“ABŞ hazırda daxili çəkişmələrlə mübarizə aparır” Dünya

“ABŞ hazırda daxili çəkişmələrlə mübarizə aparır”

ABŞ-ın rəhbərlik etdiyi İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyanın mətbuat katibi Sean Raynın qoşunların ötən həftə Suriyadan geri çəkilməsi prosesinin başlaması ilə bağlı açıqlamasından sonra rusiyalı mütəxəssislər şok açıqlamalar verib.
Mütəxəssislər ABŞ-ın Suriyadan çəkilməsinin İraq və Əfqanıstandakı ssenarilərə uyğun olduğunu bildirib.
Rusiya Elmlər Akademiyası ABŞ və Kanada İnstitutunun professoru Vladimir Batyuk mediaya verdiyi açıqlamada ABŞ-ın Suriyada 2 min əsgəri olduğunu və ölkənin bunu həqiqətən də istəməsi təqdirində bu qüvvələrinin çıxmalarının uzun müddət tələb etmədiyini deyib: "ABŞ hazırda daxili çəkişmələrlə mübarizə aparır. İdarəetmədə söz haqqı olanlar öz prezidentlərinin qərarlarını əngəlləmək üçün çalışır. ABŞ əsgərlərinin çəkilmə prosesini mümkün qədər yavaşladacaq, idarəetmə qurumları bu çəkilməni Əfqanıstan və İraq ssenarisinə bənzər şəkildə aparacaq. Hərbi qüvvələrin bir qismi isə yerində qalacaq. Hazırda "qalmaq üçün çəkilmək" strategiyası aparılır, lakin bu, böyük dəstək qazana bilməyib. Əfqanıstan və İraqda əsgərlərinin əhəmiyyətli qisminin geri çəkilməsindən sonra ABŞ təsirini itirdi. Eyni şey Suriyada da olacaq. Amerikanın əsgərlərə ehtiyacı var: Liviyadan Yəmənə qədər".
Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Problemlərini Araşdırma Mərkəzindən Konstantin Blohin isə müsahibəsində Suriyada qalacaq əsgərlərin bir qisminin sonradan İraqa köçürülə biləcəyini dilə gətirib: "Amma yenə də birlikləri geri çəkəcəklərini düşünmürəm. Tramp bunu şəxsən deyib. Açıqlamasının bu qismi seçkiqabağı kampaniyalar zamanında verdiyi sözlərlə və ABŞ-ın hərbi xərclərinin boş yerə getdiyi ilə bağlı fikirlərlə üst-üstə düşür. Bu qərar Donald Trampın təkbaşına qəbul edəcəyi tərzdə deyil. Vaşinqtonun Suriya üzərindəki nəzarəti itirməsi, Bəşər Əsədin iqtidarını gücləndirməsi, ABŞ-ın bölgədə Rusiya ilə toqquşmaq riski, Amerikanın Rusiya və Türkiyəni qarşı-qarşıya gətirərək Türkiyəni yenidən öz qanadı altına alması istəkləri bu qərarın arxasında duran səbəblərdir".