Papanın 2015-ci il mesajları... Dünya

Papanın 2015-ci il mesajları...

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması üçün dua edən katoliklərin ruhani lideri nədənsə sərhədlərin bağlı olmasının səbəbləri barədə susmağa üstünlük verib

"Kilsə hakimiyyəti" qondarma "erməni soyqırımı"nın 100 illiyində ərköyün balalarına "sərhəd hədiyyəsi" etmək fikrindədir

Cavid

Roma Papası Fransisin Türkiyəyə səfəri başa çatıb. Onun səfəri dünyanın diqqət mərkəzində olub. Belə ki, o, Suriya və İraq qaçqınlarının acınacaqlı vəziyyətinə diqqəti çəkərək ektremizmi pisləyib. Ankarada çıxış edən Roma Papası Yaxın Şərqin "aşırı dərəcədə uzun müddətdən bəri qardaş qırğını meydanına çevrildiyini" qeyd edib.
Bu dəfəki səfər Roma Papasının Türkiyəyə sayca dördüncü səfəri olub.
Onu da qeyd edək ki, Papanın səfəri qonşu İraq və Suriyada İŞİD tərəfindən böyük ərazilərin tutulmasından sonrakı dövrə təsadüf edib. Türkiyədə hazırda Suriyadan gəlmiş və sərhədyanı ərazilərdə yerləşdirilmiş 1.6 milyonadək qaçqın var.
Papa Yaxın Şərqdə, o cümlədən Suriyadan qaçan xristian icması nümayəndələrinin zorakılığa məruz qalması mövzusuna diqqət yetirib.
Papanın Türkiyə səfərində verdiyi açıqlamalar da maraq doğurmaya bilməzdi. Bununla bağlı müxtəlif ekspertlərin müxtəlif fikirləri mövcuddur.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Roma Papası Fransisin Türkiyə səfərini şərh edərkən deyib ki, Roma Papası Fransis Türkiyəyə səfər etməklə bu ölkənin nüfuzunun gücləndirilməsi istiqamətində çox mühüm addım atıb. Bu addım o deməkdir ki, Türkiyə uzun müddət dünyanın ən vacib dövlətlərindən biri olacaq.
Politoloq Papanın Türkiyə səfərini bu ölkənin yalnız xeyrinə olan addım kimi xarakterizə edib: "Səfərdə əsas məsələ dinlərarası dialoq idi. Roma Papası müsəlman, türk torpağına gəlməklə bütün dinlərə barışıq müraciəti etdi. O, yalnız xristian-müsəlman barışığına vurğu qoymadı. Həmçinin katoliklərlə provaslavların vacib dialoquna işarə vurdu. Türkiyədə olan yəhudi idarəsinin başçısı ilə görüşdü. Bu mənada Roma Papası Fresisin üç təkallahçı dinlərin təmsilçiləri ilə görüşməsi və dünyaya türk torpağından barış mesajı verməsi çox mühüm məsələdir. Bu səfər bütün müsəlman dünyası, o cümlədən Türkiyə və Azərbaycan üçün də çox əhəmiyyətli idi".
"Nəzərə almaq lazımdır ki, Vatikanın Türkiyəyə indiki münasibətinin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da müstəsna rolu var. Serj Sarkisyanın Vatikana səfəri zamanı onun üzünə də baxan olmadı. Çünki, ondan bir qədər əvvəl həm rəsmi Bakı, həm də Heydər Əliyev Fondu Vatikanla hərtərəfli əlaqələr qurmuşdu. Ona görə də Papanın Türkiyə səfərinin uğurlarının bir tərəfi də Azərbaycanla bağlıdır" - deyə, M. Əhmədoğlu vurğulayıb.
M.Əhmədoğlu qeyd edib ki, bu səfər zamanı da ermənilərin istəkləri baş tutmadı: "Səfərdən öncə ermənilər deyirdilər ki, Roma Papası Türkiyə səfəri zamanı onlara dəstək verəcək. Amma bu belə olmadı. Onun ermənilərlə bağlı səsləndirdiyi fikir yalnız rəmzi xarakter daşıyır. Papa bu addımı da atmasaydı, bu ermənilərə qarşı düşmənçilik elanı olardı. Sadəcə Papa ermənilərə qarşı düşmənçiliyini ortaya qoymadı. Ona görə də Papanın ermənilərlə bağlı gördüyü işlər simvolikdir. Yəni, heç bir əhəmiyyəti yoxdur".
Politoloq vurğulayıb ki, Roma Papası Frasiskin səfərinin həssas vurğusu türk torpağında bütün dünyaya dinlərin barışığını irəli sürməsidir.
Onu da qeyd edək ki, Türkiyə səfəri başa çatan katoliklərin ruhani lideri Papa Fransis təyyarədə jurnalistlərlə Ermənistan barədə danışıb. Ruhani lider jurnalistlərin bu istiqamətdə suallarına cavab verib. Jurnalistlərdən birinin, "Türkiyə səfəriniz müddətində Ermənistan barədə heç nə demədiniz. Gələn il "soyqırımın" 100-cü ildönümüdür. Bu barədə nə fikirləşirsiniz" – sualına Papa iki ölkə arasındakı sərhəddin açılması üçün dua etdiyini deyib.
"Bu gün xəstəxanada yatan erməni patriarxını ziyarət etdim. Türkiyə hökuməti keçən il bir jest etdi. O dövrün baş naziri Ərdoğan məktubla başsağlığı verdi. Bəziləri bunun az olduğunu düşünür. Mənim fikrimcə isə, bu, kiçik və ya böyük fərqi yoxdur – bir əl uzadılmasıdır. Bu həmişə müsbət addımdır. Mən əlimi az və ya çox uzadaram və qarşı tərəfin nə deyəcəyini gözləyərəm. Mənim əsas ürəyimdə olan sərhədlrin açılmasıdır. Kaş ki, sərhəd qapısı açılsa. Elə yaxşı olar ki. Mən o bölgədə sərhəd qapısının açılmasını heç də asan etməyən geosiyasi problemlər olduğunu bilirəm. Amma bu xalqlar arasında uzlaşma olması üçün dua edək".
Roma Papası Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması üçün dua edərkən nədənsə sərhədlərin bağlı olmasının səbəbləri barədə susmağa üstünlük verib, Ermənistanın işğalçı siyasətinin bölgəyə, burada yaşayan insanlara vurduğu ziyanların, müharibə nətisəndə on minlərlə insanın həlak olması faktının üstündən keçib.
Politioloq Arzu Nağıyevin fikrincə, Roma Papası Fransis Türkiyəyə səfəri çərçivəsində yaxın vaxtda Türkiyə-Ermənistan sərhədlərinin açılacağına ümid və Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması üçün dua edib: "Bundan başqa prezident Rəcəb Tayyib Ərdoğanın ötən il aprelin 24-də ermənilərə göndərdiyi məktubu da yada salıb və iki ölkənin münasibətlərinin normallaşmasına doğru atılan ciddi addım kimi qiymətləndirib.
Düşünürəm ki, 2015-ci il "genosid"in 100 illiyi olduğu üçün bu cür çıxışlar və bəyanatlar həddən artıq çoxalacaqdır və bu da Roma Papasının bəyanatında özünü biruzə verir. Məlumdur ki,Roma Katolik kilsəsi və ermənliələrin dini əqidə baxımdan müəyyən yaxınlığları mövcuddur. Erməni lobbisi və dünya erməni diasporasının da bu proseslərə böyük təsiri var və Vatikan da istisna deyil.
Məhz buna görə də belə bir səviyyədə bəyanatların səslənməsi və onun reqional siyasi məsələlərlə uzlaşdırılması tərəfimizdən qabaqlayıcı addımların atılmasını zəruri edir".
Ekspert Emil Hüseynli isə bildirib ki, Roma Papası Fransiskin Türkiyəyə səfəri zamanı Ermənistanla sərhəd məsələsini müzakirə edəcəyi gözlənilən idi: "Proqnozlar özünü doğrultdu. Papa Türkiyə-Ermənistan sərhədlərinin bu yaxınlarda açılacağına ümid etdiyini açıqlayıb. Roma Papası bildirib ki, sabiq baş nazir, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın ötən il aprelin 24-də ermənilərə göndərdiyi məktub xüsusi məna daşıyır və Türkiyə tərəfdən münasibətlərin normallaşmasına doğru atılan ciddi addım kimi qiymətləndirilməlidir.
"Kilsə hakimiyyəti"nin öz ərköyün balasını açıqca müdafiə etməsi bir daha onu göstərir ki, dünyada istər dini, istər siyasi baxışlarda ikili yanaşma mövcuddur. Haqq, ədalət qalır bir kənarda, işğalçı rejimlər müdafiə olunur. Bəs görəsən, Papa Fransis Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi ilə, müharibənin ağır nəticələrini öz taleyində yaşayan azərbaycanlılarla maraqlanırmı? Türkiyədən sərhədlərin açılmasını istəyirsə, sual etməyibmi ki, Ermənistan Dağlıq Qarabağ probleminin həllində hansı ümidverici addımlar atır? Minlərlə insanın ölümünə bais olan Serj Sarkisyandan soruşulubmu ki, sən niyə işğalçı siyasətindən əl çəkmirsən? Öz doğulduğu torpaqlarda yaxınlarının qəbrini ziyarət etdiyinə görə girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Xankəndidə işgəncə altında saxlanılır. Beynəlxalq ictimaiyyət bu məsələyə soyuq yanaşır. Papa Fransisi onların taleyi maraqlandırmırmı? İnsanlıq doğurdanmı ölüb? Görünür, Vatikan hakimiyyəti erməniləri o qədər ərköyün böyüdür ki, terrorizm, vandallıq Ermənistan hakimiyyətinin gündəlik siyasətinə çevrilib".
Proseslərdən görünür ki, "kilsə hakimiyyəti" qondarma "erməni soyqırımı"nın 100 illiyində ərköyün balalarına "sərhəd hədiyyəsi" etmək fikrindədir. Sözsüz ki, Vatikanda əyləşənlər bu istiqamətdə lazımi işlər görürlər. Türkiyə hakimiyyətinə dolayısı və açıqca istəklərini bildirirlər və bəzən də təzyiqlərdən çəkinmirlər: "Sərhədlərin açılması arzusunda olanlar bilməlidirlər ki, Türkiyə-Ermənistan sərhəd qapılarının möhürlü olması Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticəsidir. Ermənistan işğal etdiyi torpaqları azad etməsə, rəsmi Ankara sərhədləri açmayacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dövrdə də, indi də dəfələlərlə bəyan edib. Yəni, bu məsələ Türkiyənin baza prinsipinə çevrilib - ya torpaqlar azad edilməli, ya da sərhədlərin açılması müzakirə mövzusu olmamalıdır. Bunu "kilsə hakimiyyəti" də, sərhədlərin açılmasında maraqlı olan dünyanın siyasi hakimiyyəti də birdəfəlik bilməlidir".