Suyun xlorlaşdırılması insan üçün ziyanlıdır Hadisə

Suyun xlorlaşdırılması insan üçün ziyanlıdır

Anar Cəbrayıllı: "Gələcəkdə suyun saflaşdırılması üçün nə zəydən, nə də xlordan istifadə etməyəcəyik"

Yayın yaxınlaşması ilə ənənəvi olan su problem yenidən qabarır. Nəzərə alaq ki, paytaxtın su təchizatı acınacaqlı vəziyyətdədir. Bir çox magistral su boruları çürüyərək sıradan çıxıb. Mütəxəssislər deyir ki, insanın gün ərzində 2 litr (8 stəkan) su içməsi vacibdir. Adi su insanın ehtiyacını ödəmək üçün vacib olmaqla yanaşı, meyvə suları, süd və bitki çayları da su ehtiyacını qarşılaya bilər. Su yeməklərin həzmi, əzələlərin sıxılması, hüceyrələrə oksigen və qida elementləri daşınması, orqanizmdəki artıq maddələrin təmizlənməsi, temperaturun tənzimlənməsi üçün vacibdir. Qəbizliyin qarşısını almaq, dəri nəmliyini qorumaq və artıq yağların atılması üçün də su içmək çox əhəmiyyətlidir. İstifadə edilən suyun keyfiyyəti pozularsa, ciddi xəstəliklərə yol aça bilər. İçməli suyun tərkibi çox vacibdir. Ekspertlərin bildirdiyinə görə, suyun tərkibində xəstəlik törədən mikroorqanizmlər olmamalıdır. Qoxusuz, rəngsiz, şəffaf olmalıdır. Suya dad verən maddə qatılmamalıdır. Yetəri qədər yumşaq olmalıdır. Tərkibində sulfid, dəmir və manqan kimi elementlər olmamalıdır. Xlorid, nitrat, flüor, radioaktiv maddələr sinirlərə mənfi təsir göstərə bilər. Bəs krandan axan su necə, keyfiyyətlidirmi? "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı bildirir ki, Azərbaycanda, eləcə də paytaxtda istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi dövlətlərarası standarta (buna DÜST də deyilir) uyğun təyin edilir. Onun bildirdiyinə görə, Kür çayından əhaliyə verilən su üç mərhələdə təmizlənir. Çay suyunun tərkibindəki minerallar, codluq, bağırsaq çöpləri, bulanıqlıq öyrənilir. Hətta radioloji analizlər də aparılır. Anar Cəbrayıllının dediyinə görə, Ceyranbatan su anbarının suyu keyfiyyətlidir: "Hazırda Bakı əhalisi beş mənbədən gələn su ilə təmin edilir. Şollar, İkinci Bakı su kəməri, Ceyranbatan su kəməri, Kür və Oğuz-Qəbələ. Bunların hamısının keyfiyyət göstəriciləri, tərkibi, fiziki, kimyəvi, bakterioloji göstəriciləri tam nəzarətdədir. Bəzən vətəndaşlar mənə sual verirlər ki, krandan su içmək olarmı? Deyirəm, bəli, içmək olar?".
Əhmədli Qəsəbəsi Neapol küçəsində yaşayan, Lalə Haşımova deyir ki, hava küləkli olanda su daha da lilli olur. Nəinki içməyə, heç yuyunmağa da yaramır. Bu vəziyyət təkcə Bakının Əhmədli qəsəbəsində deyil, eləcə də şəhərin ayrı-ayrı rayonlarında əhali eyni problemlə üzləşirlər. Mənzillərə verilən içməli su əksər hallarda bulanlıq olur. Ona görə də mənzillərə gələn suyu bir neçə mərhələli süzmə əmliyyatından keçirdikdən sonra istifadə olunur. Əvvəlcə suyu ağzına bampbıq tıxanmış plasmas qabdan bankaya süzürlər, sonra qaynadıb çökməsini gözləyirlər. Daha sonra isə onu tənzifdən keçirib içmək üçün yararlı vəziyyətə gətirirlər. Nəsimi rayonun sakinləri isə istifadə etdikləri suyun şəffaflığından narazı deyillər: "Çox içməli, keyfiyyətli Qəbələ suyudur".
Nəsimi rayonunda su nə qədər şəffafdırsa, Yasamalda bir o qədər bulanlıqdır. Yaxınlarda Bakının ayrı-ayrı rayonlarından götürülmüş su nümunələrinin tərkibi analiz edilmişdi. Məlum olmuşdu ki, Nəsimi rayonu ərazisindən götürülən suyun tərkibindəki maddələrin miqları 250 mili qramdan çox, Yasamaladan götürülmüş nümunədə 300-ə yaxın, Əhmədlidən götürülən içməli suyun tərkibində isə maddələrin miqdarı 600 milli qramdır. Mağazadan alınan içməli suyun tərkibi də mənzildən götürülmüş sulardan fərqlənməyib. Mütəxəssis Ramin Əhmədov deyir ki, beynəlxalq standartlara əsasən TDS-in ekranındakı göstərici 50 milliqram litrə qədər olduqda həmin su fiziki-kimyəvi və bakterioloji cəhətdən təmizdir və insan orqanizmi üçün zərərsizdir: "Göstərici 50-120 milliqram həddində olduqda bu orta sərt su, 120-dən yuxarı olduqda isə sərt, yararsız hesab olunur". Ramin Əhmədov suyun tərkibindəki maddələri üzə çıxarmaq üçün elektoroliz cihazından istifadə edir. Cihazın barmaqcıqlarından ikisini mənzildən götürülmüş suyun, ikisini isə filtirdən keçirilmiş suya salıb cəryana qoşur. Təxminən 30 saniyə sonra mənzildən götürdüyüumüz suyun üzərində üfunət qoxuyan bataqlıq əmələ gəlir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, çirkli və içməyə yararsız su dünyada hər on xəstəlikdən birinin və bütün ölüm hallarının 6 faizini, 14 yaşınadək uşaqlar arasında xəstəlik hallarının 22 faizini təşkil edir. Keyfiyyətli su mənbələrinin olmaması üzündən hər il dünyada 1 milyon 600 mindən çox insan tələf olur ki, onların də əksəriyyəti 5 yaşınadək uşaqlardır. Bunun qarşısını almaq üçün Ümumdünya Səhiyyə Təşkilatının və Avropanın qəbul etdiyi bir neçə keyfiyyət standartı var. Əhalinin içdiyi suyun tərkibi də bu standarta cavab verməlidir. Məsələn, indi dünyada suda bağırsaq çöplərinin ən minimum həddə belə olması qəbul edilmir. Azərbaycanda isə hələ də sovet dövründən qalma standart tətbiq olunur və bu standart suda müəyyən həddə bağırsaq çöpünün olmasına icazə verir. Bununla belə AzərSu-bunu dynyanın ən yaxşı standartı hesab edir: "Standartlarla bağlı bildiyim səviyyədə qeyd edə bilərəm ki, bir ÜST-ün standartları var, bir Avropa, bir də bizim işlətdiyimiz rus standartı. Amma ibizm işlətdiyimiz standart ÜST avropa standartından üstündü. Orada daha ciddi parametrlərin tələbi var. Şəhərə verdiymiz bütün sular dünya standartlarına cavab verir".
"Azərsu"yun rəhbəri Qorxmaz Hüseynov etiraf edir ki, şəbəkələr köhnə olduğundan mənzillərə qədər su müəyyən miqdarda çirklənmələrə məruz qalır: "Təbii ki, şəbəkələrdə köhnəlmə nəticəsində müəyyən sahələrdə çirklənmələr ola bilir. Bununla bağlı montiroinq aparırıq. İaşə müəssisələrində, məktəblərdə, uşaq bağçalarında, eyni zamanda kommunikasiyaların riskli nöqtələrində manitorinqlər həyata keçirilir. Hər hansı nöqsan olduqda səbəblərini araşdırıb aradan qaldıra bilirik". Onu da qeyd edək ki, Azərbaycanda əhaliyə verilən içəmli suda bakteryaları öldürmək üçün əsasən xlordan istifadə edilir ki, alimlərin araşdırmalarına görə, bunun özü də insan orqanizmində başqa fəsadlara səbəb olur. Məsələn, Amerika alimlərinin araşdırmalarına görə xlorla emal olunan suda üzvi maddələr əmələ gəlir. Belə maddələr insan orqanizmi üçün ciddi fəsadlar yardır. Ona görə də dünyanın əksər ölkələri artıq suyun xlorla təmizlənməsindən mina edib. Bizdə isə əhaliyə verilən içməli su 3 mərhələdə xlorlaşdırılır.
O xlorun bir hissəsi qaz halında qalır, bir hissəsi isə su ilə reaksiyaya girir. Bununla da həyat mənbəyi hesab etdiyimiz su həm də həyatımızın sonunu yaxınlaşdırır. Süfrə suyunu və ya mineral suyu plastik qablaşdırmalarda alan və saxlanma şəraiti standartlarda göstərildiyi qaydada gözlənilməyən suyu istehlak edən vətəndaşlar bir sıra hallarda səhhətlərinə ziyan verdiklərinin fərqinə varmırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, mağazalarda litri 30 qəpikdən 10 manata qədər olan sular satılır. Hər bir brendin isə saxta variantları da yetərincədir. Əhali məişətdə istifadə etmək üçün onu qablaşdırılmış şəkildə alır. Qablaşdırılmış suyu qaynadarkən ərp əmələ gəlirsə, onun tərkibi haqqında şübhələr yaranması şəksizdir: "Sərinləşdirici içkilər sektorunda belə problemlər yaşanır. Saxta limonadlar, süni dadverici, rəngverici maddələrlə zənginləşdirilən meyvəli içkilər satılır. Əmtəə bazarında satılan suların təxminən 30 faizi saxtadır və standartlara cavab vermir. Ətraf mühitə, tarlalara atılan plastik qabları antisanitar şəkildə, təmizləmədən yenisini qablaşdırırlar. İsti yay şəraitində plastik qabın tərkibindəki kimyəvi maddələr suyun tərkibinə keçir. Regionlarda, hətta Bakıda da açıq su satışı da keçirilir. Bu sahədə böyük problemlər var. Amma onları aradan qaldıran yoxdur".
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı bildirir ki, əhalinin bu problemi də aradan qalxacaq. Bakıda mənbəyi Ceyranbatan gölünün səth suları olan ən böyük içməli su zavodu tikilir: "Artıq təməli qoyulmuş bu qurğudan Qafqaz regionunda yoxdur. MDB məkənında yalnız Moskvada bir zavod var. Onun da məhsuldarlığı sutkada 320 min kub metrdir. Halbuki Bakıdakı zavodun məhsuldarlığı 520 min kub metrə bərəbərdir. Emal prosesinin texnologiyasına gələndə, bizim Kanadanın "Dow" şirkəti ilə müvafiq müqaviləmiz var. "Dow Chemikal" - dünyanın ən iri və uğurlu kimya şirkətlərdən biridir, həm də suyun təmizləməsində qabaqcıl yerdədir. Onun təchiz etdiyi suyun təmizlənmə usulu ABŞ, Hollandiya və Almaniyanın müştərək texnologiyasıdır. Bu texnologiya bu gün də dünya səviyyəsində qəbul olunmuş suyun təmizlənməsi üzrə ən müassir ultrasüzgəcli texnologiyadır. Bu texnalogiya vasitəsilə su ən kiçik membran filtirlərdən də keçiriləcək. Burda suyun zərərsizləşdirməsi üçün nə zəydən, nə də xlordan istifadə etməyəcəyik. Sadəcə suyu biz qurğunun bu başından Ceyranbatan gölündən götürüb qurğunun o biri başından təmiz saf suyu ambara verəcəyik. Qurğu suyun təbii mineral tərkibini saxlamaqla onun tərkibindəki qumu, tozu, gili, torpağı 0.01 mikron ölçüdən böyük nə varsa, həmçinin bakteriyaları tutub saxlayacaq".
Anar Cəbrayıllının bildirdiyinə görə, "içməli su zavodunun istismara verilməsi Bakı şəhəri və Abşeron yarımadasında 1 milyon insanın su təchizatının yaxşılaşmasına xidmət edəcək. Bakı şəhərinin şərq hissəsi ilə bağlar massivilərinin Sumqayıtadək uzanmış əksər hissəsində içməli su şəbəkəsi yoxdur. İnsanlar orada içməli suyu maşınlarla alırlar. Bu gün bu zavodla paralel olaraq Ceyranbatandan Pirallhıyadək 1200 km. magistral su kəməri çəkilir. Həmən xətti Qalaya qədər çəkmişik. Bu sistem tam işə düşəndən sonra artıq Pirallahıda da insanlar kranı açacaq və evinə içməli su qələcək. Bu lahiyyənin əsas məqsədi də budur. Bəzi saytlarda içməli su zavodunun 1,1 milyard dollara başa gəldiyi göstərilir. Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm: layihənin ümümi qiyməti 1 milyard dollar təşkil edir. Bu qiymətin içində layihənin bütün tərəfləri, həmçinin qəsəbələrdə aparılan hazırlıq işlərinin, kəmərlərin çəkilməsi və s. nəzərdə tutulub. Ceyranbatan su təmizləyici zavodunun dəyəri isə təxminən 200 milyon dollar təşkil edir".

Ülviyyə Tahirqızı