Berlin üzünü Ankaraya çevirdi Dünya

Berlin üzünü Ankaraya çevirdi

ABŞ sonda Türkiyə ilə anlaşacaq. Papazla bağlı, Ankaranın gərarı, ABŞ-a bir güzəşt mesajıdır. Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bu mesajın arxasında razılaşma durur: "Bu razılaşmanın nədən ibarət olduğunun işartıları da görünür. Ərdoğan illərdir ABŞ, Britaniya, Avropa, Rusiya, Çin arasında diplomatik manevrlər edir. Dörd ildən sonra Ərdoğanın Almaniyaya səfəri bu manevrlərin davamıdır. Hər kəsin Türkiyəyə ehtiyacı var. Türkiyə - Bizansdır, Osmanlıdır, sivilizasiyaların mərkəzi İstanbuldur. Türkiyə hər kəsə lazımdır. Keçid dövrü yaşayan, yenidən böyüyən Türkiyə üçün də hər kəslə əlaqə, danışıqlar, razılaşmalar vacibdir".
Politoloq vurğulayıb ki, dünya yeni düzənə keçir: "Son illərdə ABŞ kimi Almaniya ilə də Türkiyə çox çətin dövrlər yaşayır. Avropanın lideri və ən böyük türk lobbisinin olduğu Almaniya ilə Türkiyənin yenidən münasibətlərinin qurulması hər iki ölkə üçün çox vacibdir. ABŞ-a qarşı Rusiya, Britaniya, Almaniya ilə də Türkiyə hər hansı ittifaqda ola bilər. Əksi də ola bilər. Necə deyərlər, siyasətdə daimi dostlar deyil, daimi maraqlar var".
Politoloqun sözlərinə görə, heç şübhəsiz dörd ildən sonra Ərdoğanın Almaniyaya səfəri Türkiyə və Almaniya arasında münasibətlərin yenidən və müsbətə doğru baxılacağını göstərir: "Merkel son çıxışlarının birində qaçqın mövzusunda Türkiyəni əbəs yerə tərifləməyib. Türkiyə-Almaniya münasibətlərinin nə qədər müsbətə gedəcəyi Almaniyanın Türkiyəyə tərəf neçə addım ata biləcəyindən asılı olacaq. Bu ,Merkel üçün heç də asan olmayacaq. Merkel partiyasından əlavə koalisiyadakı müttəfiqləri ilə də bu məsələdə razılaşmalıdır".
Politoloq vurğulayıb ki, Ərdoğan-Merkel görüşünün nəticəsindən asılı olmayaraq, Qərb və müsəlman Şərqi ilə gələcək münasibətləri Türkiyə-ABŞ, Türkiyə-İngiltərə münasibətləri tənzimləyəcək.