Türkiyə: seçkidən sonra nə olacaq? Dünya

Türkiyə: seçkidən sonra nə olacaq?

Ərdoğan qalibdir, amma...

Cavid

Türkiyədə parlament seçkisi keçirildi. Qələbəni isə gözlənildiyi kimi hakim partiya qazandı, amma...
Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 41 faizini toplayaraq birinci oldu. Amma təəssüf ki, bu kabineti tək formalaşdırmaq üçün kifayət deyil. Deməli, hansısa partiya ilə koalisiyaya getmək lazımdır. Parlamentə keçən partiyalar buna gedəcəklərmi? Bu böyük sualdır.
Koalisiyanın baş tutub-tutmayacağından asılı olmayaraq, indi ən əsası odur ki, prezident üsul idarəsinə keçidlə bağlı referendumun taleyi sual altına düşür. Bunun üçün Ərdoğanın tərəfdarlarının parlamentdəki 550 yerdən 330-nu əldə etməyi lazım idi.
Hakim partiya və prezidentin nəaliyyətləri açıq-aşkar görünür. Fəal iqtisadi siyasət, yeni sahələrin inkişafına sərmayə qoyuluşu qısa zamanda Türkiyəyə ümumdaxili məhsulu 3 dəfə artırıb. Türkiyə G 20-lik və beynəlxalq təşkilatların tam hüququlu üzvü olub. Ölkə bu gün NATO-nun əsas fiqurlarından biridir.
Amma müxalifət hesab edir ki, ölkədə sosial ədalət yoxdur. Bundan başqa onlar Ərdoğanı avtoritar idarəçilikdə ittiham edirlər. Hazırda ABŞ-da yaşayan və Türkiyədə hələ də xeyli tərəfdarı olan Fətullah Güləni də unutmaq lazım deyil.
Qərbin özü də Ərdoğana heyran deyil. Onlar düşünürlər ki, prezident çox müstəqildir və heç də hər zaman öz addımlarını onlarla razılaşdırmır.
Fransanın "Le Figaro" nəşri isə gizlətməyə çalışmadığı sevinc hissi Ərdoğanın məğlubiyyətini yazır. Başqa bir nəşr "Liberson" isə ilk səhifəsində parlamentə keçən kürd partiyası liderinin şəklini yerləşdirib və onu "həqiqi cəngavər" adlandırıb.
Bu gün Türkiyədə vəziyyət çətin və qarışıqdır. Ölkə prezidenti artıq baş nazir Əhməd Davudoğluna yarım ayda hökuməti formalaşdırmağı tapşırıb. Hakim partiya parlamentdə çoxluq üçün özünə müttəfiq tapa biləcəkmi?
Seçkiləridə 24,96% səs alaraq, Türkiyə parlamentində 132 deputat yeri qazanan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Qılıcdaroğlu koalisya hökumətinin qurulması ilə bağlı açıqlama verib. Türkiyənin "Posta" qəzeti xəbər verir ki, K.Qılıcdaroğlu bununla bağlı çağırış edib.
O deyib ki, parlament seçkisində seçki baryerini aşan partiyalar təcili müzakirələrə başlamalıdırlar: "Mən sağlam düşüncəli çağırış edirəm: Bu ölkənin problemlərini həll etmək üçün təcili bir araya gəlməli və danışmalıyıq. Xalq seçki qutularında bu mesajı verdi: "Bir araya gəlin".
Biz siyasi liderlər emosionallıqdan əl çəkib, seçicinin verdiyi mesaja əməl etməliyik. Aramızda nə düşmənçilik, nə də dava-dalaş var. Artıq hər kəs üzərinə düşəni etməlidir".
Növbədənkənar seçkiyə münasibət bildirən partiya sədri hesab edir ki, bu, seçiciyə hörmətsizlik olar: "Uzun sözün qısası, məsələni həll etməliyik, vaxt itirməməliyik. Seçkinin səhərisi gün növbədənkənar seçkidən danışmaq iyunun 7-də xalqın ortaya qoyduğu iradəyə hörmətsizlikdir. Xalqın bizdən tələbləri budur: birincisi, zorakılıq istəmirik. İkincisi, azadlıq istəyirik. Üçüncüsü, həyat tərzimizə müdaxilə istəmirik. Dördüncüsü, siyasi partiya liderləri olaraq ortaq məxrəcə gəlib, bizim maddi və mənəvi problemlərimizi həll edin".
Kamal Qılıcdaroğlu Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti qurmayacaqlarını da bildirib: "Bəribaşdan söyləyim ki, AKP ilə koalisiya qurmayacağıq. Niyə qurmayacağıq? Çünki ortada bir saray vəsaiti (prezident sarayını nəzərdə tutur - "Report") var. Bunu ortadan qaldıra biləcəksənmi? Xeyir! Qurani-Kərimə lağ edən adama qarşı çıxa biləcəksənmi? Xeyir! Ona görə də biz AKP ilə qurulacaq koalisiya hökumətində təmsil olunmayacağıq. CXP ilə AKP bir-birinə zidd iki partiyadır. Başqa sözlə, bir yerdə olmağımız mümkün deyil. Türkiyədə vəziyyət normallaşdıqdan sonra növbədənkənar seçki keçirilə bilər. Çağırışımı yeniləyirəm: İndi uzlaşma zamanıdır, gəlin, birlikdə olaq".
16,29 faiz səs toplayaraq Böyük Millət Məclisində 80 deputat yeri qazanan Milliyətçi Hərəkat Partiyasının (MHP) isə koalisya hökuməti qurmaq üçün irəli sürdüyü şərtlər məlum olub. Partiya şərtləri rəsmi formada açıqlamasa da, yerli KİV bununla bağlı "yol xəritəsi"ni yayıb.
Xəbərə görə, MHP koalisiya hökuməti ilə bağlı "yol xəritəsi" hazırlayıb və şərtlər irəli sürüb. Partiya hesab edir ki, milliyyətçilərin təmsil olunduğu koalisiya hökuməti Ədalət və İnkişaf Partiyasının Türkiyənin idarəçilik quruluşunun dəyişdirilərək prezidentlik sisteminə keçiləcəyi haqda vədindən imtina etməlidir, dövlətin unitar quruluşu dəyişdirilməməlidir, PKK-nın yaratdığı problemlərin həllinə yönələn çözüm prosesi layihəsinə son verilməlidir: "Prezidentlik sisteminə keçiləcəyi haqda vəddən imtina edilsin və parlament sistemi davam etdirilsin, yeni konstitusiyanın hazırlanması istiqamətində işlər davam edəcəksə, türk kimliyi və dövlətin unitar quruluşunda heç bir dəyişiklik edilməsin, "çözüm sürəci" adlanan prosesdən terrorun siyasi bağları yararlandığından ölkənin mövcudluğu üçün bundan imtina edilsin. Rüşvət və korrupsiya iddiaları araşdırılsın".
Ekspertlər hesab edirlər ki, əgər tapmasa, Türkiyə üç aydan sonra təkrar seçkiyə getməlidir.
Qeyd edək ki, Türkiyədə keçirilən parlament seçkisində AKP 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırki nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir.