Ərdoğanla Putinin Bakı görüşü Dünya

Ərdoğanla Putinin Bakı görüşü

Qarabağda status-kvo dəyişəcəkmi?

Cavid

İyunun 12-da Avropa Oyunlarının açılış mərasimində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Mətbuatda yayılan məlumata görə, hər iki lider Bakı səfəri zamanı ikitərəfli görüşlər keçirəcəklər. Ekspertlər prezidentlərin görüşlərini müxtəlif aspektlərdən çözürlər.
Politoloq İlqar Vəlizadə hesab edir ki, Bakıda Ərdoğanla Putin arasında fikir mübadiləsi aparılacaq. Onun sözlərinə görə, Ərdoğanla Putinin Bakı görüşündən ciddi qərar qəbul olunmasını gözləməyə ehtiyac yoxdur: "Əlbəttə, Ərdoğanla Putin arasında fikir mübadiləsi aparılacaq. Bunların sırasında "Türk axını", regiondakı vəziyyət, Türkiyədəki seçkilər ilə bağlı fikir mübadilələri olacaq. Amma ciddi qərarların qəbul olunması-filan gözlənilmir. Bütün hallarda görüşlər və onların faydası ondan ibarətdir ki, liderlərin şifahi razılaşması gələcəkdə başqa məsələlərin həllinə rəvac verir. Ola bilər ki, hər iki lider geri dönəndə "Türk axını" ilə bağlı mövqelərdə hansısa korrektələr olsun. Lakin burada bir məsələ var. Türkiyədə parlament seçkiləri baş tutub. Türk axını ilə bağlı hansısa qərar qəbul olunsa belə, onun detallarını müzakirə etmək üçün yeni hökumətin qurulması gözləniləcək. Yeni hökumət bu qərarların hər birini yenidən nəzərdən keçirməlidir. Lakin bunun hansı hökumət olacağı hələ sual altındadır. "Türk axını" məsələsini yubadan amil də budur. Bundan sonra layihə ilə bağlı prinsipial qərarları yeni hakimiyyət verməlidir. Burada bir dilemma var. Yəqin ki, bununla bağlı da fikir mübadiləsi ediləcək. Putini bu məsələ daha çox narahat edir və ona görə də o, Ərdoğandan daha dəqiq cavab istəyəcək".
İ.Vəlizadə Qarabağ konflikti ilə bağlı yeni formatın yaradıla biləcəyini deyib: "Qarabağla bağlı çox güman ki, Bakıda müzakirələr olacaq. Burada Qarabağ problemi kontekstində yox, yəqin ki, regional təhlükəsizlik istiqamətində müzakirələr aparılacaq. Güman etmək olar ki, Azərbaycan və Türkiyə prezidentləri Rusiya rəhbərinə yeni mesaj verəcəklər. Lakin burada hansısa ciddi razılaşmadan söhbət gedə bilməz. Yenə də burada fikir mübadiləsi, tərəflərin mövqelərinin müəyyənləşdirilməsi və korrektə edilməsi məsələsindən söhbət gedə bilər. Bu baxımdan ola bilər ki, hansısa şifahi razılaşdırmalar olsun. Hətta istisna etmək olmaz ki, şifahi razılaşdırmalar yeni formatın yaradılmasına gətirib çıxaracaq. Bu, Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan formatında gündəmə çıxa bilər. Doğurdan da Rusiyanın Qarabağ problemində mövqeyi dəyişdirmək niyyəti varsa, yeni format reallaşa bilər. Hər halda Minsk Qrupunun formatı hələlik şərti olaraq fəaliyyət göstərir. Azərbaycan Minsk Qrupunun formatından razı deyil. Bununla bərabər, Rusiyanın Minsk Qrupunun digər üzvləri ilə də (ABŞ, Fransa və digərləri ilə - red.) problemləri yaşanıb. İstisna etmək olmaz ki, payız aylarında yeni formatın formalaşması ortaya çıxa bilər".
Politoloq həmçinin qeyd edib ki, prezidentlərin Bakı görüşündə İŞİD-lə bağlı məsələ Bakıda müzakirə edilə bilər. Onun sözlərinə görə, Ərdoğanla Putin arasında Suriya məsələsində ziddiyyət mövcuddur: "Burada həm də kürd problemi ilə bağlı məsələlər müzakirə mövzusuna çevrilə bilər. Türkiyə və Rusiya arasında Suriya məsələsində baxışların fərqli olması fəaliyyətin səmərəliliyinin azalmasına gətirib çıxarır. İŞİD problemi Suriya problemi ilə bağlıdır. Suriya problemini müzakirə etmədən İŞİD-i müzakirə etmək olmaz. Regional təhlükəsizlik məsələləri kompleks şəkildə müzakirə edilsə, ziddiyyətlər ortaya çıxacaq. Bu, faydalı iş əmsalının yüksək olmasına imkan verməyəcək. Lakin burada bir məsələ var ki, ikitərəfli formatlarda bu problem effektiv çözülür. Məsələn, Azərbaycan-Rusiya formatında bununla bağlı problem yoxdur. Türkiyənin bu formata daxil olması müəmmalı görünür. Burada ancaq fikir mübadiləsindən söhbət gedə bilər".