Bakıda mənzilə silahlı basqında polisə müqavimət göstərərək qaçan şəxsin məhkəməsi başlayıb Hadisə

Bakıda mənzilə silahlı basqında polisə müqavimət göstərərək qaçan şəxsin məhkəməsi başlayıb

Binəqədidə adam oğurluğu, quldurluq, silahlı basqın kimi bir çox cinayətlər törətməkdə təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 8-nə təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 9-da sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Binəqədi rayonunda yerləşən mənzilinə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.

Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək “102” Xidməti-Zəng Mərkəzinə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib.

Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilib, digər şəxs isə hadisə yerindən yayınıb.

Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Orxan Abdullayevə Cinayət Məcəlləsinin 29 (cəhd etmə), 144.2.3-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildildikdə); 29, 144.2.4-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 29, 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 29, 144.2.6- ci (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə),

181.4-cü ( Quldurluq, xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 228.2.1-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib.