Qusarda yol tikintisinə 1,5 milyon manat ayrılıb Hadisə

Qusarda yol tikintisinə 1,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.