Təhsil naziri müşavirədə nöqsanlardan danışıb Hadisə

Təhsil naziri müşavirədə nöqsanlardan danışıb

Mikayıl Cabbarov: "Qanuna zidd olaraq işə qəbul edilən xeyli sayda insan var"
"Dərslik problemini həll etmək üçün onun kökünə varmaq lazım gəlir, kökü isə müəllifdir"

"Azərbaycan prezidenti tərəfindən təsdiq olunmuş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilib".
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib ki, dövlət vəsaiti hesabına xaricdə təhsil hətta ən zəngin dövlətlər üçün nadir hadisədir. Onun sözlərinə görə, bu gün proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində və özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər: "Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün hazırda tapşırığınızla yeni proqramın layihəsi üzərində iş gedir. Burada prioritet yalnız azərbaycanlı tələbələrin xarici universitetlərə göndərilməsi deyil, göstərişinizə uyğun olaraq, həmçinin xarici mütəxəssislərin elmi-pedaqoji kadrların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb edilməsi olacaq. Eyni zamanda, xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacaq. Bununla bağlı xaricdə çalışan elmi- pedaqoji kadrlarımız haqqında məlumat bazasının yaradılmasına başlanıb".
Nazir qeyd edib ki, təhsil sektoruna göstərilən qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, 2700-dən çox yeni məktəb tikilib, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.
Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılıb, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunub, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınıb: "Son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşıb. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olub. İki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompüter nisbəti təmin olunub, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulub. Təhsilin infrastrukturu ilə bağlı məsələlərin əhəmiyyətli hissəsi həll olunduğu halda, bu gün ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəlməsi ön plana keçir".
Mikayıl Cabbarov deyib ki, ötən il Təhsil Nazirliyi tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib.
Nazir bildirib ki, ümumtəhsil məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilib, ötən dərs ilində 90 mindən çox məzunun hamısı attestat alıb. Onun sözlərinə görə, bu qərar minlərlə gəncə təhsillərini davam etdirmək üçün yeni imkanlar açıb.
M.Cabbarov qeyd edib ki, hazırda məktəb müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir: "Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılıb. İmtahanlarda 15030 nəfər iştirak edib, onlardan 1281 nəfər işə qəbul olunub. Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülüb. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlayıb. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir. Bundan başqa, təəssüf hissi ilə qeyd etməliyəm ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır. Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaq".
Təhsil naziri əlavə edib ki, əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirlərinin daha geniş tətbiqidir. Onun sözlərinə görə, ötən illərdə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə çatdırılmışdır. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır.
Təhsil naziri dərslik probleminin səbəblərini də açıqlayıb.
Onun sözlərinə görə, təhsil sahəsində baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi gələcəkdə də barışmaz olacaq, təhsil sistemində mövcud mənfi hallarla mübarizədə ardıcıl yanaşma tətbiq ediləcək.
Nazir bildirib ki, Azərbaycan prezidentinin təhsil sisteminin sürətli transformasiyasına nail olmaq barədə göstərişinin icrasının təmin edilməsi məqsədilə idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyinin Aparatında struktur dəyişiklikləri edilib, təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılıb, daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilib. Nazir qeyd edib ki, ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib. Nəticədə aparılan statistika göstərib ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalıb.
M. Cabbarov dərslik mövzusuna da toxunub. Onun fikrincə, problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir: "Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət irəliləyişlər olub. Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artıb. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də təsir göstərəcək. Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq".
Hazir onu da əlavə edib ki, dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir. Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır.
Onun sözlərinə görə, göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçirilir.
Nazir deyib ki, ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması zəruridir: "Ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır. Bu, bir tərəfdən şəffaflığın təmin olunması baxımından irəli atılmış addım olacaq, digər tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün əsas kimi çıxış edəcək. Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə "sabah qrupları"nın, yəni, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur. Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu layihə 32 ali təhsil müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə edəcək. Növbəti akademik ildən başlayaraq nazirlik öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırır. Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət proqramı hazırlanacaq".