

“Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabat təhqiqat başa çatdıqdan sonra dərc olunacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə RİA Novosti-yə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
İstintaq Çikaqo Konvensiyasının 13-cü Əlavəsinə uyğun şəkildə aparılır
"Bu günə qədər komissiya Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq təhqiqatları davam etdirir. Təhqiqat başa çatdıqdan sonra yekun hesabat dərc olunacaq", - deyə nazirlildən verilən açıqlamada qeyd olunub.
İlkin hesabat 2024-cü il fevralın 4-də dərc olunub
Qazaxıstan Nəqliyyat Nazirliyi əlavə edib ki, təhqiqatın səhra mərhələsi başa çatıb və fevralın 4-də təyyarə qəzası ilə bağlı ilkin hesabat dərc olunub.
Qəzanın təfərrüatları: Qroznıya uçan təyyarə Aktau yaxınlığında qəzaya uğradı
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur.
Qəza zamanı 29 nəfər sağ qalıb, fədakar ekipaj üzvləri təltif olunub
Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.