Nüvə razılaşması pozula bilər Dünya

Nüvə razılaşması pozula bilər

Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq etdi

Həsən Ruhani: "Bütün sanksiyalar aradan qaldırılmasa, İran böyük dövlətlərlə nüvə sazişini imzalamayacaq!"

Cavid

Avropa İttifaqı məhkəmə hökmünə baxmayaraq, İranın Ticarət Bankı və 32 yükdaşıma şirkətinə qarşı yenidən sanksiyalar tətbiq edib. Qurumun sanksiyaları Tehranın dünyanın 6 qüdrətli ölkəsi ilə İranı sanksiyalardan azad edəcək nüvə razılığı əldə etməsindən bir neçə gün sonraya təsadüf edir.
Avropa İttifaqı Ticarət Bankının maliyyə resursları, neft və qaz layihələrinin maliyyələşdirilməsi ilə İran hökumətinə dəstək verdiyini bildirib. Qeyd edək ki, yanvar ayında Avropa məhkəməsi bankın və 40-a yaxın yükdaşıma şirkətinin sanksiyalar obyekti olmadığına dair qərar çıxarmışdı.
Qərar Tehranda ciddi təpkiyə səbəb olub. İtan prezidenti Həsən Ruhani bəyan edib ki, sanksiyalar razılaşma imzalanana qədər tamamilə aradan götürülməlidir: "Bütün sanksiyalar aradan qaldırılmasa, İran böyük dövlətlərlə ("Altılıq"la - red.) nüvə sazişini imzalamayacaq!"
Bildirək ki, İran və beynəlxalq vasitəçilərdən (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ibarət "Altılıq" arasında aprelin 2-də əldə edilmiş çərçivə anlaşmasının şərtlərindən biri İrandakı uranın üçdəikisinin zənginləşdirilməyinin 10 il müddətinə dayandırılmağını nəzərdə tutur.
İranin dini lideri ayətullah Xamenei də Qərblə İran arasında razılaşma imzalanacağı barədə iddialara, ABŞ prezidenti Barak Obamanın tələskən bəyanatlarına cavab verib.
O, Tehrandakı mənzilində Əhli-Beyt məddahlarını qəbul edərkən deyib: "Deyirlər ki, niyə filankəs (ayətullah Xamenei - red.) nüvə anlaşması ilə bağlı mövqeyini bildirmir? İndi mövqe bildirməyin mənası yoxdur. Belə ki, hələ bir addım atılmayıb və heç bir öhdəlik yoxdur. Ona görə də mən anlaşmanın nə əleyhinəyəm, nə də ki lehinə".
İranın dini lideri ilkin anlaşma ilə əlaqədar təbrik etməyin, mövqe bildirməyin hələ tez olduğunu söyləyib: "Bu məsələ ilə bağlı mövqe bildirmək tezdir. Hər şey məsələnin təfərrüatlarından asılıdır. Ola bilsin, əhdinə daim xələf çıxan qarşı tərəf məsələnin detallarında bizi tələyə salsın. İndi məni və digərlərini təbrik etmək mənasızdır, çünki indiyədək atılan addım nə razılaşmanın ehtiva etdiklərinin qorunmağı, nə də müzakirələrin sonadək davam etməyi deməkdir".
Qeyd edək ki, Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı da Xamanei Qərblə əməkdaşlıq mövzusunda Ərdoğana xəbərdarlıq edib. İRNA agentliyi xəbər verir ki, Xamanei Qərb və Amerikaya güvənməyin islam ölkələrinin maraqlarına uyğun olmadığını deyib. İranın dini lideri düşmənlərin müsəlmanların oyanışından narahatlıq keçirdiyini, Amerika və sionistlərin islam ölkələrindəki problemlərdən məmnun olduğunu söyləyib. "Hər vaxt bunu vurğulayırıq: Qərb və Amerikaya güvənmək islam ölkələrinin maraqlarına uyğun deyil. Qərbin bütün fəaliyyətinin bu gün bölgənin və islam ölkələrinin əleyhinə olduğunu görürük", - İRNA dini liderin Ərdoğanla görüşündən sitat gətirib. İranın bölgədəki problemlərin həlli üçün dialoq və müzakirələrə açıq olduğunu vurğulayan Xamanei Qərbin İŞİD problemini həll etmək istədiyini dilə gətirib.
Yeri gəlmişkən, ABŞ-la İran arasında növbəti gərginlik Yəmən məsələsində özünü daha qabarıq göstərir. "Reuters"in verdiyi məlumatına görə, ABŞ dövlət katibi Con Kerri deyib ki, ABŞ İranın Yəməndə hərbi münaqişəyə müdaxilə etməsinə icazə verməyəcək.
Onun sözlərinə görə prezident Mansur Hadini ölkədən qovan husi silahlılarına İrandan gələn dəstək ABŞ-a yaxşı məlumdur: "Biz münaqişə axtarmırıq. Lakin müttəfiqlərimizi də tək buraxmayacağıq. Biz İranın mümkün fəaliyyətindən özünə təhlükə hiss edənlərə dəstəyimizi davam edəcəyik".
Dövlət katibi bildirib ki, ABŞ İran tərəfdən özünə təhlükə hiss edən Yaxın Şərq ölkələrinə dəstək verəcək.
Qeyd edək ki, bunadan əvvəl yayılan xəbərə görə, İran Səudiyyə Ərəbistan və müttəfiq dövlətlərin husilərə qarşı hərbi əməliyyatların keçirildiyi Yəməndə hərbi varlığını qorumaq üçün hərbi gəmilərini bölgəyə göndərib. İran Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Həbibullah Səyyari bildirib ki, Alborz dağıdıcı gəmisi və Buşehr köməkçi gəmisi Ədən körfəzinə göndərilib. Həbibullah Səyyarinin gəmilərin hansı məqsədlə göndərildiyini də açıqlayıb: "Hərbi gəmilər İran gəmiçiliyininin təhlükəsizliyini təmin etmək və açıq dənizdə İranın maraqlarının qorunması missiyası üçün göndərilib".
Səudiyyə Ərəbistanı başda olmaqla antihusi koalisiyasının Yəməndə hava əməliyyatları davam edir.
Bir çox siyasi analitiklər İranın bu qərarının bölgədəki hərbi münaqişəni daha da alovlandıracağı, Səudiyyə Ərəbistanı ilə dəhşətli müharibəyə səbəb ola biləcəyi haqqında fikirlər söyləyirlər.
Ekspert Elşən Həsənovun fikrincə bu kimi məsələlərdə həmişə Qərblə İran arasında fakir ayrılığı yaranıb ki, bu da sonda münaqişənin alovlana biləcək ehtimalı yaradır: "Bütün bu hadisələri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, İranın Qərblə nüvə danışıqlarında əldə etdiyi ilkin razılıq elə tərəflərin üzündən yenidən pozulacaq. Çünki bu məsələnin bir ucu Yaxın və orta Şərqdə gedən proseslərə İranın müdaxiləsinə bağlanır. İran Yəmən və Suriyadakı proseslərdə başlıca rola malikdir. Onun bu rolu isə ABŞ başda olmaqla Qərb tərəfindən heç cürə qəbul edilmir. Ona görə də Qərb bu məsələlərdə İrana təsir göstərəcək, İran isə geri çəkilməyəcək və nəticədə nüvə silahı məsələsi yenidən dalana dirənəcək".