Professor Türk Dövlətlərinə çağırış Hadisə

Professor Türk Dövlətlərinə çağırış

Qərbi Azərbaycan İcması Ankara təmsilçisi və Ankara Yıldırım Bəyazit Universitetinin professoru Dr. Seyit Aydın Bengü Türk-ün müxbiri Aslı Akışa açıqlama verib. Professor 3 may 1944-cü ilin türk millətçiliyi üçün böyük dönüş nöqtəsi olduğunu vurğulayıb. O, "Bu tarix bir millətə unudulmağa çalışılan kimliyin yenidən anladıldığı gündür" deyib.

Aydın 3 Mayın Bilgə Kağanın “Ey Türk, titrə və özünə dön” əmrinin həyata keçirildiyi və Atatürkün “Ey Türk Gəncliyi” xitabına qarşılıq verilən böyük bir oyanış olduğunu bildirib. O, bu mübarək günün türk gəncliyinin öz millətindən uzaqlaşan siyasətləri rədd etdiyi və millətçi bir dönüş nöqtəsi ortaya qoyduğu bir milad olduğunu ifadə edib.

Aydın bildirib ki, 1944-cü il mayın 3-də mərhum rəis Alparslan Türkeş də daxil olmaqla 23 idealist türk millətçisi türk millətinin maddi və mənəvi varlığını qorumaq üçün mübarizəyə başlayıb. O, bu hərəkatın həm də millətçiliyə yönəldilən zülm və qəddarlığın da başlanğıcı olduğuna diqqət çəkib.

Aydın sözünə belə davam etdi:
"Həmin gün baş verənlər türk millətçilərinin ölkələri uğrunda mübarizəsini və bu müqəddəs idealın zamanla necə meydana gəldiyini göstərir. 3 May türk varlığına ərmağan edilmiş mübarək bir gündür və bütün Türk Dünyasında "Dünya Türk Günü" olaraq Milli Bayram elan edilməlidir".

Aydın əsir türklərin istiqlaliyyətini qazandığı bir dövrdə yaşadığımızı, türk birliyinin qurulmasının, Turan idealının reallaşmasının artıq bir xəyal deyil, hədəf olduğunu bildirib. “Unutmayaq: Hər həqiqət bir xəyal ilə başlar” deyən Aydın 1944-cü il mayın 3-də alovlanan məşəlin bütün dünyanı işıqlandıracağını vurğulayıb.

Professor çıxışında o vaxtkı baş nazir Şükrü Saracoğlunun 1942-ci ildə TBMM-dəki “Biz Türkük, Türkçüyük və daim Türkçü olaraq qalacağıq” sözlərini də dilə gətirərək bu davaya xidmət edən Hüseyn Nihal Atsız, Zeki Velidi Toğan, Nejdet Sançar və bir çox başqa türk millətçilərini minnətdarlıqla xatırlayıb.

3 May Nümayişi və Məhkəmə Prosesi

Prof. Dr. Aydın həmçinin 3 May nümayişlərinin arxa planını da açıqlayıb. O, 1944-cü ildə Hüseyn Nihal Atsızın Səbahəddin Əliyə qarşı qaldırdığı iddianın dinlənilməsi ilə bağlı Ankarada millətçi gənclərin bir araya gələrək yürüş etdiyini, lakin sərt müdaxilələrlə qarşılaşdıqlarını xatırladıb.

Ümumilikdə 165 gəncin nəzarətə alındığı prosesdə aralarında baş leytenant Alparslan Türkeşin də olduğu 23 nəfər İstanbul 1 nömrəli Örfi İnzibati Məhkəməsində 65 iclas davam edən davada mühakimə olunub. Birinci mərhələdə müxtəlif cəzalara məhkum edilən millətçilər Hərbi Kassasiya Məhkəməsinin qərarı ləğv etməsilə 1 il 5,5 ay sonra sərbəst buraxılıb.

Prof.Dr.Seyit Aydın o dövrdə yaşanan ağrı və çətinliklərin bu gün türk millətinin oyanışına vəsilə olduğuna diqqət çəkərək Bəqərə surəsinin 216-cı ayəsindəki “Sizin xeyir bildiklərinizdə şər, şər bildiklərinizdə xeyir vardır” sözündəki hikməti xatırladıb və bu kontekstdə “Hər müsibətdə bir xeyir vardır” sözünü təkrarlayıb.

Aydından çağırış: “3 May Dünya Türk Günü kimi qəbul edilməlidir”

3 Mayın təkcə keçmişin deyil, həm də gələcəyin işığı olduğunu bildirən Aydın, bu tarixin Türk Dünyası tərəfindən milli bayram kimi qəbul edilməsinin vacibliyini vurğulayıb. “Bu dava türk millətinin varlığının açarıdır” deyən professor, türk millətinin qiyamını başladan bu tarixin heç vaxt unudulmaması lazım olduğunu söyləyib.