“Rusiyanın zəifləməsi haqqında mif” Dünya

“Rusiyanın zəifləməsi haqqında mif”

"The Washington Post" qəzeti: "Qərbin səhvi ondan ibarətdir ki, Rusiyanın qisasçı potensialı qiymətləndirilmədi"

Cavid

Ukrayna böhranına görə Qərbin Rusiyaya qarşı sanksiyaları Putin hakimiyyəti daxilində fikir ayrılığına gətirib çıxarıb. Ölkə iqtisadiyyatının zəifləməsi, rublun məzənnəsinin aşağı düşməsi əhalinin də Putin hökumətinə qarşı etirazına səbəb olub. Qərb mətbuatı Rusiyada baş verənləri nəzərdən qaçırmır. Bu günlərdə ABŞ-ın "The Washington Post" qəzetində "Rusiyanın zəifləməsi haqqında mif" məqaləsi dərc edilib. Məqalədə Qərbin Rusiyanın qisas potensialını düzgün qiymətləndirmədiyi qeyd olunub.
"Mərkəzi Avropa və Baltikyanı ölkələrin Avropa Birliyi və NATO-ya inteqrasiyası son 25 il ərzində Qərbin fenomenal müvəffəqiyyətlə nəticələnən yeganə siyasətidir. Amma bu ekspansiyanın, xüsusilə NATO-nun genişlənilməsinin səhv olduğunu iddia etmək indi dəbə düşüb. Baxmayaraq ki, NATO-nun genişlənilməsinin qadağası haqqında Rusiya ilə heç bir müqavilə imzalanmamışdı. NATO-nun genişlənməsi üzrə təşəbbüs də Vaşinqtona məxsus deyildi. Əksinə, 1992-ci ildə Polşanın üzvlük üçün etdiyi birinci müraciət rədd edilmişdi. Amma Polşa və başqaları NATO-ya üzv olmaq üçün təkid edirdilər. Çünki onlar gələcək rus revanşizminin əlamətlərini görürdülər", - deyə ABŞ nəşri yazıb.
"The Washington Post" qeyd edir ki, NATO yavaş-yavaş və ehtiyatla genişlənməsi müddətində Rusiyanı sakitləşdirməyə çalışırdı: "NATO yeni üzv ölkələrdə hərbi bazalarını açmırdı. Hərbi təlimlər isə 2013-cü ilə qədər keçirilmirdi. Rusiyanın etirazlarına cavab olaraq Ukrayna və Gürcüstana 2008-ci ildə faktiki olaraq NATO-ya üzvlük üzrə Fəaliyyət Planı verməkdən imtina etdilər. Həmin dövrdə Rusiyanı alçaltmadılar. Bundan başqa, faktiki olaraq Rusiyaya böyük dövlət statusu və BMT Təhlükəsizlik Şurasında SSRİ-nin yerini verdilər. Ancaq Rusiya Mərkəzi Avropadan fərqli olaraq heç vaxt özünü Avropa ruhunda dəyişdirməyə çalışmırdı. Sovet sisteminə öz sədaqətini sübut etmiş Dövlət Təhlükəsizliyi Komitəsinin zabitləri ölkədə demokratik institutların formalaşmasına imkan verməmək xəttini götürdülər".
"Niyə bu faktlara baxaraq BMT-də islahatlar aparılmadı, SSRİ-nin yeri Hindistan, Yaponiya və ya başqalarına verilmədi. Niyə 10 il əvvəl NATO-nun hərbi bazalarını daha da Şərqə keçirmədik? Qərbin səhvi ondan ibarətdir ki, Rusiyanın qisasçı potensialı qiymətləndirilmədi", - deyə ABŞ nəşri sonda yazıb.
"Qış yaxınlaşır. Rusiya və Ukrayna arasında hərbi qarşıdurma Rusiya qazının Ukrayna və Avropaya çatdırılması üzrə böhranla əvəzlənir". Bu sözləri isə Rusiya-Ukrayna-Avropa Birliyi arasında üçtərəfli qaz danışıqlarını şərh edən ABŞ-ın "The National Interest" nəşrinin redaktoru Ceyms Karden yazıb.
Qeyd edək ki, oktyabrın 17-də Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenko arasında çoxdan gözlənilən görüş baş tutdu. Amma bir çox gözləntilər özünü doğrultmadı.
Rusiyalı həmkarı ilə görüşdən sonra Poroşenko Donbas münaqişəsinin həllində optimist olmadığını deyib. Eyni zamanda Ukrayna xarici işlər naziri Pavel Klimkin və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da danışıqların çətin keçdiyini və anlaşılmazlıqların olduğunu deyib.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu isə Putin və Poroşenkonun Misnk protokolunun icrası haqqında razılaşdığını söyləyib.
C.Karden bildirir ki, P.Poroşenko hər baxımdan Donbas hövzəsindəki müharibəni uduzdu. Amerika nəşrinin redaktoru son sorğulara görə, Poroşenkonun bloku qarşıdakı bazar günündə keçiriləcək parlament seçkiləri ərəfəsində irəlidə olmasına baxmayaraq dövlət başçısının qarşısında bir çox problemlərin olduğunu qeyd edib: "Ölkənin hərbi məğlubiyyəti məlum məsələdir, ordu dağılmış vəziyyətdədir. Son qiymətləndirmələrə görə, bu il Ukrayna iqtisadiyyatı 10 faiz geriləcək".
"The National Interest" nəşrinin redaktoru əlavə edib ki, Milandakı Putin-Poroşenko görüşü eynilə Minskdə 26 avqustda keçirilən görüşün davamı idi. Onun sözlərinə görə, sanksiyalar və beynəlxalq qınamalara baxmayaraq, Putin Ukrayna ilə danışıqlarda mövqeyi bundan sonra daha güclü olacaq: "Çünki qış yaxınlaşır. Rusiya və Ukrayna arasında hərbi qarşıdurma Rusiya qazının Ukrayna və Avropaya çatdırılması üzrə böhranla əvəzlənir. Ukrayna Avropa Birliyi üçün nəzərdə tutulmuş təbii qazın 50 faizi üçün tranzit ərazidir. Rusiyanın 2006 və 2009-cu illərdə Avropa qazını kəsməsi Avropa rəhbərlərinin ağıllarında hələ təzədir".
Bu arada "Levada" mərkəzi sorgu keçirib. Sorğunun nəticələrinə əsasən respondentlərin 70 faizdən çoxu Qərbi Rusiyanın düşməni hesab edir.
Sorğuda iştirak edənlərin 79 faiz ABŞ, Almaniya, Yaponiya, Britaniya və bu kimi Qərbin digər aparıcı ölkələrini Rusiyanın düşməni adlandırıb.
Respondentlər həmin ölkələrin öz problemlərini Rusiyanın hesabına həll etməyə çalışdığı deyib. Sorğu iştirakçıları fürsət düşən kimi onların Rusiya maraqlarına zərbə vuracağını hesab edirlər.
Respondentlərin yalnız 8 faizi ABŞ və Avropa ölkələrinin Rusiyanın maraqları ilə hesablaşdığını zənn edir. Sosioloqların qeyd etdiyi kimi, əhalinin ABŞ və Avropa İttifaqına neqativ hissləri sorğuların keçirilməyə başlanmasından bəri ən zirvə nöqtəsinə çatıb.
Çinə münasibətdə isə bunun tam əksi müşahidə edilib.Sorğu iştirakçılarının 19 faizi Rusiya ilə Çin arasında münasibətləri dostluq, 25 faizi qonşuluq, 35 faizi isə normal münasibətlər kimi səciyyələndirib.
Buna baxmayaraq respondentlərin 66 faizi Rusiya ilə ABŞ və digər Qərb ölkələri arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olduqlarını bildiriblər. Qeyd edək ki, Rusiya ilə Qərb ölkələri arasında münasibətlər Krımın ilhaqı və Ukraynanın şərqində hərbi münaqişə başladıqdan sonra pisləşib.