Erməni vəhşilikləri Hadisə

Erməni vəhşilikləri

Seyid Cəfər Pişəvəri: "Martın 31-də daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını gözümlə görmüşəm"

II yazı

Azərbaycan sovet dönəmində daha çox mənəvi basqılara məruz qaldı. İmperiya türkün özünəməxsusluğunu ləğv etmək üçün bacardığını etdi. Ermənilər xüsusən ötən yüzilin 60-cı illərindən başlayaraq "erməni genosidi" mövzusunu daha çox qabartdılar, İrəvanın küçələrində nümayişlər, mitinqlər təşkil etdilər. Bu gün ermənilər "qara məni basınca mən qaranı basım" deyə daha da həyasızcasına "erməni soyqırımı" cəfəngiyyatını qabardırlar. Erməni tülkü kimi fitri bicdir: gözəl duyur ki, özünün soyqırıma məruz qalan obrazını yaratmaqla bir neçə tərəfli udacaq. Bu gün dünya erməninin tərəfində olsa da, sabahda onun yeri yoxdur.
Mərhum professor İsrafil Abbaslı yazır: "Xarakterimizdəki unutqanlıq özünü tariximizin çox məqamlarında göstərib. Ermənilərin isə ötən dövrdə boş oturmadıqlarına dair bir neçə fakt gətirmək istəyirəm: hələ ötən yüzilin 60-cı illərində ermənilər guya türklər tərəfindən soyqırıma məruz qalmaları ilə bağlı cəfəngiyyatla dolu kitablar nəşr edərək dünyaya yayıblar. Bu mövzuda romanlar yazıldı, erməni yazıçıları bu barədə gecə-gündüz car çəkdilər. Bu əsərlər yalançı "erməni genosidi" ilə bağlı idi. Az sonra ermənilər daha da fəallaşdılar. Hansı ki, sovet dövründə türk xalqlarına milli kimlikləri ilə bağlı danışmaq belə qadağan edilmişdi, ancaq ermənilər imperiyanın dövründə də daim öz işlərində idilər. O dövrdə rusca çıxmış "Erməni genosidi" kitabını əldə etdim, Azərbaycana gətirdim, burdakılara göstərdim. Ermənilər genosid faktını gündəmə gətirmək üçün hələ o dövrdə bütün mümkün vasitələrdən istifadə edirdilər.
O dövrdə məktəbdə oxuyan kiçik yaşlı erməni balası da bilirdi ki, türk bunun düşmənidir, böyüyəndə mütləq qisasını alacaq. Ancaq biz heç zaman balalarımıza erməni xisləti haqqında danışmadıq. Biz öz türklüyümüz haqqında balalarımıza danışmadıq, erməni isə erməniliyini balalarına böyük bir nemət kimi çatdıra bildi. Özümüzə "azərbaycanlı" dedik, amma ermənilər həmişə bizə "türk" deyirdilər. Yadımdadır, Ermənistanda həmişə erməni tələbələrlə mübahisəmiz düşürdü. Ermənilər deyirdilər ki, siz türksünüz. Yəni demək istəyirəm ki, düşmənlərimiz həmişə bizi bizdən yaxşı tanıyıblar. Ermənilər tarix boyunca məqam tapan kimi içərimizə soxulublar, erməni xislətindən xəbərdar olsaq da, mənasız sülhpərvərlik göstərmişik. Sonda üzləşdiyimiz gerçək durum isə hamıya məlumdur. Balalarımıza düşmənlərimiz haqqında danışmalıyıq. Ümumiyyətlə, hər bir kəs özünün tarixi keçmişi barədə bilməlidir. Qan yaddaşından xəbərdar olmayan millət gələcəyini yarada bilməz".
Tarixçi Vaqif Abışov bildirir ki, 1917-ci il dekabrın 26-da Bakıda türk dükanlarının çoxu bağlanmışdı. Şəhər əhalisi Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edirdi ki, qayda-qanun yaradılması üçün tədbir görsünlər. Onlar soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara son qoyulmasını tələb edirdilər. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, müsəlmanların yaşadığı sahələrə müsəlman milisləri qoyulsun, qəbul edilmiş qərarları həyata keçirmək üçün Hərbi İnqilabi Komitə ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılması Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirildi. Bu yığıncaqda Ə.Topçubaşov, B.Aşurbəyov, M.Ə.Rəsulzadə, İ.Heydərov və M.H.Hacınski iştirak edirdi.
Ancaq S.Şaumyan başda olmaqla Bakı bolşevikləri azərbaycanlıların bu təklifini qulaqardına vurur və soyqırıma ciddi hazırlaşırdılar. Bolşeviklər iki millət arasındakı toqquşmaların öz xeyirlərinə olduğunu aydın başa düşürdülər. Çünki azərbaycanlılar Bakıda hərbi cəhətdən hələ zəif idilər. Digər tərəfdən hətta daşnakların qələbəsi də şəhərdə erməni azlığının daimi hakimiyyətilə nəticələnə bilməzdi. Şaumyanın çıxışlarında şiddətli çarpışmaların qaçılmazlığı tez-tez nəzərə çarpılırdı. O, martın 15-də demişdi ki, Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir".
Bakının və ətrafının bolşevikləşdiyini zənn edən Şaumyan erməniləri və rus əsgərlərini, xüsusilə Xəzər hərbi dəniz donanmasının matroslarını azəri türklərinə qarşı təhrik etməyə başladı. Bakıda özünün rəhbərliyi altında Sovet hökuməti quran Şaumyan azəri türklərinə açıqcasına "Sizə Azərbaycan istiqallaliyyəti yerinə bir məzarlıq bəxşiş edəcəyəm" - demişdi. Şaumyan "Müsavat" partiyasının əleyhinə əks təbliğat apararkən ehtiyatlı hərəkət edirdi. Çünki onun rəhbərlik etdiyi Bakı Sovetinin tərkibi rus və ermənilərdən ibarət idi. Əgər Şaumyan müsəlmanların əleyhinə açıq təbliğat aparsaydı, onda Azərbaycan türklərinin çoxu "Müsavat"ın ətrafında daha sıx birləşəcəkdi. Ermənipərəst görünməmək naminə bolşeviklər "Bakinski raboçi" (bu qəzetin redaktoru əvvəlcə S.Şaumyan, sonra A.Əmiryan olub) qəzetində "Müsavat"ı pisləyərkən "Daşnaksutyun" partiyasına da cüzi tənqidi yer ayırırdılar. Şübhəsiz, bu gözdən pərdə asmaq idi, çünki S.Şaumyan, A.Mikoyan, A.Əmiryan, Q.Korqanov və Daşnaksutyun partiyası "Böyük Ermənistan" dövlətini yaratmaq siyasətini elə bolşevik bayrağı altında aparırdılar. S.Şaumyan yaxşı başa düşürdü ki, nə qədər Müsavat partiyası və Müsəlman Milli Şurası mövcuddur, onların təkhakimiyyətliyi mümkün olmayacaq. Çünki Bakının müsəlman əhalisinin (əhalinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət idi) əksəriyyəti Müsavatı və Müsəlman Milli Şurasını müdafiə edirdi. Şaumyan Qafqaz cəbhəsindən tərxis olunan, yaxud qaçan rus əsgərlərinin silahını alıb ermənilərə verməklə yanaşı, Bakıda olan erməniləri də silahlandırırdı. O, bilirdi ki, güclü hərbi qüvvə olmadan Bakıda hakimiyyəti möhkəmləndirmək mümkün deyil. 1918-ci ilin yanvarında müsəlman korpusunun komandiri general Talışinskinin Bakıda həbsi şəhərin türk-müsəlman əhalisi arasında qəzəb doğurmuşdu. Ermənilərin bu özbaşınalığı xalqın qəzəbinə səbəb olmuşdu. Bakıda və ətraf qəzalarda əhalinin etiraz nümayişləri başlanmışdı. Hövbəti təxribat "Evelina" gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərkisilah edilməsi hadisəsi oldu. Bolşevik-erməni silahlı dəstələrinin "Evelena" gəmisinə hücum edərək azərbaycanlıları tərkisilah etmələri əhalini bərk narahat etmişdi. Onlar Bakı məscidlərindən birinin həyətinə yığılaraq bolşeviklər tərəfindən "Evelina" gəmisindən müsadirə olunmuş silahların geri qaytarılmasını tələb edən qərar qəbul etdilər. Ertəsi gün müsəlman nümayəndələri silahların qaytarılmasını Bakı Sovetindən xahiş etdi. Bolşeviklərin rəhbərlərindən biri olan Caparidze bu tələbin yerinə yetirilməsinə söz versə də, artıq gec idi. Bakıda atışma başlanmışdı. 1918-ci il martın 30-u axşam saat 6-da Bakı əsil döyüş meydanını xatırladırdı. Bolşevik-erməni qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşeviklər, eserlər, daşnaklar bütün qüvvələri ilə onlara kömək etdilər, daha doğrusu, S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakıda türklər erməni-bolşevik silahlı dəstələrinin hücumuna qarşı özünümüdafiə üçün silaha əl atmağa məcbur oldular. Türklərin hərbi sursatı demək olar, yox dərəcəsində idi. Belə olan halda isə təbii ki, mübarizədə türklərin qalib gəlməsi mümkün deyildi. Şəhərdə qabaqcadan planlaşdırılmış dəhşətli qırğınlar, qarətlər başlandı. Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə İstintaq Komissiyasının (FİK) sənədlərində qeyd edilirdi ki, Erməni Milli Komitəsinin hərbi drujinası müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar, eyni vaxtda Levon Saatsazbekovun dəstəsi şəhərin "Şamaxinka" adlanan hissəsini atəşə tutdu.
Seyid Cəfər Pişəvəri "Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı" adlı məqaləsində yazırdı: "Mən 1918-ci il mart ayının 31-də daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşəm".
Ermənilər iyrənc məqsədlərini həyata keçirmək üçün 1918-ci il martın 30-dan aprelin 1-nə kimi - 3 gün ərzində Bakıda minlərlə soydaşımızı qanlarına qəltan etdilər. Sonralar təkcə bir yerdə torpağın altından 57 qadın və qızın meyidi tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Erməni-bolşevik hərbi hissələri nəinki Bakı şəhərində, eləcə də şəhərin ətraf kəndlərində də dəhşətli qırğınlar törətmişdilər. 1918-ci ilin dekabrında Gürcüstanın vətəndaşı Levon Qoqoberidze FİK-ə verdiyi izahatında yazırdı: "1918-ci il mart qırğınları zamanı mən Balaxanı kəndində, Ağayev qardaşlarının evində yaşayırdım. Bu evi Ayrapet Surqulyanın rəhbərliyi altında erməni silahlı dəstələri mühasirəyə aldılar və zirehli qatardan, sonra isə tüfənglərdən atəş açmağa başladılar. Mən qılıncı, pulu, saatı, dövlət əmanət kassasının kitabçasını götürdüm, qərara aldım ki, evdən qaçım. Mənimlə birlikdə Mahmud Ağayev və bir neçə müsəlman da qaçırdı. Arxa qapıya çatmamış ermənilər bizi yoxladılar... Elə həmin dəqiqə üzərimdə olan bütün əşyaları aldılar. Mən və başqaları beş gün girov qaldıq. Sonra məni və Rəhimovu buraxdılar, qalanlarını - Ağayev qardaşlarını və rusları isə gözlərimiz qarşısında güllələdilər. Ağayev qardaşları beş nəfər idilər - kiçiyinin 8, böyüyünün isə 40 yaşı vardı. Güllələnməni birinci erməni həyata keçirdi, onlar arxadan vururdular. Sonra isə tüfəngin qundağı və bıçaqla güllələnənlərin axırına çıxdılar"...
Bakıda azərbaycanlıların soyqırımı hələ başa çatmamış bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başladılar. Şamaxıya hücum edən erməni quldur dəstələrinin başında Stepan Lalayev dururdu. Bu həmin Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında minlərlə dinc azərbaycanlının amansızcasına qətlə yetirilməsinə rəhbərlik etmişdi. Stepan Lalayev azərbaycanlılara qarşı törədilən soyqırımın icraçılarından idi. Bakıda, Şamaxıda, Qubada və başqa yerlərdə sovet-bolşevik bayrağı altında azərbaycanlılara qarşı etdikləri qanlı cinayətlərə görə ermənilər nəinki cəzalandırılmadılar, əksinə, onların bu əməllərinə haqq qazandırdılar. Əslində Şaumyan "gələcək erməni dövləti" üçün əraziləri azərbaycanlılardan təmizləyirdi. Bu təmizləmə əməliyyatının həm rəhbərləri, həm də icraçıları ermənilər idilər".

Uğur