Ermənilər yenidən ayağa qalxdı Dünya

Ermənilər yenidən ayağa qalxdı

İşğalçı ölkədə bahalıqdır, əhali qiymət artımına qarşı çıxışlar edir

Cavid

Ermənistanda etirazlar artmaqda davam edir. Artıq işğalşı əlkənin nəqliyyat sektorunda tətillər baş qaldırıb. İrəvanda yüzlərlə avtobus sürücüsü maye qaz yanacağının bahalaşmasına etiraz edərək xəttə çıxmayıb. Sürücülər maye qaz yanacağına qiymətin kəskin şəkildə artmasından sonra zərərlə işlədiklərini deyirlər.
Son günlər Ermənistan dramının dəyərinin enməsi səbəbindən əsas istehlak mallarının qiyməti bəzi hallarda 40 faizədək, o cümlədən avtomobil yanacağı kimi istifadə edilən maye qazın qiyməti 20 faizədək artıb.
Dünəndən başlanan 5 marşrut üzrə işləyən sürücülərin tətilində dünən ondan çox istiqamətlərdə sərnişin daşıyan mikroavtobus sürücüləri iştirak edirdi.
Sürücülər maşınların istismarına sərf etdikləri xərclərin artdığını, marşrut sahiblərinə gündəlik ödənişləri verə bilməyib hər gün 30-40 min dram borclu qaldıqlarını deyirlər.
Polis etiraz aksiyasının şəhər mərkəzində keçirilməsinə yol vermir. Yüzlərlə mikroavtobus paytaxtın mərkəzindən uzaq mikrorayonlarında cərgələrə düzülüb dayanıb.
Marşrut taksi sürücülərinin bir tələbi var: "Qazın qiyməti endirilsin". İrəvan meriyası problemi həll etmək üçün şəhər nəqliyyatında gediş haqqının artırılmasını təklif edir. Sürücülər buna da razı deyil. Onlar deyirlər ki, əhalinin ödəmə qabiliyyəti buna imkan vermir.
İrəvan meriyası hələ 2013-cü ildə sakinlərin sərt etirazları nəticəsində şəhər nəqliyyatında gediş qiymətinin qaldırılması qərarını dəyişməyə məcbur olmuşdu.
Lakin günün ikinci yarısından tətili dispetçer məntəqələri yanında davam etdirəcəklərini bəyan edən sürücülərə hələlik problemin həlli üçün başqa təklif edilməyib.
Dünən verilən məlumata görə Ermənistanda qazın qiymətinin artmasına etiraz edən taksi sürücüləri bu günə planlaşdırılmış aksiayalarını yanvarın 15-dək təxirə salıblar.
Hökümətə 27 gün möhlət verən taksi sürücüləri tələbləri yerinə yetirilməyəcəyi təqdirdə bütün yolları bağlayacaqlarını bəyan ediblər.
Qeyd edək ki, qaz tariflərinin artması ilə əlaqədar Ermənistanda ictimai nəqliyyat vasitələrində gediş haqqının da artacağı gözlənilir. Odur ki, digər sürücülər də etiraz aksiyası keçirəcəklərini bildiriblər: "Tariflərin artması heç kimə sərf etmir. Bizim də ailə üzvlərimiz nəqliyyatdan istifadə edirlər. Buna görə də qazın qiymətinin düşməsini istəyirik. Əks halda, gediş haqqı da artacaq."
Rusiya kimi Ermənistan da iqtisadi böhranla üzləşib. Ötən gün İrəvan ticarət müəssisələrində qənd tozu almaq mümkün deyildi. Soruşanlara anbarda olanın satılıb qurtardığını, yeni ehtiyatların nə vaxt gətiriləcəyinin məlum olmadığını deyirdilər.
Qənd tozunun bir gündə defisitə çevrilməsinə Ermənistan milli valyutası – dramın son on il ərzində rekord səviyyədə "ucuzlaşması" səbəb olub.
Bir neçə saat ərzində qiymətlər 15, 20, bəzən 30-40 faizədək artmışdı. Satıcılar alveri qoyub, qiymət yarlıqlarını dəyişirdilər, Bu barədə BBC-nin müxbiri xəbər verir.
"Hər şey bahalaşıb, çörəkdən tutmuş televizora kimi", - müxbirimizə adının çəkilməsini istəməyən, Yerevanın iri marketində satıcı işləyən qadın deyir.
"Tədarükçü hər gün qiymətləri qaldırır. Dünən günortaya kimi pesoku 360 drama satmışıq, sonra məcbur olduq 400, 450 drama qaldırmağa", o əlavə edir.
Bəzi mağazalarda şəkər tozunun 500-550 drama da satıldığını deyirlər.
"Ermənistana çox şey kənardan gətirilir. Dollarla alıb, dramla bizə verirlər. Tədarükçü bilmir nə qiymət qoysun. Dramımız da ki bir səviyyədə dayanmır, az qala hər saat ucuzlaşır".
Qadın yeni il süfrəsi üçün aldığının 3 polietilen torbaya sığdığını deyir. Deyir, şəkər tozunu da ala bilsə şirniyyat hazırlayıb vəziyyətdən çıxar
Mağazalarda şəkər tozundan başqa, Yeni il süfrəsi üçün xəmirdən şirniyyat bişirmək üçün un da çox alınır.
Üzünü kameraya düşməsini istəməyən Knarik adlı qadın da şəkər tozu ala bilməmişdi: "Bu rayonda bir neçə mağazada şəkər tozu yox idi. Həmişə 600 drama aldığım unu 900 drama aldım, 400 dram olan yağ indi 1000 dram olub".
Unun qiyməti bir sutka ərzində 40 faizədək artıb. Un məhsulları və çörək son iki həftə ərzində ikinci dəfə, növündən asılı olaraq, daha 10-15 faiz bahalaşıb. Həm bitki, həm kərə yağı növlərinin və şirniyyatın qiymətləri də artmaqda davam edir.
Meyvə-tərəvəz və ətin qiyməti hələ qalxmayıb, keçən həftənin səviyyəsində qalır. Mal ətinin 1 kilosu 2400-2500, donuz əti – 3600-3800 dramdır.
Dramın ucuzlaşması səbəbindən Yerevan mağazalarında məişət texnikasının qiymətləri 30 faizədək artıb.
Valyuta bazarında yaranmış qeyri-sabitlik səbəbindən ticarət mərkəzlərində gündə bir neçə dəfə qiymət yarlıqlarını dəyişirlər
Səhər Yerevanın valyutadəyişmə məntəqələrində səhər 1 ABŞ dollarını 630-635 drama almaq olardı. Lakin bir-iki saatdan sonra xarici valyutanın (dollar, avro və funt sterlinq) satışı kəsildi.
Ümumiyyətlə, son ay ərzində Ermənistan puldəyişmə nöqtələri xarici valyutanı alır, lakin ya heç satmır, ya da son dərəcə məhdud məbləğdə satırlar.
Hazırda 1 ABŞ dollarını 560, 1 avronu 685-700, 1 funt sterlinqi 750 drama dəyişmək olardı. Bu, son bir ay ərzində Ermənistan milli valyutasının 35 faizdən də çox dəyərdən düşdüyünü göstərir.
Yeri gəlmişkən, ilin yekunları ilə bağlı dünən mətbuat konfransı keçirən Vladimir Putinin Gümrüdəki hərbi bazanın adını çəkməməsi Ermənistanda narahatlıq doğurub.
Jurnalistlərin suallarına cavab verən Rusiya prezidenti ölkəsinin xaricdə yalnız iki hərbi bazasının olduğunu vurğulayıb. Rusiya və Amerika arasında "soyuq müharibə" başlaması barədə suala cavab verən Vladimir Putin həmin bazaların yalnız Qırğızıstanda və Tacikistanda olduğunu deyib.
"ABŞ-ın bazaları Avropada nə edir? NATO-nun infrastrukturunu bizim üstümüzə kim yeridir? Bizlə dialoqa girirlərmi? Yox!", - deyə Vladimir Putin bildirib.
Erməni mətbuatı bu ifadələrdən çox narahat olub. Jurnalistlər məsələ ilə bağlı iki versiya irəli sürüblər. Bəziləri Rusiyanın Ermənistandakı 102-ci hərbi bazanı ləğv edəcəyini düşünür. Yəni maliyyə problemləri ilə üzləşən Rusiya xərcləri azaltmaq üçün Ermənistandakı hərbi bazanı ləğv edə bilər.
İkinci qrup isə düşünür ki, vəziyyət tamamilə fərqlidir və Rusiya artıq Ermənistanı öz ərazisi sayır. Belə düşünənlər ehtimal edir ki, Abxaziya və Osetiya kimi tanınmamış ölkələr kimi Ermənistanın da Rusiya Federasiyasına daxil olmasına çox qalmayıb.