ABŞ İraqı terrorçulara təslim edir Dünya

ABŞ İraqı terrorçulara təslim edir

Rəsmi Vaşinqton: "Ölkədəki zorakılıqların qarşısını almaq məsuliyyəti İraq xalqının üzərinə düşür, buna görə Amerikanı günahlandırmaq doğru deyil"

Cavid

"İŞİD-in İraqa təcavüzü bütün dünyanı narahat etsə də nədənsə ABŞ baş verənləri sakitliklə qarşılayır. Baxmayaraq ki, İraq hökuməti Birləşmiş Ştatlara İŞİD silahlılarına hərbi müdaxilə etməsi üçün rəsmi müraciət edib". Bu barədə İraqın xarici işlər naziri Xoşyar Zəbari açıqlama verib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ İŞİD terrorçuları ilə mübarizədə İraqa dəstək verəcəyinə söz versə də, sonradan vədindən daşındı. Belə ki, 36 ədəd İraqa F-16 təyyarəsini göndərməyi planlaşdıran Vaşinqton "lazımı təhlükəsizliyin təmin edilmədiyi" səbəbiylə bu qərarından imtina edib.
Halbuki Bağdad rəhbərliyi 36 ədəd F-16 təyyarəsinə görə ABŞ-a 4.2 milyard dollar ödəniş etmişdi. ABŞ-ın bu qərarından imtina etməsinə sərt reaksiya göstərən İraqın baş naziri Huri əl Maliki İŞİD-ə qarşı təcili addımlar atmaq üçün Rusiyadan "Sukhoi" hərbi təyyarələri almakq məcburiyyətində qaldı.
ABŞ-ın F-18 qırıcıları İraq üzərində yalnız kəşfiyyat uçuşları həyata keçirməklə kifayətlənib. ABŞ rəsmi Bağdadın kömək istəyindən sonra həmin qırıcıları İraqa göndərib.
ABŞ Baş Qərargah rəisi Martin Dempsey bununla bağlı əcaib mövqe ifadə edib: "Qırıcıların İraq səmasında kəşfiyyat uçuşları həyata keçirməsində əsas məqsəd onları görmək deyil, bizim onlara görünməyimizdir".
Martin Dempsey hələlik ölkəsinin İraqın bir hissəsini ələ keçirən İŞİD-ə qarşı hücum etməkdən uzaq olduğunu deyib.
Dempsey Pentaqonda keçirdiyi mətbuat konfransında İŞİD-ə hücum etməyin şərtini də açıqlayıb. ABŞ rəsmisinin sözünə görə, İŞİD onun ölkəsini təhdid edərsə, o zaman bunu müzakirə etmək olar: "Biz 2003 və 2006-cı ildəki durumda deyilik. Keçmişdə etdiklərimizdən çox fərqli fəaliyyətdəyik. İŞİD ABŞ-ı təhdid edərsə və bu zaman prezident hücum əmri verərsə, o nöqtəyə gələ bilərik. Amma hələki o nöqtədə deyilik. Hazırda İraqda hökumətə heç bir güvənləri qalmayan sünnilər İŞİD-lə birləşiblər".
Qeyd edək ki, bu yaxınlarda ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı döyüşən İraq ordusuna kömək etmək məqsədi ilə münaqişə bölgəsinə 300 hərbi məsləhətçi göndərəcəklərini açıqlamışdı. Bununla belə Obama İraqa göndərilən hərbi məsləhətçilərin heç vaxt döyüşməyəcəklərini də vurğulamışdı: "Biz on minlərlə əsgər göndərsək də İraqdakı vəziyyət düzələn deyil. Əgər gələcəkdə ora müdaxilə etsək, hədəfimiz bəllidir. Bütün hərbi əməliyyatlara hazırıq".
ABŞ prezidenti Barak Obama rəsmi Vaşinqtonun İraqa əlavə qoşun yollamaq niyyətində olmadığını bildirib. Obama qeyd edib ki, Ağ Ev hər hansı qərarın qəbul olunması üçün Konqreslə məsləhətləşəcək: "Biz qoşunları yenidən İraqa müharibəyə yollamayacağıq, amma mən təhlükəsizlik məsələləri üzrə öz köməkçilərimə bir sıra başqa ölçülər hazırlamaq və iraqlı güc strukturlarına kömək etmək üçün xahiş etdim".
Az sonra Ağ Evinin rəsmi nümayəndəsi Cey Karni hərbi kömək dedikdə Obamanın aviahücümları nəzərdə tutduğunu bildirib. Öz növbəsində, dövlət katibi Con Kerri yaxın vaxtlarda İraq barəsində ABŞ-ın qərarını Obamadan gözlədiyini bildirib.
ABŞ-ın müdafiə naziri Çak Heyqelin açıqlamaları da onu deməyə əsas verir ki, rəsmi Vaşinqton İraqda İŞİD-lə müharibədə maraqlı deyil: "Biz İraq üçün əlimizdən gələni etmişik. Ölkədəki zorakılıqların qarşısını almaq məsuliyyəti İraq xalqının üzərinə düşür. İraqlılar özləri öz ölkələrini idarə etmək istəyirdilər. Buna görə Amerikanı günahlandırmaq doğru deyil. İraq hökuməti heç bir zaman sünni, şiə və kürdləri bir araya gətirə bilməyib".
Yeri gəlmişkən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidentinin müşaviri Bayden arasındakı telefon danışığının pərdəarxası da məlum olub. İlk zəng Türkiyənin İraqda baş verənlərə mövqeyini öyrənmək üçün Baydendən gəlib. Bayden Türkiyənin İraqda son günlər baş verənlərlə bağlı yürütdüyü siyasətlə maraqlanıb. Bayden Ərdoğandan Türkiyənin bölgəyə yönəlik hər hansısa əməliyyatlar keçirib keçirməyəcəyini, Mosuldakı əsirlərin azad edilməsi məqsədilə hücum edib-etməyəcəklərini də soruşub. Ərdoğan isə Türkiyə vətəndaşlarını risqə atacaq hər hansısa addım atmayacaqlarını deyib, müttəfiqlərini də belə əməliyyatlardan çəkinməyə çağırıb.
ABŞ rəsmisi əsirlərin geri qaytarılması üçün ölkəsinin Türkiyəyə dəstək verdiyini də bəyan edib. Ərdoğan Türkiyənin soyuqqanlı şəkildə hərəkət etdiyini, bölgədəki fərqli qaynaqlardan mütəmadi olaraq informasiyalar aldıqlarını deyib. Ərdoğanın sərt şəkildə Baydendən bölgədə heç bir əməliyyatın aparılmamasını tələb etdiyi də bildirilir. O, bunun türk əsirlərin ziyanına işləyə biləcəyini və bunun Türkiyə üçün qırmızı xətt olduğunu deyib: "Nə ABŞ, nə də İraq hökuməti bölgədə hansısa bir əməliyyat aparmasın".
Amerikanın nüfuzlu "The National İnterest" qəzeti isə İŞİD-in ABŞ-ın İraq avantürasının "bəhrəsi" olduğunu yazıb. Qəzet iddia edir ki, ABŞ-İraq müharibəsinə qədər xilafət qurmaq hədəfi seçmiş belə bir terror təşkilatı olmayıb: "İŞİD konkret olaraq ABŞ-İraq müharibəsinin məhsuludur. O Birləşmiş Ştatların milli maraqları üçün də təhdiddir. Əgər Vaşinqton bu gün İŞİD-dən qorxursa, onda vaxtilə İraqa ordu yeritmək haqqında əmr verməyəydi. İraqa müharibə elan etmək səhv qərar idi. Bu dəhşətli müharibədə təkcə İraq yox, ABŞ da minlərlə əsgərini itirdi. Bu müharibə Amerikaya trilyonlarla dollara başa gəldi".
Bir çoxlarına görə, ümumiyyətlə İŞİD ABŞ-ın himayəsində olan böyük terror qruplarından biridir. Siyasi məsələlər üzrə amerikalı ekspert Daniel Patrick hesab edir ki, İraqda və Suriyada cinayət törədən bu terrorçu qruplaşma Amerika tərəfindən maliyyələşdirilir və onnlar İordaniyada və digər ölkələrdə təlim keçdikdən sonra Suriyaya gəlir və xalqı qətliam edir.
Əksər ekspertlərin qəanətincə elə bu səbəbdən də ABŞ İŞİD-ə qarşı silaha əl atmır.
Ekspert Elşən Həsənovun sözlərinə görə, İŞİD-in arxasında duran dövlətlər rəsmi Vaşinqtona təsir edə biliblər: "Ona görə də rəsmi Vaşinqton bu məsələdə susur. Bu hadisələr baş verəndən bir müddət sonra Obama bildirdi ki, İraqda hakimiyyət dəyişikliyi baş verməlidir. Bu baş nazir Malikinin hakimiyyətdən getməsinə işarə idi. ABŞ artıq Huri əl Malikinin hakimiyyətdə qalmasında maraqlı görünmür. İŞİD-in vasitəsilə Malikinin hakimiyyətdən uzaqlaşması, yeni hakimiyyətin formalaşması rəsmi Vaşinqtona sərf edir. Digər bir tərəfdən ABŞ yenidən İraqda müharibə etmək fikrində deyil. Ona görə də İŞİD-lə mübarizəni buraxıb İraq xalqının öz üzərinə".
Ekspert Tərlan Həsənov isə bildirib ki, ABŞ İŞİD-in onun üçün təhlükəli olmadığı təminatını aldığından silaha əl atmır: "İŞİD-lə bağlı məqsədlərdən biri İraqın parçalanması və bölgədə "Kürdüstan" dövlətinin yaradılmasıdır. Bu baxımdan İŞİD plana yarayır. İŞİD İraq və onun ətraf dövlətləri üçün təhlükə yarada bilər, ancaq okeanın o tayına gedib çıxacaq gücü yoxdur. Ona görə də rəsmi Vaşinqton Yaxın və Orta Şərqdə baş verənlərə yalnız kənardan müdaxilə etməklə kifayətlənir".