Sarkisyandan acı etiraf Dünya

Sarkisyandan acı etiraf

Ermənistanı demoqrafik fəlakət bürüyüb

Cavid

Ermənistan prezidenti Serj Sərkisyan hər il ölkəni tərk edən ermənilərin sayının çox olmasına təsir edən amillərdən danışıb. Bununla da, Serj Sərkisyan Ermənistanda demoqrafik problemlərin günü-gündən böhran həddinə çatdığını etiraf edib.
"Regnum" xəbər verir ki, Ermənistan dövlət başçısı Serj Sərkisyan jurnalistlərlə söhbətində ölkəsinin ciddi miqrasiya problemləri ilə üz-üzə qaldığını vurğulayıb. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi və erməni diasporasının Ermənistandakı erməniləri cəlb etməsi ölkədə vəziyyəti pisləşdirir: "Məsələ ondadır ki, biz az olduğumuza görə miqrasiya problemləri Ermənitana ikiqat pis təsir edir. Diaspora və Qarabağ münaqişəsi isə Ermənistanı tərk etmək üçün əlavə stimullar yaradır. Maqnit kimi hamını özünə cəlb edən erməni diasporasının mövcudluğu köçün sürətlənməsinə stimul verir. Əgər ölkəni tərk edənlərdən hara getdiyini soruşsanız, onların Moskvada dostları və qohumları ilə biznes yaratdığını eşidəcəksiniz. Digər tərəfdən bizdə başa çatmayan müharibə var. Təhlükəsizlik problemləri səbəbindən valideynlər həyəcan keçirirlər".
Qeyd edək ki, Ermənistanın Qarabağ danışıqlarında sərgilədiyi qeyri-konstruktik mövqeyi, rəsmi İrəvanın işğalçılıq siyasəti bu ölkəni regional layihələrdən kənarda qoyur. Nəticədə isə Ermənistanda iqtisadi böhran yaranır, işsizliyin miqyası idarəolunmaz səviyyəyə gəlib çatır. Üstəgəl, Ermənistanın Rusiyadan asılılığı da ölkədə ciddi narazılıqlara səbəb olur. Çünki Kremlin hərbi, maliyyə dəstəyi də Ermənistanda əhalinin güzaranının yaxşılaşmasına yardım etmir. Statistik məlumatlara görə hər il Ermənistanı təxminən 100 min insan işsizlik və digər sosial problemlər səbəbindən tərk edir. Faktdır ki, həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində regional təcrid vəziyyətinə düşən Ermənistan getdikcə daha böyük sosial-iqtisadi problemlərlə üzləşməkdədir. Belə vəziyyət isə rəsmi İrəvanın korrupsiya və cinayət mənbəyinə çevrilən ordusuna da təsirsiz ötüşmür. Bu ordunun maddi-texniki təminatı sürətlə zəiflədiyinə görə işğalçı ölkə təhlükəsizliyini qorumağı xarici ağalarına həvalə etməyə məcburdur. Son zamanlar Ermənistan iqtisadiyyatının getdikcə tənəzzülə uğradığının şahidi oluruq. Ermənistanda baş alıb gedən işsizlik, əhalinin ölkəni tərk edərək başqa ölkələrə üz tutması düşmən ölkədəki vəziyyətin daha da acınacaqlı olduğunu deməyə əsas verir. Artıq işğalçı ölkə asılı bir ölkəyə çevrilib.
Heç kimə sirr deyil ki, Sarkisyan hakimiyyəti Rusiyadan asılı vəziyyətdədir. Ona görə də Kreml nə çalırsa, Ermənistan da onu oynayır. Onu da bildirək ki, sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda demoqrafiya problemi artaraq daha gərgin mərhələsinə qədəm qoymaqdadır. Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub.
Ancaq real vəziyyət bu problemin həlli perspektivinin olmadığını göstərir. Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır. Erməni politoloq, İrəvan geosiyasi klubunun şərhçisi Aleksandr Qayents son yazılarından birində müstəqillik illərində Ermənistanı 2,2 milyon erməninin tərk ediyini bildirib. Qeyd edib ki, ilk müstəqillik illərində Ermənistanı 1,1 milyon sakin tərk edib: "Qeyri-rəsmi məlumatlara görə, bu say 2 dəfə çoxdur. Hər il Ermənistandan ən azı 60 min adam gedir. 1990-cı ildə Ermənistanda 3,5 milyon adam yaşayıb".
Politoloqun sözlərindən belə başa düşülür ki, hazırda Ermənistanda təxminən 1,3 milyon adam qalıb. Aleksandr Qayents İrəvanda ölkədən qaçanlar barədə yayılmış məşhur lətifəni də xatırladıb. Lətifədə deyilir ki, İrəvanda hava limanının divarına vurulan lövhədə yazılıb: "Xahiş edirik, sonuncu köçən işığı söndürsün".
İnsanların Ermənistanı tərk etməsinin əsl səbəbini isə erməni sosioloq Ruben Barents belə izah edir: "Ermənilər öz degenerativ elitasından qaçır. Bu cəmiyyətdə insan degenerativləşdikcə onun sırtıqlığı və həyasızlığı daha da artır".
Onu da bildirək ki, sosial-iqtisadi sahədə üzləşdiyi çətinlikləri hər keçən gün daha da artan, bir çox hallarda gündəlik ərzağa olan tələbatını belə ödəyə bilməyən Ermənistan əhalisi də Dağlıq Qarabağ münaqişəsini ölkədə yaranan problemlərin əsas mənbəyi kimi görür. Ölkə əhalisinin böyük hissəsinin sabah yaxşı yaşayacaqlarına ümidləri azdır. Politoloqlar bildirirlər ki, əhali arasında istənilən hakimiyyətə qarşı inamsızlıq və tam etinasızlıq var. Ölkədə ictimai müqavilə yoxdur və ermənilər üçün yeganə çıxış yolu miqrasiya qalır. Belə bir ümumi fikir formalaşıb ki, məmurlar yalnız öz cibini düşünürlər: "Çoxları istəmir ki, uşaqları burada böyüsünlər. Onlar üçün Ermənistanda gələcək yoxdur".
Hesablamalara görə, ermənilərin iqtisadi inkişafdan təsirli fayda əldə etmələri üçün inkişaf tempi minimum 10 faiz olmalıdır. İş orasındadır ki, iqtisadiyyat oliqarxların əlindədir, ölkəni isə korrupsiya və qara bazar idarə edir. Vergi daxilolmaları da kifayət qədər deyil. Bu səbəbdən iqtisadi artım yaşanmır və vəziyyət getdikcə pisləşir. Ümumiyyətlə, Ermənistan dəfələrlə dünyanın ən zəif iqtisadiyyata sahib və korrupsiyalaşmış dövlətləri sırasına daxil edilib. Beynəlxalq qurumlar əsas səbəbi iqtisadiyyatın inhisarlaşması və ölkənin xarici aləmdən inteqrasiyasında görür. Beynəlxalq maliyyə qurumları neqativ halın arxasında duran əsas səbəbi inhisarçılıqda görür. Ölkə iqtisadiyyatının 65 faizi 15 nüfuzlu ailənin inhisarında cəmləşib. Problemi həll etmək üçün Ermənistan hökuməti iqtisadi islahatlara start versə də, nəticə yoxdur. Erməni iqtisadçılar da bildirirlər ki, ölkəni böhrandan qurtarmağın vacib yolu iri beynəlxalq layihələrə qoşulmaqdır. Bunun üçün Ermənistan Azərbaycanla münasibətləri qaydaya salmalı, işğal olunmuş torpaqları azad etməlidir. Əks halda Ermənistanın məhvi qaçılmaz olacaq.
İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, erməni lobbisi yenidən fəallaşaraq avropalılara Rusiyanın onları sıxdığını, Moskvaya isə regional münaqişənin səbəbkarının sanki onlar olmadığını təlqin etməyə çalışır. Ən ciddi məsələlərdən biri də məhz erməni rəsmillərinin son hadisələrdən daxili siyasi alət kimi istifadə etməsidir: "Ermənistan hakimiyyəti təmas xəttində son günlər müşahidə edilən gərginlikdən daha çox daxili iqtisadi-sosial problemləri xalqa unutdurmaq və yumşaq desək, erməni əhalisinin diqqətini daxili çətinliklərdən Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Artıq bir neçə gündür istər erməni mediası, istərsə də düşmən ölkə nümayəndələrinin də üzv olduğu qlobal e-mail qruplarda daha çox son günlər baş verən gərginlik müzakirə edilməklə yanaşı eyni zamanda bu qarşıdurmalarda da ermənilər Bakını günahkar çıxarmağa çalışırlar. Baxmayaraq ki, nəinki Azərbaycan torpaqlarını işğal edən, həmçinin son günlər təmas xəttində atəşkəsi pozan da məhz Ermənistandır. Belə görünür ki, Ermənistan hakimiyyəti hələ bir müddət də Qarabağ kartından istifadə edərək əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır.
Aydındır ki, sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda rəsmi İrəvan ölkə gündəliyini məhz savaş xəbərləri ilə zəbt edə bilir. Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir. 2013-cü ildə sözügedən ölkdə ÜDM-də artım 3.5 faiz olduğu halda xarici borc 5 faizdən çox artıb. Bu ölkənin xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda dünyaya gələn hər bir uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir. Ermənistan digər ciddi problemlərdən biri yoxsulluq həddidir. Mərkəzi Bankın hesablamalarına görə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 23.4 faizi yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərindən birinin yoxsul həddə yaşadığını göstərir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə işsizlik səviyyəsi 15.9 faizdir. Beynəlxalq hesabatlarda isə bu göstərivi 36 faizə yaxın göstərirlir. Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Göründüyü kimi, Ermənistan hakmiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asıllığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Belə olan halda isə, rəsmi Yerevan hakimiyyətinin ömrünü təmas xəttində atılan güllələr hesabına uzatmağa çalışır".
Ümumiyyətlə, əksər ekspertlər hesab edir ki, Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir. Qənaət ümumidir: belə gedərsə, yaxın günlərdə Ermənistanda hakimiyyət dəyişikliyi olacaq. Buna səbəb isə ölkədə xalqın indiki hakimiyyətə olan nifrətidir. Bu gün İrəvanda baş verən hadisələr, xüsusilə də son günlər cəbhədə həlak olan əsgər anaları Serj Sarkisyana qarşı ayağa qalxaraq onun istefasını tələb edirlər.