“Tanrı qismətiyəm qürbət diyarda” Hadisə

“Tanrı qismətiyəm qürbət diyarda”

(Şairə xanım Raya Bayramova)

Mənə elə gəlir ki, bu dünyada ən böyük dərd duymaq, anlamaq dərdidir. Dərdləri duyur, duya duya da yaşayırsan. Dərdin ağırlığından bəzən baş. Götürüb dünyadan qaçmaq da istəyirsən. Amma nə yazıq ki, özündən qaçış olamaz ki…Ramiz Rövşən yazır ki,

Gəl, əl-ələ tutub gedək,

Gedək biz olmayan yerə.

Hər dərdi unudub gedək

Dərdimiz olmayan yerə.

Bu dünyada bizim çox dərdlərimiz var – Vətən dərdi, torpaq dərdi, Araz dərdi, namus-qeyrət dərdi, sevgi dərdi, bir parça çörək qazanmaq dərdi, külli miqdarda pulları harada gizlətmək dərdi, qonşu niyə məndən qabağa getdi fikri,dərdi. Elə bundan dolayı da deyirlər ki, hərənin dərdi özünə dəvə yüküdü. Və beləcə bu dünyada anlamaq deyilən bir dərd də var, bütün dərdlərin ən böyüyü, çəkilməzi ki, bu dərdi zaman-zaman anlayışlı, həssas, duyğulu insanlar çəkib, bəzən də çəkə bilməyib, dünyadan nakam köçüblər. Paqaniniyə xoşbəxtlik haqda sual verəndə o, təxminən belə bir cavab vermişdi: "Xoşbəxt o insandır ki,onun anlayanı var".

Anlamaq insanaTanrı tərəfindən verilən elə bir nemət, elə bir mənəvi sərvət, elə bir ziynət və elə bir əziyyətdir ki, o İlahi vergini heç bir yolla əldə etmək mümkün deyil. O, hər adama da nəsib olan deyil. Onunüçün də o nemətdən nəsibini almış insanlar ətrafındakılarda onu görməyəndə darılır, tıncıxır, yaşam tərzi çətinləşir, cəfaya dönür. Şəxsi fikrimdir. Bəlkə də toplum mənimlə razılaşar ki, duymaq, anlamaq dərdini də sıradan bir “nemət” olaraq Tanrı daha çox şairlərə verib. Verib ki, dünyanın dərdini görsünlər, duysunlar və elə çıxış yollarını da açıb kütləyə göstərsinlər.

Bu gün çoxumuzun yaxşı tanıdığı şairə Raya xanım Bayramovanın iç dünyasına- bütövlükdə yaradıcılığına bələd olduqca həqiqətən anlamaq, duymaq dərdinin necə böyük bir dərd olduğuna və bunun Tanrı tərəfindən Raya xanıma ömürlük pay olaraq verildiyinə sözün tam mənasında əmin olursan.

Şairə Raya xanım Bayramova Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini doğma Gəncə şəhərində, ali təhsilini isə Rusiyanın Zelenoqorod şəhərində almışdır. Ali təhsilini Elektron mühəndisliyi ixtisası üzrə bitirmişdir. Bir müddət uzaq Rusiyada yaşamış, hazırda isə qonşu Qazaxıstan Respublikasında fəaliyyət göstərir. Vətəndən uzaqda yaşamasına baxmayaraq Vətən dərdindən yazır, yaradır. Bir-birindən gözəl şeirlər müəllifidir Raya xanım. Şeirlərini oxuduqca oxumaq istəyir və oxuduqca da Raya xanım şəxsiyyətinə bir daha rakursdan bələd olur, tanımış olursan.

Qəriblik alnıma yazılan yazı,

Tanrı qismətiyəm qürbət diyarda.

Raya xanım sıradan bir yazar olaraq dərdləri saymaqdan qalmır, dərdin unudulmaq yollarını da açıb göstərir:

Sabahın xeyir de, dərd boğanlara

Dil ol dilsizlərə, fağırdan danış !

Bir tikə çörəyin qayğısın çəkən

Şələnin altında yağırdan danış !

Beləcə dərd dilim-dilim olaraq sadalanır, ilmələr yavaş-yavaş “yerinə hörülür Raya xanım şeiriyyətində:

Gözə görünməyən, dərddən, kədərdən

Doğru bolünməyən açı qədərdən

Yaz, bu həqiqətdən, bacar yaz, hərdən

Ürəyi incidən ağrıdan danış !

Ədəbiyyat dərdi açıb göstərir, yaxşı ifadə edir,ancaq onu aradan qaldırmaq insanlardan tələb olunur. İnsanı məhv etsələr də onun mənəvi sərvətini məhv edə bilmirlər. Bu mənada insanın daxili aləmi həddən artıq zəngin, əhatəli olmalıdır. İnsanı nə qədər dərindən öyrənsən də yetmir,az olur. İnsan bir sirrdir, insan deyilən müəmma, mürəkkəblik yüzə yüz öyrənilə bilmir.Hər bir halda ürəkdə hərarət, sevgi olmalıdır. Odur ki,

Sevgisiz ürəyin buzu əriməz

Ağlayan ümidlər susmaz , kiriməz

Yalan ayaq açar, qalxmaz , yeriməz

Təmiz məhəbbətdən doğrudan, danış !- deyir Raya xanım.

Elə bu şeirdə də Raya xanım öz həyat idealını da poetik dillə izhar edərək açıb göstərir:

Yalana büklən hər iyrənc dildən

Gör nə günə qalıb, Vətəndən , eldən

Millətin cibini talayan əldən

Raya, bu xaindən, oğrudan danış !

İnsan oğlu kamilləşərək tam insan olmalıdır. Nizami də, Füzuli də bunu istəyirdi, elə Nəsimi də bunu açıb göstərirdi. Sonrakı dövrlərdə də kamil insan obrazı ədəbiyyatın bir nömrəli problemi olaraq qalıb. Raya xanım da ənənəyə sadiq qalır, yaradıcılığında kamillik anlayışını qabardır, poetikləşdirir. Görən nədən Füzulinin kamil insanına nə qədər yaxın olsaq da, tam o insan ola bilmirik? Çünki bizim çağımızda dərdi anlamaq üçün həmdərdlik yolu bəs etmir. Özünü özgənin yerinə qoymaqla nə baş verdiyini anlamaq bəs eləmir. Dərdi anlamaq üçün dəyərləri anlamaq, insan mənəviyyatını görmək, qiymətləndirmək lazımdır. Sənin başına gəlməsədə, dərdlini bilməlisən, görməlisən, anlamağa çalışmalısan, deməlisən. Bizim dövrümüzdə dərdləri, problemləri, ağrıları anlamaq üçün özünü bunu yaşayan özgələrin yerinə qoymaq doğrudan da çətinləşib. Klassiklərin yaşadığı anlamaq dərdi bu gün də öz aktuallığındadır. Anlamazlıq dərdi baş alıb gedir, insanlara əsəb, rahatsızlıq, ürək ağrıları, qanqaralıq, təəssüf hissini yaşadır. Qəribəsi isə odur ki, hər kəs"anlamazlıq dərdi"ndən şikayət edir. Odur ki, bütün bu dərdləri yazmaq, açıb göstərmək lazımdır və təbii ki, bu da bir hünər istər yazıçıdan. Raya xanım Bayramova da

Hər gecənin gözü kordur, qulaq kar,

Boş deyiləm, gör nə qədər işim var.

Qələm əhli yazır, pozur, zaman dar,

Gün doğanda məndən küsür gecələr,- yazır.

Və bu yazhayazda hələ çox işinin olduğunu da vurğulayır.

Qədərə boyun əymək, alın yazısı ilə barışmaq çoxları üçün çox çətin olsa da, Raya xanım üçünsə şükranlıqdır. Taleyinə düşənlə, ömrünə yazılanla – bir sözlə Tanrı payı ilə barışır, şükranlıq edir, razılaşır Raya xanım:

Min bərəkət, nə vermisən,

Azını çox sandım dünya!

Hələ məndə nə görmüsən

Korun-korun yandım dünya!

Dərdin çoxdu, yatmaq olmur,

Ətəyindən tutmaq olmur.

Yamanı unutmaq olmur,

Əvvəl-axır qandım dünya!

Dünya yamanca namərddir. Elə bu mənada da, ədəbi mühitdə"Dərd şairi" kimi qəbul olunmuş, şair-publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlu yazır ki,dünyanın namərd olduğunu eşitmişdim. Sonra bu namərdliklə zaman-zaman üz- üzə gəldim. Lap sonra da o namərdliyin qurbanlarından birinə çevrildim. Əvvəlcə doğulduğum kəndi, ev-eşiyi itirdim -dünya səsimə səs vermədi. Qaçqınlıq yaşadım - dünya hayıma çatmadı. Dostların yarpaq tökümü başladı dünyanın tükü tərpənmədi...". Amma Raya xanım dünyanın təzadlar burulğanında ilişib qalmır, çaba verərək haray çəkir, necə deyərlər, dünyanın, etibarsız insanların paxırını açıb tökür. Təzadları doğuran səbəblər, onların törətdiyi nəticələr və təbii ki, çıxış yolları da Raya xanım yaradıcılığında razvyazkaya cəlb olunur:

Dünya yaman dəyişib

Adamların gözündə !

Yalan, gerçək seçilmir

Danışanın sözündə !

Biri haqlıyam deyir

Düz olanı susdurub.

Biri də düzü əyir

Yalandan üzə durub !

Dar ağacı qurula

Övlad atan asıla !

Böhtan yazan əllərin

Barmaqları kəsilə!...

Misraları rəngarəng, fikirləri müxtəlifdir Raya xanımın. Mənə qalsa Raya xanımı məhsuldar işləyən şairlər kateqoriyasına aid edərdim. Çünki o da yazır, yaradır, təkrarçılığa yol vermir. Müasir dövrün tələbvkar oxucusu Raya xanım yaradıcılığında özünü tapa bilir. Elə özü demiş,

Haqqı danışdım neyləyim,

Çiynimdə yazır mələyim.

Sıx toxunub söz ələyim,

Bəyəndinsə, gülşən olar!

Bəli, bir oxucu olaraq mən bəyəndim və bəyəndiyim üçün də təqdir etdim. Əminəm ki, oxucuları da Raya xanım yaradıcılığını ürəkdən bəyənəcək inşallah!

Şairə xanımın “Aralamasın” başlıqlı şeirini olduğu kimi, orijinaldan diqqətinizə çatdırmağı özümə borc bildim.

Nə qədər sözüm var, ürəyim dolu

Demərəm, heç kimi yaralamasın.

Ürəkdən keçirmiş , ürəyin yolu

Dərdimi çəkəni , paralamasın!

Nəfsimi yandırdım, ruhu dağladım

Nə çəkdim , bilirəm, özəl ağladım

Sevda dəftərini çoxdan bağladım

Bir dəfə sevmişdim, tuturam yasın !

Ocaq yerin külü küllənib daha

Sel gəlib yurduna lillənib daha

Dilim , dil açıbdır , dillənib daha

Söz vuran, göz qoyub, qaralamasın!

Yaradana şükür, ağlım, qeyrətim...

Məni dost bilənə,sonsuz hörmətim!

Oğul-uşağımdır, son məhəbbətim

Allahım heç bizi aralamasın!

Uğur olsun Raya xanım! Yaradıcılıq uğurları və bol-bol oxucu sevgisi, məhəbbəti ilə:

Malik Balaşov -publisist