Arif Rəhimzadə Ədliyyə Nazirliyini tənqid edib Hadisə

Arif Rəhimzadə Ədliyyə Nazirliyini tənqid edib

"Ədliyyə Nazirliyi bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmalıdır"

Milli Məclisdə qanunvericilik səviyyəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrup yaradılıb.
Bunu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin Milli Məclisin Regional məsələlər komitəsində müzakirəsi zamanı komitənin sədri Arif Rəhimzadə bildirib.
İşçi qrupa Regional məsələlər komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib. Qrupa millət vəkili Rüstəm Xəlilov rəhbərlik edəcək.
Qrup bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində həllini araşdıracaq. Mövcud qanunvericiliyə əlavə və dəyişikliklərlə əlaqədar təkliflərlə çıxış edəcək.
Regional məsələlər komitəsinin dünən keçirilən toplantısında Arif Rəhimzadə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzini və nazirliyi tənqid edib. Regional məsələlər komitəsinin sədri deyib ki,Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi fəaliyyətini tək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirməklə məhdudlaşdırmamalıdır.
Arif Rəhimzadə bildirib ki, artıq 16 ildir bələdiyyələr yaradılıb, fəaliyyət göstərir və müəyyən problemlərlə üzləşirlər: "Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də artıq bələdiyyələrin fəaliyyətinə başqa nöqteyi-nəzərdən yanaşmalıdır. Mərkəz bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır. Bu problemlərin bir hissəsinin həlli qanunvericiliklə bağlıdır və yaradılan işçi qrup bu məsələlərlə məşğul olacaq. Ancaq bələdiyyələrin fəaliyyətinə elə maneələr var ki, bunu Ədliyyə Nazirliyi digər nazirliklərlə qarşılıqlı şəkildə birgə aradan qaldıra bilər. Bir məqamı da qeyd etmək istəyirəm. Telekanallarda bələdiyyələrlə bağlı bir veriliş yoxdur. İndiyə qədər Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ayda bir dəfə, iki dəfə belə bir verilişin hazırlanması üçün telekanallara müraciət edibmi? Müraciət edibsə, nəticəsi nə olub? Elə Milli Məclis də televiziyalara müraciət etməyib. Ancaq bu gün televiziyalarda o qədər lüzumsuz verilişlər var ki... Ümumiyyətlə, ayrılıqda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi deyil, Ədliyyə Nazirliyi bütövlükdə bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmalıdır. Biz hamımız bələdiyyələrə dəstək verməliyik".