ABŞ-dan Kremlə xəbərdarlıq Dünya

ABŞ-dan Kremlə xəbərdarlıq

Ukraynanın gələcəyini Moskva müəyyən etməyəcək

Cavid

Son günlər Rusiya-Ukrayna münasibətlərinin yenidən gərginləşməsi tərəflər arasında hərbi toqquşma və qarşıdurmalarda da öünü hiss etdirməkdədir. Rusiya tanklarının beynəlxalq hüquq normnalarına zidd olaraq Ukrayna ərazisinə daxil olması, Ukrayna ərazisinin bilavasitə Rusiyadan artilleriya zərbəsinə məruz qalması və s. Kremlin zorakılıq siyasətindən əl çəkmək nityyətində olmadığını göstərir.
NATO baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasinin 60-ci plenar sessiyasinda çıxışı zamanı deyib ki, NATO-nun qapıları Ukrayna üçün açıqdır.
``Qapı hələ də açıqdır, Ukraynanın tələblərinə cavab verən qərar hələ də qalır. Lakin Ukrayna bloklara qoşulmayan ölkə olduğundan üzvlük üçün müraciət etməyib" - Yens Stoltenberq belə deyib.
Ukrayna prezidenti Pyotr Poroşenko isə litvalı həmkarı ilə birgə mətbuat konfransinda deyib ki, Ukraynanın NATO-ya qoşulub-qoşulmayacağına referendum yolu ilə qərar veriləcək.
"Biz Ukraynanın NATO-nun tələblərinə cavab verəcəyi meyarlar üzərində işləyirik və yalnız onlara nail olduqdan sonra Ukrayna xalqI referendum yolu ilə öz qərarını verəcək" - Pyotr Poroşenko belə deyib.
Dünən isə ABŞ Ukraynanın NATO-ya üzvlüyünə mane olmağa çalışan Kremlə xəbərdarlıq edib. Kiyevdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland bildirib ki, Ukraynanın gələcəyini Moskva müəyyən etməyəcək.
"Heç bir ölkə başqa ölkənin gələcəyini müəyyən etmək hüquqlarına malik deyil. Heç bir ölkə başqa ölkənin üzv olacağı ittifaqlar haqqında qərarlar qəbul etmək hüquqlarına malik deyil. NATO-nun qapıları istənilən avroatlantik dövlət üçün açıqdır. Ukraynanın ittifaqa üzvlüyünə gəlincə, bu məsələ Ukrayna və NATO arasında danışıqların mövzusu olacaq. Əgər Ukrayna bunu istəyərsə", - deyə ABŞ dövlət katibinin köməkçisi bildirib.
Politoloqlar isə hesab edir ki, sözügedən bölgədə baş verən son olaylar Rusiyanın seperatçıları aktiv şəkildə dəstəkləməsinin növbəti nümunəsi kimi dəyərləndirilməlidir. Məhz seperatçılar vasitəsi ilə Ukraynanı Rusiyanın iradəsi ilə barışmağa vadar edən Kreml, onların müdafiəsi və mövcudluğunu özü üçün həyati əhəmiyyətli amil hesab edir. Məhz bu səbəbdən də həlledici məqamlarda seperatçılara açıq hərbi dəstək verən Rusiya, bununla Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qəsd edən qanunsuz silahlı birləşmələri qəti məğlubiyyətdən hifz edir.
Maraqlıdır, Ukrayna-Rusiya gərginliyinin yeni mərhələyə daxil olması bölgəyə nə vəd edir? Ukrayna böhranı illərlə davam edən problemə çevrilə bilərmi? Qərbin indiki məqamda Ukraynaya dəstəyi nə dərəcədə həlledicidir? Qərbin Rusiyanın təcavüzünün qarşısını almaq üçün hansı addımılar atması problemin həlli baxımından daha effektiv ola bilər?
Politoloq İlqar Altay baş verənlərin gözlənilən olduğunu vurğulayıb. Ekspertin qənaətincə, Rusiya bundan öncə də seperatçıları müdafiə etmək üçün zəruri məqamda lazımi hərbi müdaxilələr gerçəkləşdirib və bununla da seperatçıların yanında olduğunu açıq şəkildə ortaya qoyub: "Bu gün Rusiya tank və artilleriyasının Ukrayna mövqelərinə hücumunun yenidən bərpası gözlənilən idi. Cünki növbəti dəfə Şərqi Ukraynadakı rusiyameylli separatçı qüvvələr hədlərini aşdılar, Ukrayna ordusu adekvat cavab verib onları geri otuzdurdu və hətta sıxışdırıb sıradan çıxarmağa başlayıb. Moskvaya isə separatçıların sıxışdırılıb sıradan çıxarılması və Şərqi Ukraynanı itirmək qətiyyən sərf etmir. Ona görə də hər dəfə son anda Rusiya qoşunlarının bilavasitə iştirakı ilə separatçıları məhv olmaqdan qurtarır. Amma hər dəfə Ukraynaya bu hücumu sona qədər yox, yalnız separatçıların mövqelərinin möhkəmləndirməsinə qədər edir".
Bütün bunlarla yanaşı politoloq hesab edir ki, Rusiya Ukrayna məsələsində həqiqətən də arzuedilməz vəziyyətlə üzləşib. Belə ki, bu gün rəsmi Moskva indiki mövqeyindən nə bir addım geri, nə də bir addım irəli gedə bilir. Başqa sözlə desək, Rusiya özünün formalaşdığı situasiyanın əsirinə çevrilib: "Yəni Rusiya rəhbərliyi bu gün Ukrayna məsələsində çətin, anlaşılmaz vəziyyətə düşüb. Nə irəli gedə bilir, nə də geri çəkilib bu gərginlik və itkilərdən qurtara bilmir. Çünki irəli gedib Kiyevi, bütün Ukraynanı götürmək artıq bir xəyal kimi arxada qalıb. Bu cür, hər gün yerində sayıb separatizmə dayaq durmaq həm canlı qüvvə və texnika, həm maddi, həm də beynəlxalq nüfuz itkisidir. Geri çəkilib, separatçıları Ukraynanın qanuni mühakiməsinin əlinə vermək isə, Rusiya rəhbərliyinin öz elektoratı qarşısında gözdən düşüb devrilməsi ilə nəticələnə bilər".