Bir udum təmiz hava... Hadisə

Bir udum təmiz hava...

Arzu Şirinova

Saytlar xəbər verir ki, paytaxt Bakıda park sökülüb. Buna da etiraz olaraq yaxınlıqda yaşayan sakinlər etiraz aksiyası keçiriblər. Məlumata görə, sakinlər yeni salınan parkın gecə saatlarında naməlum şəxslər tərəfindən dağıdılmasına etiraz edərək yaxınlıqdakı yolu bağlayıblar. Sakinlər deyir ki, təkcə ötən gecə 30 ağac kökündən çıxarılıb. Tikilicək obyektin özülü qazılıb.
Bu bir faktdır ki, Azərbaycanda, xüsusən də Bakı və Sumqayıt kimi iri şəhərlərdə yaşıllıqların kütləvi surətdə məhvi prosesi hər gün ertəsi gündən bir qədər də çox bərbad vəziyyətdə davam edir. Bu və ya digər müəssisə tikinti prosesinin həyata keçirilməsi bəhanəsilə ağacların, yaşıllıqların məhv olunmasını həyata keçirir. Belə vəziyyətdə isə ölkədə yaşıllıq zonalarının sayı azalır. Vaxtilə Azərbaycan ərazisinin dördə biri meşə və yaşıllıqlarla əhatələnmişdirsə, indi bu rəqəm cüzidir, meşələr bütün ərazinin cəmi 4-5 faizini təşkil edir.
Yaşıllıqların qırılmasının nəticəsidir ki, son illər atmosfer də həddən artıq çirklənib.
İki il bundan öncə bəzi ekspertlər mövcud vəziyyəti dəyərləndirərək belə qənaətə gəldilər ki, yaşıllıqların məhvinin qarşısını almaq üçün 5-10 il müddətinə yaşıllıqların, ağacların qırılmasına moratorium qoyulmalıdır. Eyni zamanda, onlar həmin prosesə ciddi dövlət nəzarətinin olmasını da vacib bildilər.
Əslində sözügedən monitorinqin tətbiqi vacib idi. Ancaq məsələ təkcə təklif verməklə bitmir. Bir məqamı qeyd etmək yerinə düşər. Hələ bir neçə il bundan əvvəl mətbuatda belə bir informasiya yer almışdı:"Ağacların qırılmasının qarşısını alacaq ciddi bir hüquqi mexanizm var ki, bu mexanizm də Ekologiya və Təbii Sərvətlər Hazirliyi tərəfindən hazırlanıb. Hazirlik uzun müddət bu istiqamətdə mübarizə aparıb. Sonda isə Almaniya İqtisadi Əməkdaşlıq Agentliyinin köməyilə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsini hazırlayıb. Heçə ildir Ekologiya və Təbii Sərvətlər Hazirliyi həmin qanunu parlamentə təqdim etsə də, hələlik qanunverici orqan qanun layihəsinə baxmayıb. Həmin qanun beynəlxalq tələbdir. Azərbaycan bununla bağlı iki konvensiyaya imza atıb. Belədə həmin qanunun qəbulunu ölkəmiz öhdəlik kimi götürüb. Bu qanunla istənilən tikinti obyekti tikilməzdən öncə bu barədə Ekologiya və Təbii Sərvətlər Hazirliyinə müraciət edilməlidir. Hazirlik də qanunun tələbinə görə ictimaiyyətin iştirakı ilə məsələni müzakirəyə qoymalı və ondan sonra rəy verməlidir. Lakin qanunun qəbulu baş vermədiyindən bu proseslər də həyata keçirilmir". Maraqlıdır, nədən sözügedən qanunun qəbulu bu qədər gecikir? Cavab çox sadədir-müxtəlif qurumlar və onların maraq dairələri bu qanunun qəbulunu istəmirlər. Çünki başa düşürlər ki, sözügedən qanunun qəbulundan sonra Ekologiya və Təbii Sərvətlər Hazirliyinin Ekoloji Ekspertiza İdarəsinin əlinə ciddi bir hüquqi mexanizm düşəcək və onlar da yaşıllıqların məhv olunmasına yönəlik addımların atılmasına imkan verməyəcəklər...
...Yadımdadır ki, AVP sədri Fəzail Ağamalı Sumqayıt şəhərindən millət vəkili seçilən vaxtlarda bir nəfər işbaz yaşıllığı məhv etməyə çalışmışdı. Millət vəkilinin parlamentdəki çıxışından sonra həmin işbazın cəzası verildi və yaşıllıq bir qədər də abadlaşdırıldı-yeni ağaclar və güllər əkildi. Ancaq bu gün kimin nə deməyindən asılı olmayaraq Sumqayıtda, eləcə də Bakıda yaşıllıqlar bilərəkdən məhv edilir. Ötən həftə sosial şəbəkələrdə Bakının neçə illər bundan öncə və hazırkı şəkli yerləşdirildi. Sözsüz ki, illər bundan öncə Bakı yaşıllıqlarla əhatə olunmuşdu. Bu gün isə Bakını göydələnlər ağuşuna alıb. Belə getsə bir udum təmiz havanın həsrətini çəkəcəyik...
...Deyirik ki, ermənilər işğal altında saxladıqları ərazilərimizi məhv edir, ekologiyamıza ciddi ziyan vururlar. Bəs biz özümüz necə, eyni əməli Bakıda, Sumqayıtda və digər ərazilərimizdə həyata keçirmirikmi? Görəsən, ekologiyamızı erməni, yoxsa özümüz daha artıq çirkləndirib, məhvinə çalışırıq?