Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri Hadisə

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

9-cu yazı

İsgəndər bəy Münşinin "səriştəli və ağıllı türk" adlandırdığı Abbas Mirzənin lələsi Ustaclı Yeqan Şahqulu bu zaman Herat hakimi idi. O, Qəzvində baş vermiş hadisələr barədə məlumat əldə etdikdə, dərhal silah götürməyi, hərbi yürüşləri qadağan edib, intizarla Qəzvindən gələcək buyruqları gözləməyi qərara alır. Elə bu zaman Herat bəylərbəyinə tabe olan Fərah hakimi Hüseyn sultan Əfşar Herata hücum etdi və baş verən savaşda Ustaclı Yeqan Şahqulu öldürüldü. Sağ qalan Ustaclılar Heratı tərk etdilər. Onlardan bir çoxu Yeqan Şahqulu sultanın Sərəxs valisi olan oğlu İbrahim sultanın yanına qaçdı. II Şah İsmayıl bu hadisədən sonra Durmuş xanın nəvəsi Sultan Hüseyn bəy Şamlının oğlu Əliqulu bəyə xan titulu verib, onu Herat hakimi və Xorasan əmir əl-ümərası təyin etdi.
Burada əmir əl-üməra inzibati-hərbi səciyyə daşıyır. Əliqulu bəy ona verilmiş rütbəyə müvafiq olaraq əmir-ibozorg (böyük əmir) statusu ilə Xorasanın bəylərbəyi olub, vilayətin bütün hakimlərindən yüksəkdə dayanır, onların qoşunlarının da baş komandanı olub, fəaliyyətlərinə də nəzarət etməli idi.
Şah Sultan Məhəmmədin (1577-1587) hakimiyyəti dövründə də Herata Şamlı elindən Abbas Mirzənin lələsi Əliqulu xan bəylərbəyi təyin olunmuşdu. Bu zaman Şamlı əmirlərinin çoxu onun məiyyətində olub, onlara Herat vilayətində ulkalar verilmişdi. "Tarix-i alamara-yi Abbasi"də Xəvaf ulkasının isə Ustaclılardan Vəli xana aid olduğu qeyd edilib. Əliqulu xan Şamlı 1581-ci ildə xanlar-xanı titulunu qəbul edib, Abbas Mirzəni "şah" elan etmişdi və Xorasandakı bütün Ustaclı və Şamlılar onun ətrafında birləşmişdilər. Bu zaman Məşhədin, yəni Xorasanın yarısının bəylərbəyi olan Murtuzaqulu xan Pornak Türkman Əliqulu xanla hesablaşmırdı. Halbuki, o bütün Xorasanın valisi Abbas Mirzəyə, həm də onun lələsi və Herat əmir əl-ümərası Əliqulu xana tabe olmalı idi. Onların arasındakı narazılıqlar əvvəl qeyd olunduğu kimi Mirzə Salmanın təhriki ilə daha da artmış və 1582-1583-cü illərdə Ustaclı və Şamlılarla Türkman, Təkəlilər arasında savaşa səbəb olmuşdu. Bu çəkişmələrə son qoymağa çalışan Məhəmməd Xudabəndə də Herata gəlmiş və nahayət çəkişmələrə son qoyulmuş və Əliqulu xan Şaha itaət etdiyini bildirmişdi.
Əliqulu xanın xahişinə görə Abdulla xan Ustaclının nəvəsi Salman xan Məşhədə hakim təyin edilmiş və Murtuzaqulu xan Türkman Astrabada göndərilmiş, Damğan, Bistam, Hezarcərib də ona verilmişdi. Xorasanda Cam hakimi Şahqulu sultan Qarınca oğlu Ustaclı da Salman xana tabe idi. 1587-ci ildə Abbas Mirzə taxta oturduqda Əliqulu xan Şamlı hələ Herat hakimi idi. Bu zaman Özbək Abdullah xan Xorasana hücum edib Herat və Məşhədi zəbt etdi. Əliqulu xan təslm olsa da, o başda olmaqla Şamlılardan bir çoxu öldürüldü. "Tarix-i alamara-yi Abbasi" də 1588-ci ildə Herata tabe olan Tunda Ustaclılardan Şahəli Mirzənin oğlu Salman Mirzənin hakim olduğu haqqında məlumata təsadüf edilir.
1598-ci ildə I Şah Abbas Din Məhəmməd xana savaşlarda qalib gəlib Heratı geri aldıqdan sonra Qum hakimi Hüseyn bəy Şamlıya xan titulu verib Herata hakim və bütün Xorasana əmir əlüməra təyin edir. Ustaclılardan Bektaş sultana da əmir rütbəsi verilib Maruçaq və Murğaba göndərildi. Tezliklə Bala Muğab da özbəklərdən geri alındı. Özbəklərdən geri alınan Xorasanın qalaları bərpa edilib, vilayət və mahallarına əmirlər təyin edilir. 1603-cü ildə Qacarlardan Mehrab xan Xəvaf və Baxərz, Şamlı elindən Nəcəfqulu xan da Qainə hakim təyin olunmuşdu.
1602-1603-cü ildə Əfşar İsmayıl xan Alplı Fərah hakimi idi. I Şah Abbasın hakimiyyətinin son illərində də Fərah hakimi Əfşarın Alplı obasından Ərdoğdu xan olmuşdu. Ərdoğdu xandan sonra Fərah hakiminin Qacar elindən Xəndanqulu xanın olduğunu görürük. II Şah Abbas zamanı Heratın Cam mahalında da hakimlər əsasən Qızılbaş-Türk əsilzadələrindən ibarət olmuşdu.
1663-cü ildə Cam hakimi Həsən xan Təkəli vəfat etmiş, onun yerinə Cam hakim Qələndər sultanın oğlu Abdal sultan Təkəli təyin edilmişdi. İsgəndər bəy Münşinin yazdığına görə Hüseyn xan Şamlı iyirmi il darossəltəne-ye Heratın valisi və Xorasanın bəylərbəyi vəzifəsində ləyaqətlə xidmət etmişdi. O, öz əcəli ilə 1618-ci ildə vəfat edir. Onun vəfatından sonra oğlu Həsən xan Herat hakimi və Xorasan əmir əl-ümərası olmuşdu. Şahın buyruğu ilə Hüseyn xan Şamlının qoşun və ulkası da oğlu Həsən xana verilmişdi. 1641-ci ildə Həsən xan vəfat edir. Yerinə oğlu Abbasqulu bəy erat hakimi olur. Molla Kamal 1653-cü ildə Xorasanda bbasqulu bəyin bəylərbəyi olduğunu qeyd edir. İskəndər bəyin yazdığına görə 1627(28) ci ildə müqəddəs saraya yaxın əmirlərdən Təhmasibqulu xan Tərxan Türkman Herata akim təyin edilir, ancaq xəstələnir və növbəti il vəfat edir.
Möhürdar Əmir xan Söklən (oba) Zülqədər Herat hakimi olur. Onu da qeyd etmək lazımdır ki, I Şah Abbasın zamanında Şamlıların böyük bir qismi əskidə olduğu kimi Xorasanda yaşayırdı. Xorasanda çox hallarda Şamlı obalarının yurdları onların bəylərinin hakim olduğu yerləri təşkil edirdi. Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi yazır ki, I Şah Səfinin hakimiyyətinin ilk ilində Din Məhəmməd xanın oğlu Bəlx valisi Nəzər Məhəmməd Badqis istsqamətində hücum etmiş, Maruçaq qalasının ətrafında hərbi düşərgə salıb on iki gün Qızılbaşlarla savaşmış, ancaq ciddi müqavimətə rast gəlib geri dönmüşdü.
Belə bir vaxtda Heratda da qiyam baş qaldırmışdı. Müəllif bu hadisələrdən bəhs edərkən Həsən xan Şamlının Xorasan bəylərbəyi və sipahsaları olduğunu yazır. O Heratda baş vermiş qiyamı yatırdıb, başçılarını da ələ keçirib mərkəzə göndərmişdi. Müəllif sözünə davam edərək yazır ki Xorasan bəylərbəyi Həsən xan Şamlı Maruçağda özbəklər üzərində qələbə çalıb, Heratda da qanun-qayda yaratdı.
Müəllif 1634-cü il hadisələrindən bəhs edərkən Həsən xanın hələ Xorasan bəylərbəyi olduğunu qeyd edir. 1653- cü ildə Xorasanda Abbasqulu xan bəylərbəyi olmuşdu. "Təzkirət əl-müluk" da Məşhəd-i müqəddəsə tabe olan mahal və ulkalardan Sərəxs, Nişapur, Turşiz, Abiverd, Azadvar, Nisə, Səbzəvar, Əsfərayin, Horuz, Yesaku (?), Dərun, Türbət, Bəzavendəkin adları çəkilir.
II Şah İsmayıl hakimiyyətə keçdikdən sonra Məşhədə Türkman əmirlərindən Murtuzqulu xanı hakim təyin etmişdi. O, Türkman elinin Pornak obasından idi. II Şah İsmayıl dövründə yüksələn ellərdən biri də Türkmanlar olmuşdu. II Şah İsmayılın anası Türkman elinin Mosullu obasından İsa bəyin qızı olduğuna görə Türkmanlar I Şah Təhmasib vəfat etdikdə (1576) İsmayıl Mirzənin tərəfində çıxış etmişlər. II Şah İsmayılın zamanında Türkmanlar Əcəm İraqında Qum, Kaşan, Savə və Azərbaycanda yaşayırdılar. Onların əmirlərinə bu bölgələrlə yanaşı Mazandaran və Astrabadda da ulkalar verilmiş və onlardan bir çoxu ölkənin müxtəlif yerlərində vəzifələrə təyin olunmuşdular. İskəndər bəy Münşi özbək Din Məhəmməd xanın oğlu Cəlal xanın 1577-ci ildə Xorasana hücumu, buradakı qətl-qarəti, onun məğlubiyyəti və Əmət bəy Ustaclı tərəfindən əsir götürülməsini geniş şəkildə təsvir etmiş, Türkman Mürtəzaqulu xan Pornakın Məşhəd-i Müqəddəsin bəylərbəyi olduğunu, onun özbəklərə qarşı müharibədə Qızılbaş ordusuna başçılıq etdiyini yazıb.
Xorasanda Türkmanlarla yanaşı, Şamlı və Ustaclı obaları da məskun olub, Rumlulardan da bir bölüyü Nişapur mahalında yaşayırdı. Sultan Məhəmmədin 1578-ci ildə buyuruğu əsasında Ustaclı əmirlərindən Mürşüdqulu xana Xorasanda Bahərz, onun qardaşı İbrahim sultana Əsfərayin, Məhəmməd xan Sofi oğluna isə Tursiz ulka verilmişdi. 1581-ci ildə Xorasanda Qızılbaş əmirləri arasında baş vermiş çəkişmələri sakitləşdirmək mümkün olmadıqda Mürtəzaqulu xan tutduğu vəzifədən azad edilib, Astrabada göndərilmiş və Məşhədə Ustaclı Salman xan hakim təyin edimişdi. Bu zaman Səbzəvara Təkəli Əhməd sultan göndərilmişdi. Məhəmməd Xudabəndə Xorasanı tərk etdikdən bir qədər sonra Mürşüdqulu xandan ehtiyat edən Salman xan da Məşhədi tərk edib Qəzvinə qayıdır. Mürşüdqulu xan Salman xanın tərəfdarlarının öldürdüyü
(1581) əmisi Şahverdi Yeqan Ustaclının intiqamını almaq istəyi ilə Camı tutub, Xorasan hüdudlarında ulkaları olan Qara-Bayat və bir çox Cığatay oymaqlarını da özünə tabe edir. O, Ustaclı Əliqulu xanla savaşda Abbas Mirzəni də ələ keçirib Məşhəddə mövqeyini daha da möhkəmləndirir. 1587-ci ildə özbək Abdulla xanın Heratı mühasirəyə aldığını eşitsə də, Abbas Mirzəni hakimiyyətə gətirmək onun üçün daha önəmli olduğuna görə Qəzvinə yola düşür. Bu zaman Astrabad hakimi Murtuzaqulu xan Pornak Türkman, qardaşı Bistam ağa, Məhəmməd xan Türkmanın oğlu Bektaş bəy Məşhədə gəlib Mürşüdqulu xana onunla eyni mövqedə olduqlarını bildirdilər. Fars, Yəzd və Kirmanda da bir çox əmirlər Məşhədə gəlib Mürşüdqulu xanla birləşdilər, ancaq Mürşüdqulu xan Türkmanlarla Ustaclılar arasındakı münasibətləri bildiyinə görə Murtuzaqulu xan Pornak Türkmandan ehtiyat edirdi. Ancaq Murtuzaqulu xanın vəfatı (1587) bu narahatlığa son qoydu.
Mürşüdqulu xan nəhayət, 1587-ci ildə siyasi vəziyyətə hakimlik edərək Abbas Mirzəni taxta oturtdu.
I Şah Abbasın hakimiyyətinin (1587-1629) ilk illərində Xorasan uğrunda özbəklərlə müharibə zamanı Ustaclı elinin Qarasarlı obasından Əmət xan Köşək oğlunun Məşhəd hakimi olduğu göstərilir. O, 1589-cu ildə Məşhədə hakim təyin edilmişdi. Bu zaman I Şah Abbasın buyruğu ilə Mürşüdqulu xan və qardaşı İbrahim xanın alayları da Məşhədə köçürülmüş və onların hər ikisi öz qoşunları ilə Məşhəd hakiminin qulluğuna verilmişdi. İskəndər bəy Münşi 1589-cu ildə məşhur Ustaclı əmiri Mürşüdqulu xanın öldürüldüyünü və Məşhəd hakim olan qardaşı İbrahim xanın isə vəzifədən azad edilib cəzalandırıldığını yazır. Elə həmin il Səbzəvar da Qubad xan Qacarın oğlu İmamqulu xandan alınıb Ustaclı Məhəmməd xan Çavuşluya verilmişdi.
1588-ci ildə Nişapur hakimi Ustaclı Məhəmməd xan Sofi oğlu tutduğu vəzifədən azad edilir. I Şah Abbas Nişapura Ustaclı əmirlərindən Köşək oğlu Şahnəzər sultanı hakim təyin edir. Ustaclı qazilərindən bir çoxu da Nişapura gəlib yerləşdilər. Ancaq bu bölgə yenə özbəklər tərəfindən tutulur. I Şah Abbas 1593-cü ildə Nişapuru özbəklərdən geri alıb, ora mahalın əski hakimlərindən Dərviş Məhəmməd xan Rumlunu hakim təyin edib, şəhərdə tüfəngçilər də yerləşdirir. 1594-cü ildə özbəklərin Nişapura növbəti hücumu zamanı Dərviş Məhəmməd xan Rumlu onlarla savaşmış, ancaq döyüşü davam etdirməyin mənasız olduğunu gördükdə, onlarla razılaşaraq qoşunu ilə şəhəri tərk etməyə məcbur olmuşdu.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor