Rus ordusunun əsgəri Gümrüdə niyə asıldı? Dünya

Rus ordusunun əsgəri Gümrüdə niyə asıldı?

Ermənilər ruslardan qisas alır

Cavid

Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiya sərhəd qoşunlarının müqavilə əsasında xidmət edən və fevralda yoxa çıxmış hərbçinin cəsədinin tapılması erməni-rus münasibətlərinin yenidən gərginləşməsinə səbəb olub. Şirak vilayəti prokurorunun sözlərinə görə, Artur Afyanın cəsədi Gümrinin yaxınlığındakı Maisyan kəndində, mağazanın arxasında aşkar edilib.
Hərbçi asılmış vəziyyətdə olub, lakin onun intihar etdiyi, yaxud qətlə yetirildiyini ekspertiza müəyyən etməlidir, prokuror deyib.
Gümrü yanvar ayında 7 nəfərdən ibarət ailə üzvlərinin şəhərdə yerləşən 102 saylı Rusiya hərbi bazasının əsgəri tərəfindən öldürülməsində şübhəli bilinməsi ilə bağlı yerli və beynəlxalq medianın diqqət mərkəzinə düşüb.
Rusiya sərhəd qoşunlarının hərbçisi 26 yaşlı Artur Afyanın fevralın 21-də yoxa çıxması barədə onun həyat yoldaşı Alvard Mkrtçyan həmin gün polisə məlumat verib.
Afyan istirahət günündən sonra xidmət yerinə qayıtmayıb və telefon zənglərinə cavab vermirdi.
Bəzi məlumatlara görə, ailənin böyük məbləğdə borcları olub. Lakin Alvard Mkrtçyan mediaya deyib ki, ərinin yoxa çıxmasından bir neçə gün əvvəl borcu ödəmək üçün onlar bütün qiymətli əşyalarını girov qoyublar.
Fevralın sonunda yerli istintaq idarəsi əsgərin yoxa çıxması ilə bağlı cinayət işi açıb.
Politoloq Ərəstun Oruclunun fikrincə, Ermənistanda, məhz Permyakovun qətliam törətdiyi Gümrüdə asılan Rusiya sərhəd xidmətinin erməni əsilli əsgərinin sözügedən nifrət zəminində qətlə yetirilə biləcəyi istina deyil: "Bunun arxasında erməni hökumətinin dayanması kimi məqamlara düzü, bir qədər spektik yanaşıram. Görünən odur ki, bu gün Sərkisyan hökumətinə bu, lazım deyil. Buna görə də istisna etmirəm ki, bu olay cəmiyyətdə olan sırf mövcud psixoloji durumun nəticəsidir. O ki qaldı son günlər erməni ordusundakı zorakılıq hallarına, nizam-intizamı olmayan ölkədə belə hadisələr adi bir haldır. Bütün bunlar birbaşa ölkədəki ictimai-siyasi durumla bağlıdır və belə hallarda hətta bəzən kütləvi qətllər qaçılmaz ola bilər".
Politoloq son günlər üzdə olmayan, ancaq daxildə artan Ermənistan-Rusiya gərginliyinə də toxunub: "Son vaxtlar Ermənistanda Rusiyaya qarşı nifrət baş alıb getsə də, bu, iki ölkə arasındakı əlaqələrin qırılmasına səbəb ola bilməz. Çünki İrəvanla Moskva arasında müqavilə öhdəliyi var, Ermənistandakı mülkiyyətin böyük bir hissəsi Rusiya şirkətləri tərəfindən özəlləşdirilib, Ermənistanın enerji təchizatı, qaz paylama şəbəkəsi rus şirkətlərinin nəzarətindədir. Buna görə də iki ölkə arasında birdən-birə qırılmalar ola bilməz. Ancaq Rusiyanın zəifləməsi və Qərb tərəfindən sıxışdırılması istənilən halda münasibətlərə təsir göstərərək Moskvanın bir çox müttəfiqlərinin ondan məsafələnməsinə gətirib çıxarıb. Bu, təkcə Ermənistanla deyil, Belarusla olan münasibətlərdə də özünü göstərir. Hətta Qazaxıstan artıq xeyli dərəcədə Rusiya ilə ehtiyatlı davranır, o cümlədən digər dövlətlər. Faktiki olaraq hazırda çətinliyə düşməsi səbəbindən Rusiya öz müttəfiqlərini itirmək qorxusu yaşayır. Bu da təbiidir, çünki heç kəs zəifin yanında olmaq istəmir".