

2025-ci ilin yanvar-mart aylarında 267 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,6 faiz azalaraq 372 nəfər olub. Onlardan 149-u həlak olub, 223-ü isə yaralanıb.
Hadisələrin 45,3 faizi gündüz, 36,3 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz azalaraq 102 nəfər, yaralananların sayı isə 19,8 faiz azalaraq 215 nəfər olub.
"Bütün yol-nəqliyyat hadisələrinin 46,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,5 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 69,5 faizini kişilər təşkil edib",- məlumatda qeyd olunub.