Ermənistan çalxalanmaqdadır Dünya

Ermənistan çalxalanmaqdadır

Ermənilər "Sarkisyan çıx get!" deyirlər

Cavid

Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin artımı məsələsi diqqət mərkəzində olduğu vaxtda, iqtisadi cəhətdən günbəgün geriləyən Ermənistan çıxış yolunu hakimiyyət dəyişikliyində görür. Ölkədə başlayan etiraz dalğası davam edir. Serj Sarkisyanın istefası tələbilə müxalifət tərəfdarları yeni mitinqə hazırlaşır. Bir neçə gün əvvəl baş tutan aksiyadan sonra bu dəfəki mitinqin daha izdihamlı olacağı gözlənilir.
Bir neçə gün əvvəl on minlərlə müxalifətçi erməni birlik nümayiş etdirərək, Ermənistan prezidenti Serj Sarkisyana hakimiyyət dəyişikliyi ilə bağlı xəbərdarlıq etmişdi. Bu aksiya müxaliflərin Qarabağ klanına qarşı birləşməsi kimi qələmə verildi. Serj Sarkisyanın komandası İrəvanda ölkənin üç əsas müxalifət partiyasının 40 minlik aksiyasının hələ də şokunu yaşayır. Mitinqə çıxanlar yoxsulluqdan əziyyət çəkdiklərini, mövcud hakimiyyətin dəyişdirlməsi, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Aksiya təşkilatçıları mitinqin nə Qərbə, nə də Rusiyaya yönəlmədiyini xüsusilə qeyd etdilər. Baxmayaraq ki, narazılar arasında Avrointeqrasiya tərəfdarları da var, aylıq dolanışığı Rusiyada işləyən qohumların pulları hesabına olanlar da.
"Sarkisyan çıx get!" tipli şüarlar səsləndirən etirazçılar erməni oliqarx Qaqik Tsarukyanı prezident görmək istəyirlər. Ermənistanın ən varlı adamının həm pulu, həm də əsas müxalifət partiyalarından aldığı dəstəklə hakimiyyətə gətiriləcəyi gözlənilir. Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan deyib ki, hakimiyyəti dəyişmək üçün heç vaxt belə şans olmayıb. Bir məsələ var ki, ölkədə konstitusiya dəyişikliyi olmasa. Serj Sarkisyan konstitusiya islahatları edərək prezidentlikdən baş nazir postuna keçməyə, bununla da uzun müddət hakimiyyətdə qalmaq istəyini ortaya qoyub. Müxalifət bununla qətiyyən razı deyil. Bu o deməkdir ki, tərəflərin - Tsarukyanla Sarkisyanın hakimiyyət uğrunda savaşı olacaq. Bu arada Ermənistan müxalifəti növbəti mitinqini oktyabrın 24-ə təyin edib.
Növbəti aksiyaya hazırlaşan müxaliflər bu dəfə konkret hədəflər müəyyən edəcəklər.
Onu da bildirək ki, Ermənistanın siyasi elitası çox narahat olub ki, bu Cənubi Qafqaz respublikası ilə Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yaradılacaq. Bu məsələ respubulikanın Avrasiya İttifaqına olması zamanı razılaşdırılıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu barədə hələ yay aylarında Astanada bildirmişdi.
Erməni parlamentinin üzvü Aleksandr Arzumanyan bildirib ki, gömrük məntəqəsinin yaradılması intihara bərabərdir: "Mən çox ümid edirəm ki, bizim ölkənin hakimiyyəti buna yol verməyəcək".
Moskvadan xüsusi olaraq İrəvana uçmuş Rusiya ermənilərinin sədri Ara Abramyan da deputatın dediklərini təkrarlayır: "Serj Sarkisyan Dağlıq Qarabağı bu cür təhdid altında qoymağa imkan verməz"
Amma respublikanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan daha da uzağa gedib və bildirib ki, "Ermənistan istənilən dəqiqə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər".
Əlbəttə ki, cəfəngiyyatdır! Onun nazirliyinin və ölkəsinin prezidentlərinin bu addımı atmaq üçün yetərincə vaxtı vardı, amma onlar bu qərarı vermədilər. Ermənilərə bu addımı atmağa icazə vermədilər və indi də icazə vermirlər. Çünki indi Ermənistan Avrasiya İttifaqına girən zaman imzaladığı öhdəlikləri yerinə yetirməyin üzərində düşünməlidir.
Görünür, Avrasiya Birliyini təsis edən ölkələr də anlayıblar ki, Dağlıq Qarabağı gec və ya tez Azərbaycana qaytarmaq lazımdır. Bu prosesi hətta erməni boşboğazlığı da dayandıra bilməz.
Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalında müstəqil erməni jurnalisti Arevik Saakyanın "Ermənistanda kənd məktəbləri qürub edir" sərlövhəli məqaləsi dərc olunub.
Ermənistanın orta məktəblərində təhsilin vəziyyətindən söhbət açan jurnalist bu sahədə acınacaqlı vəziyyətin yarandığını diqqətə çatdırıb.
Müəllif bildirib ki, Ermənistanın elm və təhsil naziri yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində təhsil sahəsində problemlərin həll olunduğunu bildirsə də, son dörd ildə onlarla kənd məktəbinin bağlanması onun dediklərini şübhə altına alır.
Ermənistanın kənd yerlərində orta məktəblərin bağlanmasının əsas səbəbini işləmək üçün ölkəni tərk edənlərin hesabına kəndlərin sürətlə boşalmasında görən müəllif bu ölkənin Dövlət Miqrasiya Xidmətinin məlumatına istinad etməklə 900 mindən 1 milyonadək erməninin xarici ölkələrə köçdüyünü, onların əksəriyyətinin getdikləri ölkələrdə həmişəlik məskunlaşdıqlarını diqqətə çatdırıb.
İqtisadiyyatı sürtələ tənəzzülə uğrayan, işsizliyin tüğyan etdiyi və məmurlarının hamısı bir nəfər kimi korrupsiyaya qurşanan Ermənistanda 2008-2013-cü illərdə 212 min əmək qabiliyyətli insanın ölkəni tərk etdiyi və əhalisi üç milyondan az olan bir ölkə üçün bunun çox ağır olduğu vurğulanan məqalədə belə vəziyyətin orta məktəblərin fəaliyyətinə ciddi təsir edən amil olduğu bildirilib.
Məqalədə əksər kəndlərdə orta məktəblərin bağlanması səbəbindən kənddə qalan və məktəb yaşı çatan bir neçə uşağın qonşu kənddəki məktəbə getməyə məcbur olması qeyd edilib.
Araqtsyan regionunun Otevan kənd bələdiyyəsinin rəhbəri jurnalistlə söhbətində bildirib ki, kənddəki orta məktəb keçən il bağlanıb: "Valideynlər iş axtarmaq üçün başqa yerə getdiklərindən kənddə məktəb yaşlı bir uşaq da qalmayıb. Kəndi tərk edənlərdən geri qayıtmağı dəfələrlə tələb etsək də, heç bir nəticə alınmayıb".
Şirak rayonunun Kakavar kənd bələdiyyəsinin rəhbərinin kənd məktəbinin bağlanmasının qarşısını almaq üçün qonşu kənddə qalan bir neçə ailənin onların kəndinə köçmələri barədə xahişi də cavabsız qalıb.
Müəllif sovet dövründə 330 şagirdin təhsil aldığı Tavuş rayonunun Barekamavan kənd orta məktəbində 25 uşağın, həmin vaxt 1200 şagirdin oxuduğu Movses kənd məktəbində isə 100-dən az uşağın qaldığını bildirib.
Nazirliyin ümumi təhsil şöbəsinin müdiri uşaq doğumunun azalmasını kənd yerlərində məktəblərin bağlanmasına əsas səbəb kimi göstərsə də, məqalədə bunun bəhanə olduğu qeyd edilib. Bildirilib ki, erməni məmurların bu cür bəhanə gətirmələri əslində riyakarlıq olmaqla yanaşı, ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.
Yeri gəlmişkən, İtaliya mətbuatı Ermənistandakı dözülməz həyatdan yazıb.
İtaliyanın aparıcı xəbər saytları son günlərdə Ermənistanda cərəyan edən kütləvi etiraz aksiyaları ilə bağlı yazılar yayıb.
Həmin yazılarda qeyd olunur ki, bir neçə gün bundan əvvəl Yerevanda 10 minlərlə insan küçələrə axışaraq etiraz aksiyası keçirib. Ermənistan xalqının əksəriyyəti həyat standartlarından narazıdır. Bu etirazlar əsasən ölkənin müxtəlif strukturlarında hökm sürən korrupsiya, ədalətsizlik və qanunsuzluq hallarına qarşı yönəlib. Ermənistanda işsizliyin səviyyəsi hər ay artır və vətəndaşlar ölkəni tərk etmək məcburiyyətində qalırlar.
Bu etirazların həm də Dağlıq Qarabağ münaqişəsi ucbatından Ermənistanın çətin duruma düşməsindən qaynaqlandığı vurğulanan yazılarda bildirilir ki, 1990-cı illərdə baş verən müharibə nəticəsində on minlərlə insanın həyatına son qoyuldu. Azərbaycana məxsus torpaqlarda beynəlxalq birlik tərəfindən tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası" yaradıldı. Ermənistan Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayır. Bu vəziyyət 20 ildən artıqdır ki, davam edir. Bütün bunlara baxmayaraq, Ermənistandan fərqli olaraq Azərbaycanda dinamik iqtisadi inkişaf prosesi gedir.