Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra ölümü ilə bağlı həbs olunan həkimin məhkəməsi başlayıb Hadisə

Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra ölümü ilə bağlı həbs olunan həkimin məhkəməsi başlayıb

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevincinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sənan Mehdiyevin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı, zərərçəkən şəxsin hüquqi varisi - həyat yoldaşı Fərid Mansurlu və onun vəkili cinayət işinin məhkəmə baxışına verilməsini xahiş edib.
Sənan Mehdiyevin vəkili Aydın Abdullayev vəsatət verərək məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş edib. Vəkil bildirib ki, müəyyən məsələlərlə bağlı sorğular müvafiq qurumlara ünvanlanıb və həmin sorğular cinayət işi üçün əhəmiyyət kəsb edir.

Zərərçəkənin hüquqi varisi buna etiraz edib.

Məhkəmənin qərarı ilə hazırlıq iclası iyunun 13-dək təxirə salınıb.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.