

16 May 18:03
16 May 18:01
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşqə FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər Polis İdarəsinin, Tibb Mərkəzinin və onun tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasının əməkdaşları cəlb edilib.
Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Təcili Tibbi Yardım Xəstəxanasının ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Məşqdə ümumilikdə 3 texnika və 250 nəfərdən ibarət şəxsi heyət iştirak edib.