Federal Təhlükəsizlik Xidməti deşifrə açarlarını tələb edə bilər Hadisə

Federal Təhlükəsizlik Xidməti deşifrə açarlarını tələb edə bilər

İyulun 20-dən bəri səs-küylü antiterror qanunu – "Yarova Paketi" qüvvəyə minib (Rusiya Dumasında Təhlükəsizlik Komitəsinin sədri Irina Yarova terror və qisasçılıq əleyhinə mübarizə tədbirlərini əks etdirən layihə hazırladığından, sözügedən qanun da onun adını daşıyır – red.). Bu, milyonlarla rusiyalının internetlə yararlandığı "Telegram", "Viber" və "Whatsapp" kimi xidmət və proqramlara təsir göstərə bilər.
Sözügedən xidmətlərin hər biri şifrələnmiş ünsiyyət təklif edir. Yəni nəzəri baxımdan, özünüzdən və həmsöhbətinizdən başqa heç kim nədən danışdığınızı və saytda nə etdiyinizi öyrənə bilməz.
Yeni qanuna görə isə, xüsusi xidmət orqanları terrorizmlə mübarizə bəhanəsi ilə "məlumatı ötürən təşkilatçıdan" (sayt, messencer və bloqların sahibi olan şirkətlərdən) qorunan şifrəli məlumatların deşifrə açarlarını tələb edə bilər.
Sxem sadədir: Federal Təhlükəsizlik Xidməti (FTX) "məlumatı ötürən təşkilatçıya" deşifrə açarlarının təqdim edilməsi barədə xahiş məktubu göndərir. O da, öz növbəsində, bu məlumatı adi və ya elektron poçtla göndərir (buna borcludur).
Düzdür, bu, bir çox hallarda texniki baxımdan mümkün deyil, yaxud bu işi çətin gerçəkləşdirmək olur.
HTTPS protokoluyla qorunan internet qoşulmalarında istifadəçi hər dəfə açar dəyişir (HTTPS-in açması "Hyper Text Transfer Protocol Secure"dir. İngiliscədən çevirəndə, "İri Mətnləri Gizli Ötürmə Protokolu" anlamına gəlir. 1994-cü ildə hazırlanmış bu protokol veb aləmində geniş istifadə olunur. Populyar brauzerlərin hamısı HTTPS-i dəstəkləyir –red.).
Söhbət, əsasən, bank, sosial şəbəkə və s.-inqorunan saytlarından gedir. Bu halda deşifrə açarını verməkdən ötrü server yenidən tənzimlənməli, onun qoruma dərəcəsi azaldılmalıdır. Hər hansı Qərb bankı çətin buna getsin.
Rusiyada nümayəndəlikləri olmayan şirkətlər Rusiya xüsusi xidmət orqanlarının müraciətlərinə məhəl qoymaya bilər. "Telegram" messencerinin yaradıcısı Pavel Durov artıq bildirib ki, onun şirkəti "Yarova Qanunu"nun tələblərinə əməl etməyəcək.
Yeni qanunda açarları verməkdən imtinaya görə 800 min rubldan (12 min 580 dollardan) bir milyon rubladək (15 min 730 dollaradək) cərimə nəzərdə tutulub. Nəzəri baxımdan açarların verilməməsinə görə cərimələri artıq iyulun 20-dən tətbiq etmək olar. Hərçənd, formal təlimat yalnız avqustun 12-də dərc edilib.
Ciddi qanun pozucularını son nəticədə bloklaya da bilərlər, ancaq qanunda bu barədə birbaşa heç nə deyilmir.
İnternet xidmətləri xüsusi xidmət orqanları ilə fəal əməkdaşlığa girsə, bu tədbirlər pisniyyətli insanların danışıqlarını deşifrə etməyə və bəlkə onların hərəkətlərinin qarşısını almağa bəlli dərəcədə kömək edə bilər.
Ancaq belə tədbirlərin gerçək faydası bilinmir. Əvəzində isə bunun istifadəçilərə necə baha başa gələcəyi məlumdur. Güc strukturları özlərinin yeni yetkilərindən aşırı istifadəyə başlasalar, vətəndaşlar özəl gizli yazışmalarıyla sağollaşmağa məcbur qalacaqlar. Axı bu yazışmaları özəlləşdirən məhz kodlaşdırmadır.
Messencer və saytların irimiqyaslı bloklanmasına da heç bir texniki əngəl yoxdur.
Məsələn, Çində qərb resursları və ayrı-ayrı messencerlər (tutalım, Cənubi Koreyanın "KakaoTalk" və "Line" messencerləri) bloklanır. Əlbəttə, bundan yan ötmək olar. Ancaq kütləvi istifadəçinin işi çətinə düşə, üstəlik, buna görə cəzalandırıla da bilər. Məsələn, uyğurların yaşadığı Sintszyan əyalətində bu hərəkətə görə sizin mobil rabitənizi kəsə bilərlər.
Rusiyada artıq "Wikipedia" kimi iri internet layihələri və çox sayda saytın yararlandığı "Amazon" xidməti qısamüddətli bloklanmaya məruz qalıb. Bundan başqa, "RosKomNadzor"(Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət xidməti – red.) artıq Rusiyada messencerlər üzərində daha sərt nəzarət imkanlarını nəzərdən keçirib.
Bu yöndə Rusiya hökumət strukturlarının "Facebook", "Google", yaxud "Microsoft" kimi iri internet şirkətləriylə necə əməkdaşlıq edəcəyi də hələ məlum deyil.
Ekspertlərin fikrincə, iş bloklamayadək gedib çıxmaz, ancaq hakim dairələrin bu məsələ barədə birmənalı fikri yoxdur.
Bu yaxınlarda FTX direktoru internetdə nəzarətsizlik və anonimliyi problem adlandırıb. O, terrorçuların "Telegram", "WhatsApp" və "Viber" kimi messencer xidmətlərindən geniş yararlandığını da bildirib.