“NATO-nun niyyəti Rusiyanın sərhədlərinə yaxınlaşmaqdır” Dünya

“NATO-nun niyyəti Rusiyanın sərhədlərinə yaxınlaşmaqdır”

Tofiq Abbasov: "Amerikanı qayğılandıran Rusiya Federasiyasının parçalanmasına təkan verməkdir"

Əli Orucov: "NATO yaxşı anlayır ki, Rusiya militarizmi Putinin dövründə daha da təhlükəli hal alır"

NATO Rusiya sərhədinə doğru çevik reaksiya infrastrukturunu yaxınlaşdırmaq məqsədilə şərq cinahında iri hərbi baza yaratmağı planlaşdırır. Bu barədə İTAR-TASS NATO-nun Avropadakı birləşdirilmiş silahlı qüvvələrinin baş komandanı, general Filip Bridlava istinadən məlumat yayıb: "Mümkün yerləşdirilmə məntəqələri müzakirə olunur, lakin bazanın Polşanın Baltik dənizi sahilindəki Şetsin liman şəhərində yerləşəcəyi daha çox ehtimal olunur",- deyə general qeyd edib. Bundan başqa, Bridlav bildirib ki, bazada silah-sursat və ərzaq ehtiyatları yerləşdirmək planlaşdırılır. Məsələnin NATO-nun Böyük Britaniyada keçiriləcək sammitində müzakirəyə çıxarılacağı gözlənilir.
UTX xarici kəşfiyyat bölməsinin keçmiş rəhbəri Nikolay Malomuj Vaşinqtondakı mənbələrinə istinadən "UNİAN" agentliyinə bildirib ki, ABŞ yaxın günlərdə Ukraynanı NATO üzvü olmayan "vacib müttəfiq" statusu ilə təmin edə bilər.
Dəqiqləşdirilir ki, bu status Ukraynaya ABŞ-dan hərbi texnika və müdafiə komplekslərinin kirayəsi və alışı üçün geniş maliyyə dəstəyi almağa imkan verəcək. Həmçinin Ukrayna ABŞ-ın müdafiə sistemlərini əldə etməklə bağlı bəzi müqavilələrdə iştirak hüququ qazanacaq. Prezident Viktor Yanukoviçin keçmiş müşavirinin sözlərinə görə, həm senat, həm ABŞ Konqressinin icmalar palatası guya bu qərarı dəstəkləyir və onun yaxın günlərdə qəbul olunacağı gözlənilir. Ukrayna NATO üzvü deyil, çünki ölkə qanunvericiliyində blokdan kənar dövlət status var. Kiyev alyansla Ukrayna-NATO komissiyası çərçivəsində əməkdaşlıq edir.
Avropa Birliyi (AB) ölkələrinin daimi nümayəndələri Komitəsi isə ötən gün Rusiya və Ukraynanın 15 vətəndaşını və 18 şirkətini daxil edərək sanksiya siyahısını genişləndirib.
Məlumatda qəbul edilmiş tədbirlərin təfsilatı açıqlanmır.
AB ölkələrinin XİN rəhbərləri iyulun 22-də Avropa Komissiyasına Rusiya barəsində müdafiə sektoru və maliyyə bazarlarına çıxış sahəsi üzrə görüləcək tədbirlərə dair təklifləri hazırlayaraq təqdim etməyi tapşırmışdılar. "Biz Avropa Komissiyası və xarici siyasət xidmətindən Rusiya barəsində müdafiə sektoru, maliyyə bazarlarına çıxış, ikili təyinatlı mallar, həssas texnologiyalar, həmçinin energetika sahələri üzrə görüləcək tədbirlərə dair təkliflərin hazırlanmasını xahiş etmişik",- deyə AB diplomatiyasının rəhbəri Ketrin Eşton bildirmişdi.
HATO-nun addımını şərh edən politoloq Tofiq Abbasov diqqətə çatdırdı ki, NATO-nun çalışıb-vuruşduğu Rusiyanın sərhədlərinə yaxınlaşmaqdır. Onun sözlərinə görə, bu hərbi-siyasi alyansı idarə edən Vaşinqton Ukraynanın iqtisadi, sosial, mənəvi-psixolojı zəmində olan problemlərini həlll etməyi özü üçün əsla dərd etmir: "Amerikanı qayğılandıran Rusiya Federasiyasının parçalanmasına təkan verməkdir. Bunun üçün isə fiziki yaxınlıq xeyli vacibdir ki, Rusiyanın daxilində olan mərkəzdən qaçma qüvvələri hərəkətə gəlib əminliklə fəaliyyət göstərsinlər. Demokratiya uğrunda aparılan savaş isə bir şirmadır ki, Vaşinqtonun dağıdıcı planları üçün əsl bər-bəzəkli örtük rolunu oynayır.
Rusiya Çin istiqamətində olan mühüm sədd olduğundan ABŞ tezliklə Avrasiya məkanında yeni geosiyasi konfiqurasiyanın yaranmasına can atır. Böyük dövlətlərin parçalanması Vaşinqtonun strateji planlarına tam uyğundur. Çünki meydana qədəm qoyan məmləkətlər Amerikanın dəstəyi nəticəsində milli suverenitet qazandıqları təqdirdə məhz ABŞ-a minnətdar olub onun yedəyində getməyə hazır olacaqlar. Bundan sonra isə Amerikaya fatihə oxumayan ölkələr özünəməxsus tərzdə Qərbin yeni müttəfiqləri ilə əhatələndikdən sonra istər-istəməz ağır duruma düşüb müqavimət gücünü itirmiş olacaqlar". O, əlavə etdi ki, bundan sonra isə Amerika birqütblülük şəraitində özünün hegemonluğunu qeyli artıra biləcək: "Lakin Moskva bu planlardan xəbərdardır və əks tədbirlər görməkdə davam edir. O, özünün qərbində hərbi-texniki potensialını gücləndirməyə qərar verib. Ağır aviasiyadan tutmuş raket sistemlərinə qədər hamısı Şərqi Avropaya gətirilir ki, fiziki toqquşma baş verdiyi təqdirdə Kreml əli yalın qalmasın və istənilən təhdidə münasib cavab verə bilsin. Nahaq yerə Moskva rəsmiləri Ukrayna böhranı mövzusunda hətta nüvə silahının da istifadə edilməsinə eyham vurublar. Bu o deməkdir ki, Rusiya rəhbərliyi Qərb tərəfindən törədilən riskləri müşahidə edib öz hazırlıqlarını həyata keçirir...".
Siyasi ekspert Əli Orucov vurğuladı ki, NATO-nu Rusiya sərhədləri yaxınlığına hərbi gücün artırmaq yaxud da Raketdən Müdafiə Sistemləri quraşdırmaq planları yeni deyil: "NATO yaxşı anlayır ki, Rusiya militarizmi Putinin dövründə daha da təhlükəli hal alır. Eyn zamanda başıpozuq silahlı dəstələrin və millətçilərin qızışdırıb meydana buraxılması qorxu yaradır. Ona görə də ABŞ Avropalı müttəqfiqlərini və tərəfdaşlarını Rusiyadan qorumaq üçün hərəkətə keçməlidir. Xüsusən də post sovet respublikaları və Şərqin Avropa ölkələri Rusiyanı ciddi təhdidləri ilə üzbəüz qalmaqdadırlar. Bu isə NATO qüvvələriniu həmin coğrafi ərazilərdə qoruyucu qalxan rolunu oynamağı məcburi hərbi-siyasi gedişdir".
Bəzi ekspertlər isə hesab edirlər ki, Qərbin bütün təzyiqlərinə baxmayaraq, Rusiyanın hələ də Ukraynaya ciddi təzyiqlər göstərməsi perspektivdə Moskvanın qəzəbinə tuş gələ biləcək ölkələri ciddi narahat etməkdədir. Bu sahədə daha çox narahatlıq indi Baltikyanı ölkələrdə müşahidə olunur. Məhz belə bir vaxtda Estoniya Krımın ilhaqı və Ukrayna hadisələri ilə əlaqədar NATO-nun şimal-şərq korpusunda müəyyən dəyişikliyin aparılmasını təklif edib.
Rəsmi Tallin Polşa və Baltikyanı ölkələrin təhlükəsizliyinin qarantı olan bu korpusların dəyişdirilərək çevik alaylarla əvəzlənməsini daha məqsədəmüvafiq bilib. Məsələ barədə fikirlərini açıqlayan Estoniya prezidenti Tomas Hendrik Rusiya ilə həmsərhəd ölkələrin hamısında NATO hərbi qüvvələrinin çevikliyinin stimullaşdırılmasının vacibliyini vurğulayıb. Prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Merle Mayqre də hərbçilərin və hərbi texnikanın sayının artırılması fonunda Alyans nəzdində çevik bölmələrin formalaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.
Ekspertlərin fikrincə Kreml isə çoxdandır ki, Belarusa Qərblə qarşıdurma meydanı kimi baxır. Ukrayna böhranından sonra yaranan situasiya isə Belarusun strateji müharibə meydanı kimi qiymətini artırır. "Belarus xəbərləri" nəşri Aleksandr Lukaşenkonun Moskva ilə yenidən sövdələşə biləcəyini bildirir. Rusiya Təhlükəsizlik Şurasının 22 iyulda keçirdiyi iclasdan əvvəl Vladimir Putinin Ukraynanın şərqinə qoşunu daxil etməyi təklif edəcəyi proqnozlaşdırılırdı. İclas Putinin Qərbə qarşı dəmir ritorikası ilə yadda qaldı: "Biz sərhədlərimizə NATO hərbi infrastrukturunun yaxınlaşmasına adekvat cavab verəcəyik".
Moskvanın strateji eyvanı sayılmasına baxmayaraq, Belarus Rusiyanın Qərblə qarşıdurmasında strateji müharibə meydanı olmağa hazırdırmı? "Belarus Security Blog" analitik layihəsinin rəhbəri Andrey Porotnikovun sözlərinə görə, Belarus hakimiyyəti çətin ki, Rusiya-Qərb qarşıdurmasında iştirak etmək arzusu var.
Siyasi ekspert qeyd edir ki, Baranoviçaxda Rusiya təyyarə bazasının yaradılması perspektivləri haqqında Belarus hakimiyyəti son aylara qədər heç bir bəyanat verməmişdi. Moskvanın nümayəndəsi bildirdi ki, Rusiya Belarusa "S-300" zenit-raket komplekslərinin verilməsi barədə müqaviləni imzalayıb. Bu komplekslər həm də pulsuz verilir.
Hərbi ekspert Aleksandr Alesin sözügedən silahların 1990-cı illərin istehsalı olduğunu bildirir. Onun sözlərinə görə, "S-300"lərin Minskə hədiyyə edilməsi Moskvanın ətrafında yeni "S-400"lərin yerləşdirilməsi ilə bağlıdır. "Hədiyyə" "S-300"lərin isə təmir və müasirləşdirilməsinə ehtiyacı var.
Geniş reklam edilən "İsgəndər" raket komplekslərinin Belarus ordusuna verilməsi perspektivi isə hələ aydın deyil. Rusiyada "İsgəndər-M" raketləri 500 kilometr uçuş məsafəsinə malikdir. Rusiya-Qərb qarşıdurmasının güclənməsi fonunda Moskva orta və kiçik mənzilli raketlər barədə müqavilədən çıxa bilər. Bu isə Moskvaya uzaq mənzilli raketlər kompleksləri mövzusunda əl-qolunu açmaq üçün lazım ola bilər. "Əgər vəziyyət kəskin şəkildə pisləşərsə, Rusiya Belarusa özünün qabaqcıl ordu hissələrini gətirə bilər. Moskva Belarusa özünün ən yeni silahları ilə gələcək", - deyə Alesin proqnozlaşdırır.
Hərbi ekspertin sözlərinə görə, Rusiyanın "S-400" zenit-raket kompleksi, "İsgəndər-M" raket kompleksləri və "Su-34" qırıcıları Moskvanın gücünün əsası olacaq. O, Kremlin müharibə meydanı kimi Belarusdan NATO-çuları bu silahlarla hədələməyə başlayacağını bildirir.
Alesin mümkün ssenarini də səsləndirir: "Belovejski meşəsində yerləşdirilən "S-400"lər Polşa ərazisi üzərində Amerika raketlərini vuracaq". O, "İsgəndərlər"lərin hər cür hava şəraitində belə düşmən raketlərini məhv etməyə qadir olan yüksək dəqiqlikli silah olduğunu bildirir.