Uşaqlarda boy artımının ləngiməsi problemi Hadisə

Uşaqlarda boy artımının ləngiməsi problemi

Bunun daha çox rast gəlinən səbəblərindən biri anadangəlmə və ya qazanılma hipotireozdur
Nəsib Quliyev: "Yüz il bundan əvvəlki uşağın boyu ilə indiki uşaqların boyunda fərq var"

Elə ailələr vardır ki, onlarda uşağın boyunun zəif artması irsi xarakter daşıyır. Belə uşaqlar ilk dövrlərdə zəif boy atır, sonradan müəyyən bir dövr ərzində daha sürətlə boy ataraq son nəticədə normal boy həddinə çatırlar. Uşağın boy artımını ləngidən səbəblərdən biri - hipofiz vəzisi (baş beyində yerləşir) tərəfindən boy hormonun kifayət qədər hazırlanmamasıdır. Bu ilk növbədə hipofizin özünün zədələnməsi səbəbindən ola bilər. Bu halda uşaqlarda həmçinin cinsi yetkinlik prosesi də ləngimiş olur, çünki hipofiz eyni zamanda cinsi yetkinləşməni tənzimləyən hormon hazırlayır. Onlarda boy artımının ləngiməsi 2-5 yaşlarda aşkar edilir. Bədənləri mütənasib şəkildə qurulmuş, skelet sümükləri isə nazik olur, daxili üzvləri normal uşaqlarda olduğundan xeyli dərəcədə kiçik olur. Belə uşaqların cinsi üzvləri də inkişafdan qalmış olur, ikincili cinsi əlamətlər nəzərə çarpmır. Xalq arasında belə xəstələri "liliputlar" adlandırırlar. Onların müalicə edilməsi üçün xüsusi preparatlar hazırlanıb.
Uşaqlarda boy artımının ləngiməsinin daha çox rast gəlinən səbəblərindən biri də anadangəlmə və ya qazanılma hipotireozdur. Bu xəstəlik zamanı qalxanvari vəz kifayət qədər tireoid hormonları hazırlaya bilmir. Bu hormonlar orqanizmin həyat fəaliyyətində çox vacib rol oynayaraq, maddələr mübadiləsini, orqanizmin böyüməsini və inkişafını tənzimləyir, ürək-qan damar sisteminə təsir edir. Bu hormonlar olmadan orqanizmin sinir sistemi normal şəkildə inkişaf edə bilməz. Anadangəlmə hipotireozun səbəbi qalxanvari vəzin bətndaxili inkişafının ləngiməsi və ya zədələnməsi ola bilər. Belə problemi olan uşaqlarda südəmər dövrdən boy artımının ləngiməsi özünü büruzə verir. Belə uşaqlar, adətən, əzgin, yuxulu, az hərəkətli, dəriləri quru, əl və ayaqları soyuq, səsləri kobud, dilləri isə daim ağızdan kənara çıxarılmış şəkildə olur. Xəstəliyə məruz qalmış uşaqlar gülümsəmir, oyuncaqlara maraq göstərmir, onlarda əksər hallarda qəbizlik olur, digər uşaqlardan fərqli olaraq vaxtında başlarını düz tutmur və düz otura bilmirlər.
Xəstəliyin müalicəsində hormonal preparatların tətbiq edilməsi tez bir zamanda yaxşı nəticə verir. Uşaqların boyu normal şəkildə artmağa başlayır, hipotireozun digər əlamətləri də keçib gedir. Hipotireoz zamanı sinir sisteminin normal fəaliyyətinin bərpası isə yalnız xəstəliyin müalicəsi tez başlandığı hallarda mümkün olur. Hipotireoz bir çox hallarda qazanılmış olur. Hormonların qəbul edilməsi endokrinoloqun nəzarəti altında (uşaq böyüdükcə onun hormona olan tələbatı da dəyişir) xəstənin ömrünün sonunadək davam etdirilir.
Azərbaycanda uşaqlarda cırtdanboyluluq olmasa da, kiçikboyluluğa meyllilik müşahidə olunur. Azərbaycan Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin mətbuata verdiyi məlumata görə, problem daha çox bölgələrdə müşahidə edilir.
Baş pediatrın fikrincə, uşaqların kiçikboyluluğa meylinin yaranmasının əsas səbəbi onlara ailədə diqqətin, qayğının az göstərilməsi, qidalanmanın düzgün təşkil olunmaması ilə bağlıdır. Nəsib Quliyevin dediyinə görə, ailədə uşaqlara qayğı, onların qidalanması düzgün təşkil olunmadıqda böyümə və inkişafın pozğunluqları baş verir. Uşağın yaşı artsa da, boyu balaca qalır, bədən kütləsi normadan az olur.
Baş pediatrın sözlərinə görə, bu problemdən əsas çıxış yolu uşaqlara daha çox diqqət göstərilməsi, onların sağlamlığının qorunmasıdır: "Uşaqlara bu diqqət sözdə deyil, əməldə göstərməlidir. Təəssüf ki, indi bəzən valideynlər uşaqlarını "çox istədiklərini" deyirlər, amma əmələ qaldıqda sözlə iş üst-üstə düşmür. Faktiki olaraq, indi dövlət tərəfindən uşaqlara göstərilən qayğı bəzi ailələrdə uşaqlara göstərilən münasibətdən qat-qat üstündür. Dövlət uşaqlarla bağlı ardıcıl tədbirlər həyata keçirir, amma ailə var ki, uşaq doğulan kimi onu aparıb küçəyə tullayır. Dövlət valideyn himayəsindən kənarda qalan uşaqların ailələrə verilməsi ilə bağlı proqram həyata keçirir. Məqsəd odur ki, uşaqlar qayğı ilə əhatə olunsun, ailə mühitində böyüsün".
Baş pediatr indiki uşaqlarda akselerasiya prosesinin baş verdiyi vurğulayıb: "Uşaqların inkişafı ilə bağlı müəyyən məsələlər bir az tezləşməyə doğru gedir. 100 il bundan əvvəlki 1 yaşlı uşağın boyu ilə indiki 1 yaşlı uşağın boyunda fərq var. İndiki uşaqların boyu 100 il əvvəllə müqayisədə 1 sm hündür olur, bədən kütləsi ondan çox olur. Bu akselerasiya problemidir və bütün dünyada müşahidə edilir. Akselerasiya prosesi də o qədər sakit gedir ki, onu uşaqlara baxan kimi görmək olmur".
Pediatrın bildirdiyinə görə, uşaqlarda akselerasiyanın səbəbləri hələ elmə dəqiq məlum deyil. Bununla bağlı bir neçə nəzəriyyə olsa da, onlar sübuta yetirilməyib.
Oxford universitetinin əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, kişinin yaşlı dövründə dünyaya gəlmiş uşaqların autizm və şizofreniya kimi xəstəliklərə tutulma risqi digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, tədqiqatlar kişi yaşlandıqca spermanın keyfiyyətinin aşağı düşdüyünü göstərir ki, bu da dünyaya gələn körpədə ciddi sağlıq problemlərinin yaranmasına gətirib çıxarır. Araşdırmanın rəhbəri doktor Endryu Uilkinin bildirir ki, 40 yaşdan yuxarı bir zaman ərzində ata olan kişilərin övladlarında autizm və şizofreniya kimi xəstəliklərlə yanaşı həmçinin ölü doğum və cırtdanboyluluq kimi xəstəliklərə də rast gəlinir.
Uşaqlarda gündəlik ifraz olunan böyümə hormonunun miqdarı yaşlılara nisbətən xeyli çoxdur və yaş artdıqca sekresiya miqdarı azalır. Orqanizmdə böyümə hormonu çoxsaylı müxtəlif funksiyalar yerinə yetirir. Onun təsiri birbaşa icra olunmur, qaraciyərdə sintez olunan bəzi faktorların köməyi ilə vasitəli olaraq həyata keçirilir. Bu faktorlar somatomedinlərdir ki, onlar böyümə hormonunun qaraciyərə təsiri ilə orada sintez olunur.
Böyümə hormonu çatışmazlığı olduqda onlar cırtdan kimi formalaşır, yəni hər hansı bir problemləri olmadan normal insan kimi inkişaf edir, sadəcə boyu həddən artıq qısa qalır. Buna hipofizar cırtdanboyluluq deyilir. Belə hallar 10000 doğuşdan birində rast gəlinir. Bəzi uşaqlar isə anadangəlmə normal olmasına baxmayaraq, kiçik yaşlarda beyin şişi inkişaf edir və bu şiş yayıldıqda cərrahi əməliyyatda şişlə birlikdə hipofiz də çıxarılır. Belə əməliyyat 5-6 yaşlarında icra olunduqda uşaq yenə də cırtdanboylu olur.
Bir çox halda, hipofizdə böyümə hormonu sintez edən hüceyrələrdə dəyişikliklər gedir və onlar xoşxassəli şiş hüceyrələrinə çevrilir. Belə olan halda, hipofizdə böyümə hormonu sintezi artır. Belə xoşxassəli şiş (adenoma) uşaq yaşlarında əmələ gəldikdə, uşaq cinsi yetişkənlik dövrünə qədər sürətlə boy atır. Hipofiz adenomasının səbəb olduğu bu patologiya nəhənglik (giqantizm) adlanır. Cinsi yetişkənlik dövründə isə cinsi hormonların qanda konsentrasiyası artmağa başlayır və bu sümük uclarında epifiz qığırdaqlarının sümükləşmə prosesini sürətləndirərək sümüklərin uzununa böyüməsini dayandırır. Buna görə də, adenoma cinsi yetişkənlik dövründən sonra təsir göstərdikdə yalnız bəzi bədən hissələri qeyri-mütənasib böyüyür (iri burun, dodaqlar, çənə, dişlər, barmaqlar və s.) və bu hal akromeqaliya adlanır. Yaranan dəyişikliklər artıq geridönməz xarakter daşıyır.
Akromeqaliya həmçinin yetkin (epifiz qığırdaqlarının sümükləşməsi başa çatmış) cırtdanboylu şəxsdə də inkişaf edə bilər. Bu, onun özünə boy hormonu yeridərək boyunu uzatmaq istəməsi ilə ola bilər. Məlumat üçün deyək ki, keçən əsrin əvvəllərində kişilərin orta boyu 155-160 sm idi. 1980-ci ildə dünya statistikasına görə bu göstərici kişilər üzrə 173.9 sm, qadınlar üzrə 161.4 sm olmuşdur. 2000-ci ildən sonra bu göstəricinin hələ də artmaqda olduğu müşahidə edilir.
Uşaqların boyunun sürətlə uzanmasının sirri yaşıl yarpaqlı tərəvəzlərdə gizlənib. Boy uzanması genetik faktorlarla yanaşı, ətraf mühitlə də bağlıdır. Bu təsirlərin başında isə qidalanma yer alır. Türkiyəli dietoloq Yeşim İşgüzar, uşaqların boyunun sağlam uzanması üçün uşaqların inkişaf vaxtında nələr yeməli olduğunu bu cür sıralayıb.
Kalsium və fosfor sümüklərin inkişafına güclü təsir edir. Gündə 2 stəkan süd və ya süd məhsulları yedirin. Körpəlik çağından etibarən qidalanma tərkibində kalsium olan bitkilər yedirin. Buraya cəfəri, ispanaq və təzə nanə kimi yaşıl yarpaqlı tərəvəzlər daxildir. Boy uzanmasında proteinin də rolu vacib olduğu üçün hər gün 120 qram ət yedirin.
Sümükləri gücləndirən və böyümə hormonuna müsbət təsir edən digər bir qida da balıqdır. Balığın tərkibi omeqa-3 yağı ilə zəngindir. Həftədə ən az 2 dəfə yeyilməsi çox faydalıdır. Uşağınız balıq yemirsə, həkimin tövsiyəsi ilə balıq yağı tabletləri verə bilərsiniz.
Ət sevməyən uşaqların protein qəbul etməsi üçün qidalanma rasionuna hər gün 1 porsiya paxla əlavə edin. Sink də böyümə və inkişafa müsbət təsir edən müxtəlif hormonları aktivləşdirən mineraldır. Hər gün bir ovuc qoz, fındıq, fıstıq sink ehtiyacını qarşılayır. Bədənin kifayət qədər D vitamini qəbul etməsi üçün günəş işığı da çox önəmlidir.
B12 vitamini də boy uzanmasına təsir edən ünsürdür. Lazım olan vitamin və mineral qəbul etmək üçün hər gün 5 porsiya çiy tərəvəz və meyvə qəbul etmək lazımdır.

Ülviyyə Tahirqızı