Rusiya Krımın işğalını rəsmiləşdirir Dünya

Rusiya Krımın işğalını rəsmiləşdirir

Mustafa Cəmiloğlu: "Rusiya bizim tarixi torpağımız olan Krımı işğal etdi"

Rusiya Krımla bağlı işğalçı siyasətini rəsmiləşdirməyə hazırlaşır. Belə ki, ötən gün mərkəzi hökumət tərəfindən tanınmayan Krım parlamenti Kremldən gələn tapşırıq əsasında Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Qərar parlamentin iclasında verilib.
Qərarda Krımın "Rusiya Federasiyasının subyekti kimi onun tərkibinə daxil edildiyi" qeyd olunub.
Krım Ali Radası Krımın statusu ilə bağlı referendumun martın 16-da keçiriləcəyini də açıqlayıb. Bu barədə Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədr müavini Rüstəm Temirqaliyev yerli mətbuata açıqlama verib.
Referenduma iki əsas məsələ - Krımın Rusiyanın Federasiya kimi tərkibinə qatılması və 1992-ci il Konstitusiyasının bərpa olunması salınacaq.
Xatırladaq ki, 1992-ci ildə qəbul olunmuş konstitusiyaya görə, Krım Ukrayna tərkibində qalır və rəsmi Kiyevlə münasibətlərini müqavilə və sazişlər əsasında tənzimləyir.
Dünən o da məlum olub ki, Rusiya Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsi məsələsini müzakirə edəcək. Dumanın deputatı Serqey Mironov bildirib ki, müzakirələr gələn həftədən başlayacaq: "Bizim qardaşlarımız Krımda tarixi ədaləti bərpa etmək və Sovet lideri Xruşşovun səhvini Rusiya düzəltmək istəyirlər".
Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutski isə deyib ki, Rusiyanın Krımla bağlı mövqeyi muxtar respublikada keçiriləcək referendumun nəticələri əsasında müəyyənləşdiriləcək: "Dumanın bütün fraksiyaları Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanılmasına tərəfdardır. Lakin Krım əhalisinin bu cür məsələləri referenduma niyə çıxardığını da başa düşürük. Ona görə də Dövlət Dumasının və Rusiya Federasiyasının mövqeyini 16 mart referendumunun nəticələrinə əsasən müəyyən edəcəyik".
Krım tatarlarının lideri Mustafa Krımoğlu Publika.az saytına eksklüziv açıqlamasında Krımın növbəti dəfə işğal olunduğunu bəyan edib: "Rusiya bizim tarixi torpağımız olan Krımı işğal etdi".
Mustafa Krımoğlu Krım parlamentinin bu qərarını tanımadıqlarını deyib: "Biz buna tamamilə qarşıyıq. Bizim torpaqlarımızı başqa ölkə gəlib işğal edib. Krımda 1944-cü il yenidən bir başqa formada yaşanmaqdadır. Buna dünya da susmamalıdır. Nə üçün mənim istəyim olmadan tarixi torpağımı başqa ölkəyə birləşdirilir. Hər şey güclə, əzələ ilə həll edilməməlidir. Krım tatarlarındır, həmişə belə olub, bundan sonra da olacaq. Tatarlar da 1944-cü ili yenidən yaşamaq, Rusiyaya birləşmək istəmir".
Mustafa Krımoğlu qeyd edib ki, hazırda nələr olacağını gözləyirlər. Onun sözlərinə görə, dünyanın dəstək verməsi gözləntiləri var: "Biz özümüz əlimizdən gələni edəcəyik ki, bu bir daha baş verməsin. Burda bir işğal var, Krımda kimlərində əli ilə Rusiya bizim taleyimizi həll edir. Halbuki biz buna qarşıyıq".
Beləliklə, keçmiş SSRİ məkanında ərazi münaqişələri siyahısına daha birinin də əlavə olunduğunu söyləmək olar. Azərbaycanın Dağlıq Qarabağ problemi, Gürcüstanda Abxaziya və Osetiya ərazi münaqişələri, Moldovanın Dnestryanı konflikti keçmiş SSRİ və onun xələfi Rusiyanın təxribatıdır. Bunlarla yanaşı, Krım Muxtar Respublikası da yeni ərazi qarşıdurmalarına səbəb ola bilər. Belə ki, Krım parlamenti Rusiyanın tərkibinə birləşmək üçün qərar qəbul edib və martın 16-da bununla bağlı referendum keçiriləcək. Kremlin nəzarətində olan ərazi münaqişələrinin çoxalması Rusiya üçün nələr vəd edir?
Politoloq Vəfa Quluzadə Modern.az saytına prosesləri şərh edib. O bildirib ki, bu konfliktlər əvvəl-axır Rusiyanın özünün əleyhinə çevriləcək: "Rusiyanın ambisiyaları baş tutan sevda deyil. Bu ərazi münaqişələrinə görə separatçılara və Rusiyaya qarşı ciddi müqavimətlər olacaq".
O, hesab edir ki, Qərbin Rusiyaya tətbiq edəcəyi sanksiyalar fonunda Moskva ərazi konfliktləri ilə heç bir uğur qazanmayacaq. Vəfa Quluzadə proseslərin tam olaraq Rusiyanın əleyhinə yönəlməsinin vaxt aparacağını da istisna etməyib: "Ancaq bu qarşıdurmalar Rusiyanın xeyrinə bitməyəcək".