Milli qəhrəmanları tanımaq hər bir azərbaycanlının borcudur Hadisə

Milli qəhrəmanları tanımaq hər bir azərbaycanlının borcudur

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət növbəti tədbirini keçirib

Sentyabrın 21-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində növbəti mətbuat konfransını keçirib. Konfrans "Milli qəhrəmanların tanıdılmasında və təbliğində QHT-lərin rolu" mövzusuna həsr olunub. Layihə rəhbəri Məlahət Xəlilova bildirib ki, vətənpərvərlik hissinin yüksəldilməsi hökumətin, eləcə də Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının daim diqqətdə saxladığı məsələlərdən olub. Bu yöndə davamlı olaraq tədbirlər keçirilir.
Onun sözlərinə görə, müharibə şəraitində yaşayan ölkəmizdə Milli Qəhrəmanların tanıdılması, onların unudulmamısı üçün görülən işlər hər kəsin ürəyindən xəbər verir. Xüsusilə də QHT-lərin orta və ali məktəblərdə, eləcə də bir çox özəl qurumlarda və dövlət təşkilatlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsi üçün həyata keçirdikləri layihələrin Milli Qəhrəmanların tanıdılması istiqamətində çox böyük rolu var. Onlar belə layihələr vasitəsi ilə Milli Qəhrəmanların keçdikləri döyüş yolunu, Vətən sevgisini, torpaq məhəbbətini böyük məsuliyyətlə təbliğ edirlər: "QHT üzvləri istər Bakıda, istərsə də rayonlarda məktəblilər və ictimaiyyətin nümayəndələri ilə keçirdikləri görüşlərdə onu xüsusi vurğulayırlar ki, Milli Qəhrəmanlarla bağlı apardıqları işin əsas mahiyyətini bu igidlərin cəmiyyətdə tanınması, unudulmaması, ikinci planda qalmaması təşkil edir. Yeniyetmə və gənclərin bu günkü və sabahkı həyatlarında həmin qəhrəmanların keçdikləri döyüş yolu bir məşəl olmalıdır. Milli Qəhrəmanlar gənclərin şüurunda, yaddaşında torpaqların azad olması uğrunda canından keçən vətənpərvər şəxsiyyət kimi formalaşmalıdır."
"Müasir inkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü qeyd edib ki, hazırki şəraitdə Azərbaycan dövləti, xüsusilə dövlət başçısı şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Müvafiq dövlət qurumları tərəfindən şəhid ailələrinə qayğı göstərilir, diqqətdə saxlanılır. Eyni mövqe ölkə ictimaiyyəti tərəfindən də nümayiş etdirilir. Biz də bir vətəndaş cəmiyyəti olaraq şəhid ailələrinin yanında olmalıyıq, onlardan öz diqqət və qayğımızı əsirgəməməliyik: "Azərbaycanın 200-dən artıq Milli Qəhrəmanı var və onların cəmiyyətdə tanıdılmasında qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. Nəzərə almaq lazımdır ki, Milli Qəhrəmanların təbliği gənclər arasında vətənpərvərlik hissinin artırılmasında böyük rol oynayır: "Şəhidlər ölmür, bu qəhrəmanlar şəhid olublar ki, biz rahat və firavan yaşaya bilək. Ona görə, cəmiyyətin hər bir üzvü onların tanıdılması, xatirələrinin əbədiləşdirilməsi işində əlində gələni əsirgəməməlidir". İctimai Birlik sədri hesab edir ki, qeyri-hökumət təşkilatları Milli Qəhrəmanların tanıdılması istiqamətində fəaliyyətlərini daha da genişləndirməlidirlər. Milli Qəhrəmanlar təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də tanıdılmalıdır: "İndi informasiya texnologiyalarının imkanları daha genişdir. QHT-lər bu imkanlardan istifadə edərək Milli Qəhrəmanlar barədə məlumatları xarici dillərə tərcümə edərək yaya bilərlər".
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu qeyd etdi ki, torpaqlarının 20%-ə qədəri işğal altında olan Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətində QHT-lərin həyata keçirdiyi tədbirlərin gözlənilən effekti verməsinə çalışmalıyıq: "Aprel hadisələri zamanı keçmiş döyüşçülər kimi cəbhə bölgəsində olduq. Müşahidələr nəticəsində şahidi olduq ki, əsgər və zabitlərimizdə döyüş ruhu yüksəkdir. Hərbçilərimizin mənəvi-psixoloji durumu yüksək səviyyədədir". Onun sözlərinə görə, orta məktəblərdə vətənpərvərliklə bağlı tərbiyə işləri elə səviyyədə aparılmalıdır ki, gənclərimiz hər zaman Azərbaycanın ərazi bütövlüyünü qorumağa hazır olsunlar.
"İnsan Hüquqları və Maarifçilik" İctimai Birliyinin sədr müavini Vilayət Muxtar bildirdi ki, aprel döyüşləri göstərdi ki, ordunun döyüş ruhunun artırılmasında ideoloji təbliğat vacib şərtlərdəndir. Odur ki, gənc əsgərləri, ümumilikdə silahlı qüvvələri daim döyüş ruhunda tərbiyə etmək vətəndaş cəmiyyətlərinin bir saylı vəzifəsi olmalıdır. Qarabağ qazisi, "Vətəninfo"saytının direktoru Nahid Canbaxışlı Azərbaycan ordusunun döyüş ruhunun yüksək olduğunu, əsgərlərimizin hər zaman torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu söylədi: "Bu işdə biz vətəndaş cəmiyyətləri də əlimizdən gələni etməliyik. Ən azından əsgərlərimizə mənəvi dəstək verməli, onların ailələrinin qayğısına qalmalıyıq. Əsgər arxayın olmalıdır ki, onun ailəsinə dövlət və vətəndaş cəmiyyətləri tərəfindən lazımi qayğı göstərilir. Məhz bu amal əsgərlərimizi şanlı qələbəyə apara bilər". Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər igid oğulları var ki, onlara Milli Qəhrəman adı verilməyib. Nəzərə almaq lazımdır ki, hər bir əsgər döyüşərkən bu fəxri ad üçün deyil, Vətən uğrunda canını verməyə hazır olur. Azərbaycan gəncləri məhz bu ruhda tərbiyə olunmalıdır. "Yeni həyat"HSD İctimai Birliyinin sədri Nailə İsmayılova qeyd etdi ki, gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti böyükdür: "Yaxşı olardı ki, belə tədbirlər yerlərdə, xüsusən orta məktəblərdə keçirilsin. Düzdür, hazırda orta məktəblərdə şagirdlərə vətənpərvərlik mövzusunda kifayət qədər məlumat verilir. Ancaq bizlərin, sağ olan Milli Qəhrəmanların dilindən vətənpərvərliklə bağlı məlumatların verilməsi daha təsirli ola bilər". "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal qeyd etdi ki, müharibədə tək silahla deyil, həm də ideya və qələmlə döyüşmək lazımdır. Bu gün dünyada hərbi əməliyyatlarla birgə informasiya müharibəsi də aparılır. Bu baxımdan da informasiya müharibəsinin aparılmasına məsuliyyət KİV-lərlə yanaşı, vətəndaş cəmiyyətlərinin də üzərinə düşür: "Hesab edirəm ki, gənclər arasında vətənpərvərlik hissinin təbliği məsələsində yeni yanaşma ortaya qoyulmalıdır. Daha dəqiq, Milli Qəhrəmanların təbliği zamanı onların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar, onlara məhz hansı hərəkətlərinə görə bu fəxri adın verilməsi məsələsi önə çəkilməlidir".
Binəqədi rayonu 283 saylı məktəbin müəlliməsi Elmira Allahverdiyava deyib ki, məktəblərdə vətənpərvərliklə bağlı tədbirlər mütəmadi keçirilir: "Bəzən məktəbləri qınayırlar ki, orta məktəblərdə vətənpərvərlik lazımi qədər təbliğ olunmur. Ancaq, reallıq ondan ibarətdir ki, orta məktəblərdə əksər fənnlərin tədrisi zamanı vətənpərvərlik mövzusu müzakirə olunur, şagirdlərə bu ideya əyani vəsaitlərlə aşılanır. Bu isə o deməkdir ki, gənclər arasında vətənpərvərlik ideyasının təbliği məsələsində müəllimlərin rolu böyükdür". Onun sözlərinə görə, aprel döyüşləri zamanı 18 yaşı tamam olmayan gənclərin ordu sıralarına yazılmaları üçün hərbi komissarlıqlara axşması buna əyani sübutdur: "QHT-lər vətənpərvərliklə bağlı tədbirləri məktəblərdə keçirsələr daha effektli olar. Nəzərə almaq lazımdır ki, bu məqsədlə orta məktəblərə vəsait ayrılmır, məktəblər öz daxili imkanları hesabına belə tədbirlər təşkil edirlər". Sonra Elmira müəllimə yazıçı-publisit Yunus Oğuzun Vətənlə bağlı şerindən bir parça səsləndirib. Daha sonra şəhid atası Seyfəddin Qurbanov oğlu Fəxrəddinin uşaqlıq, gənclik və döyüş yolundan danışdı.
Milli qəhrəmanları tanımaq hər bir azərbaycanlının müqəddəs borcudur.