusi həssaslıq nümayiş etdirir. Bunun nəticəsi kimi, türk ordusu bu günə qədər Afrində bir mülki şəxsin belə ölümünə səbəb olmayıb. Əvəzində isə YPG terrorçuları bir neçə dəfə Türkiyəyə raket ataraq, mülki şəxsləri hədəfə alıb.
PKK terror təşkilatının Suriya qolu sayılan PYD silahlıları Afrində Azad Suriya Ordusunun nəzarətindəki məntəqəyə intihar hücumu həyata keçirmək istəyib. Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus tankın atəş açması ilə intihar hücumunu həyata keçirməyə çalışan avtomobil məhv edilib.
Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek "Aydınlıq" qəzetində dərc etdiyi yazısında qeyd edib ki, hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar. Partiya sədri bununla da Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini Öztürk Yılmaza cavab verib. Suriyanın şimalındakı döyüşü ABŞ-Rusiya döyüşü kimi xarakterizə edən Ö. Yılmazın sözlərinə görə, onlar Türkiyə üzərində qarşı-qarşıya gəliblər. "Türkiyənin Vətən Savaşının qarşısındakı güc Amerika imperializmidir. Silahlandırdığı və hər sahədə dəstəklədiyi əlaltılarını Türkiyənin üzərinə göndərib. Gəldiyimiz nöqtədə ABŞ-ın əsas düşməni nə Rusiya, nə İran, nə də Suriyadır, ABŞ-ın əsas hədəfi Türkiyədir. ABŞ Türkiyənin müttəfiqləri olan ölkələri belə Türkiyəyə qarşı istifadə etməyə çalışır", - D. Perincek bildirib. Onun sözlərinə görə, "Bu döyüş ABŞ-Rusiya döyüşüdür" təbliğatı aparanlar türk millətini Vətən Savaşından uzaqlaşdırmaq istəyirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp xələfi Barak Obamanın yolunu tutub. O bildirib ki, Tramp Suriyanın Menbiç bölgəsindəki YPG terrorçuları ilə bağlı verdiyi vədə əməl etmir: "Obama Menbiçdəki YPG terrorçuları ilə bağlı Türkiyəni aldatdı. Tramp da onun yolunu gedir. Tramp deyirdi ki, YPG Menbiçdə qala bilməz və Fəratın şərqinə çəkiləcək. Ancaq bu olmadı". Ərdoğan əlavə edib ki, Türkiyədə çox sayda menbiçli miqrant var və onlar tezliklə yurdlarına dönmək istəyir.
Əməliyyatı şərh edən hərbi ekspert, "Azeri Defence" jurnalının baş redaktoru Rəşad Süleymanov deyib ki, Afrində türk əsgərləri həm də yeraltı savaş - Tunel savaşı aparır: "Bənzər problem bundan əvvəl Sur rayonunda keçirilən daxili təhlükəsizlik əməliyyatında da yaşanmışdı. Türkiyə hərbçiləri bu baxımdan tunel müharibələrində nisbətən təcrübəlidirlər". Onun sözlərinə görə, ötən əsrin 70-ci illərində Vyetnam - ABŞ, daha sonra Sovet - Əfqanıstan, ABŞ - ın Əfqanıstana müdaxiləsi, Fələstin, ardınca da Suriyada tunel döyüşlərinə rastlaşılır: "Hazırda ABŞ və İsrail orduları hər il xüsusi təyinatlı qüvvələrə tunel savaşları mövzusunda təlimlər keçirlər. ABŞ hərbi kəşfiyyatı iddia edir ki Şimali Koreyanın altında yüz kilometrlərlə uzanan tunellər mövcuddur və bu tunellərdə döyüş aparmaq ciddi və ixtisaslaşmış hazırlıq tələb edir. Eyni zamanda hərbi sənaye şirkətləri tunel müharibələri üçün yeni avadanlıqlar hazırlayırlar. Bura tunelləri aşkarlayan detektorlar, tunel daxilində kəşfiyyat və döyüş aparan robotlar, tunelləri məhv etmək üçün aviasiya bombaları və s.daxildir. Heç kimə sirr deyil ki, Qarabağda da bizi bənzər problem gözləyir. "Usta" ermənilərin illərdir düzüb qoşduğu porsuq yuvaları irəlilədikcə ordumuz üçün problem yaşadacaq. Ermənilərin xatirələrini oxuduqca onların Daşaltı, Əsgəran və digər əməliyyatlar zamanı kəndlərin içində hazırladıqları tunellərdən təhlükəsiz və görünmədən hərəkət üçün istifadə etdiklərini görmək olar".
Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey isə deyib ki, Suriyada yaşayan ermənilər PYD/YPG/PKK terror təşkilatı sıralarında Afrində Türk ordusuna qarşı döyüşürlər. Göksəl Gülbəy deyib ki, Afrində Türkiyəyə qarşı döyüşən suriyalı ermənilər terror təşkilatının sırasında formalaşmış 14 nəfərlik xristian birliyində yer alıblar. ASİMDER rəhbəri qeyd edib ki, həmin qrupun tərkibinə əvvəlcə 4 erməni yazılsa da, sonradan onların sayı artıb: "Birləşmiş Ştatların dəstəklədiyi PYD/YPG/PKK terror təşkilatının işğal altında tutduğu bölgələrdə onlarla eyni düşünməyən, Türkiyəyə qarşı döyüşməyən kürdlər, türkmənlər və ərəbləri təhdid etdikləri bildirilir. Terror təşkilatı onları zorla öz sıralarına cəlb edib Türkiyəyə qarşı döyüşə göndərmək istəyir. Ancaq ermənilər könüllü şəkildə terror təşkilatının sıralarına qoşulub Türkiyəyə qarşı döyüşürlər". Göksəl Gülbey deyib ki, suriyalı ermənilər yanvarın 19-da PKK terror təşkilatının sıralarına qatılıblar: "Bundan başqa terror təşkilatı Suriyanın Qamışlı bölgəsində asayiş yaratmaq adı altında yaratdığı qondarma polisləri ilə öz sıralarını genişləndirmək istəyir. Belə ki, həmin "asayiş keşikçiləri" gəncləri qaçıraraq onları terror təşkilatında döyüşməyə məcbur edirlər. Bu günlərdə 19 yaşında iki gənc eyni aqibəti yaşayıb". ASİMDER rəhbəri deyib ki, 1915-ci il köçü zamanı Suriyaya gedən erməni ailələr və onların törəmələri hazırda Afrində Türkiyədən intiqam almaq savaşına başlayıblar. Göksel Gülbey Ermənistandan da PKK terror təşkilatına maddi və canlı qüvvə sarıdan dəstək göstərildiyini söyləyib. Bildirib ki, işğalçı ölkədə yaşayan yezidi kürdləri İran və İraq üzərindən keçməklə Suriyaya gedərək Qamışlıdaki PYD/YPG/PKK sıralarına qoşulurlar: "Ermənistan hər zaman olduğu kimi yenə də dünyanın gözü qarşısında terrora dəstək nümayiş etdirir. Məlumat üçün qeyd edim ki, hazırda Ermənistandan PKK terror təşkilatına dəstək üçün gedən ermənilər bir müddət əvvəl Suriyadan Ermənistana gətirilərək Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilib təlim keçilən ermənilər və yezidi kürdləridir. Həmçinin vaxtı ilə Ermənistanın dəstəyi ilə işğal altında olan Dağlıq Qarabağda özünə təlim düşərgəsi təşkil edən PKK/PEJAK terror təşkilatının 1750 nəfər üzvü də İran və İraq üzərindən keçməklə Suriyanın Qamışlı bölgəsinə gedirlər. Qamışlıda toplanan terror təşkilatının üzvləri silahsız olaraq Menbiçə, oradan isə Afrin bölgəsinə keçərək Türkiyəyə qarşı döyüşə atılacaqlar. Qeyd edim ki, həmin terrorçular Birləşmiş Ştatlar tərəfindən silahla təmin edilir".

Əli